Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Dekabr, çərşənbə, Bakı vaxtı 09:54

Atası həbsdə olan cəbhəçinin səhhətinin yaxşılaşdığını deyir


E.Fərəcov

Ötən ildən həbsdə müalicə olunan AXCP fəalı Elnur Fərəcovun səhhətində irəliləyiş olduğu bildirilir.

Bu haqda cəbhəçi gəncin atası Hüseyn Fərəcov bildirib.

Atası bu gün, mayın 18-də oğlu ilə telefonla danışıb.

Atasının sözlərinə görə, E.Fərəcovun səhhəti ilə bağlı mediada, sosial şəbəkələrdə məlumatlar yayıldıqdan sonra həbsxanada ona diqqət artıb.

«Deyir ki, səhhətində yaxşılaşma var. Həkimlər bildirib ki, ciyərlərindəki suyun səviyyəsi aşağı düşüb. Özünü əvvəlkindən gümrah hiss etdiyini bildirdi», - cəbhəçi gəncin atası bildirib.

Onun deməsinə görə, oğlu ilə daha ətraflı söhbətləşə bilməyib. Amma oğlu durumunun mediada geniş işıqlandırılmasının onunla rəftara müsbət mənada təsir göstərdiyini ifadə edib

Ailə üzvləri sabah, mayın 19-da E.Fərəcovla müalicə müəssisəsində görüşməlidir.

E.Fərəcov 2017-ci ildə narkotik ittihamı ilə 3 il azadlıqdan məhrum edilib. Onun səhhəti həbsxanada elə ötən il pisləşib və o, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Binə qəsəbəsində vərəm xəstələrindən ötrü yaradılan 3 saylı ixtisaslaşmış cəzaçəkmə müəssisəsinə (tubzon) köçürülüb.

4 ay «tubzon»da saxlanılan E.Fərəcovun müalicəsinin nəticə vermədiyi, buna görə də Penitensiar Xidmətin müalicə mərkəzinə köçürüldüyü deyilirdi.

H.Fərəcovun oğlu ilə bağlı dediklərini Penitensiar Xidmətdən dəqiqləşdirmək mümkün olmayıb.

Xatırlatma

E.Fərəcov Cinayət Məcəlləsinin 234.2-ci (narkotik vasitələrin, psixotrop maddələrin satış məqsədilə qanunsuz əldə edilməsi, saxlanması, hazırlanması və göndərilməsi) maddəsi ilə təqsirli bilinib.

Cinayət işi 2016-cı ilin dekabrında açılıb. Müdafiə tərəfinin bildirməsinə görə, E.Fərəcov təxribatla üzləşib.

«Bir nəfər Fərəcovla tanış olaraq, rayonda biznes qurmaq istədiyini deyib. O, Fərəcova onu işlə təmin etməyə söz verib. E.Fərəcov onunla razılaşıb və birlikdə çayxanaya gediblər. Bu zaman polis çayxananı mühasirəyə alıb və onun tanışının cibindən narkotik götürüblər. O isə narkotik vasitəni Fərəcovdan aldığını deyib. Bu şəxsi «istintaqa yardım» adı ilə məsuliyyətdən azad ediblər», - deyə E.Fərəcovun vəkili N. Kərimli bir müddət öncə AzadlıqRadiosuna bildirmişdi.

Neftçala Rayon Məhkəməsi E.Fərəcovu 2017-ci ildə narkotik ittihamı ilə 3 il azadlıqdan məhrum edib.

Müdafiə tərəfinin bu açıqlamasına Neftçala Rayon Məhkəməsi və Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Hazırda AXCP-nin 10-dan çox üzvü həbsdədir. Onlardan bəzilərinin ağır xəstə olduğu deyilir. Partiya onların hamısına böhtan atıldığını, siyasi sifarişlə tutulduqlarını bəyan edib. Ancaq hakimiyyət rəsmiləri ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər məhz törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG