Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:02

Çovdarov işi: Bir generalın cəzası ağırlaşdırılsın, daha biri də cəzalandırılsın...


Akif Çovdarov
Akif Çovdarov

MTN işi üzrə zərərçəkmişlər - 8-ci kilometr bazarının sahibi olmuş Səfərov qardaşları əmlaklarının geri qaytarılmasını tələb edirlər. Onlar mayın 22-də məhkəmədə bu tələblə çıxış ediblər.

Bakı Apellyasiya Məhkəməsində MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general Akif Çovdarov, onun işçilərindən polkovnik Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanovun şikayətinə baxılır.

Sabiq MTN-çilərlə yanaşı, zərərçəkmişlər də onlar haqqında çıxarılmış hökmdən narazı qalıblar. Onlar əmlaklarını geri tələb etməklə yanaşı, həm də Çovdarovun 12 illik cəzasının ağırlaşdırılmasını, sabiq nazir müavini, general Hilal Əsədovun da cəzalandırılmasını tələb edirlər.

Məhkəmədə Səfərov qardaşları bildiriblər ki, bazarı onlardan Akif Çovdarov və Hilal Əsədov zorla alıblar.

Məhkəməyə həkim müşayiətilə gətirilən Akif Çovdarov deyib ki, hazırda səhhəti çıxışa imkan vermir, növbəti dəfə danışıb sözünü deyəcək.

Çovdarovun vəkilləri də saxtakarlıqdan şikayətlənir

Digər təqsirləndirilən şəxslər çıxış ediblər. Bildiriblər ki, özlərini təqsirli saymırlar. Məhkəmədən də apellyasiya şikayətinin təmin olunmasını, bəraət hökmü çıxarılmasını xahiş ediblər.

Akif Çovdarovun vəkilləri 7 vəsatət qaldırıblar. Onlar xətşünaslıq, məhkəmə-mühasibatlıq, Çovdarovun səhhəti ilə bağlı tibbi ekspertizanın keçirilməsini istəyiblər. Vəsatətlərdən biri dəÇovdarovun həyat yoldaşı və övladlarının adına olan, lakin Bakı Hərbi Məhkəməsinin hökmü ilə müsadirə olunmuş əmlakların onlara geri qaytarılması haqda olub.

Çovdarovun vəkilləri iddia edib ki, iş materiallarındakı bir sıra sənədlər saxtalaşdırılıb.

Faiq Qasımovun sədrlik etdiyi hakimlər kollegiyası vəsatətlərin müzakirəsini iyunun 3-də keçiriləcək növbəti iclasa saxlayıb.

Xatırlatma

Akif Çovdarov və işçiləri 2015-ci ilin oktyabrında MTN ətrafındakı məlum hadisələrdən sonra həbs olunublar.

Ümumilikdə həbs edilən MTN-çilərin sayı 20-dən artıq olsa da, istintaqın sonunda onlar bir neçə qrupa bölünüb və işləri ayrı-ayrılıqda məhkəməyə göndərilib.

Məhkəmənin oktyabrın 30-da elan etdiyi hökmlə Akif Çovdarova 12 il, Səlim Məmmədova 11 il, A.Əliyevə 5 il, O.Osmanova isə 4 il həbs cəzası verilib. Həmçinin, onların hərbi rütbələrdən məhrum edilməsi üçün prezidentə və Dövlət Təhlükəsizliyi Xidmətinə təqdimat göndərilməsi haqda xüsusi qərar çıxarılıb.

2015-ci ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. Daha iki ay sonra həmin nazirlik ləğv edilib, onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

XS
SM
MD
LG