Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:08

'Onlarla aptek məmur və deputatlara məxsusdur'-Media icmalı


Valyuta mübadiləsi
Valyuta mübadiləsi

Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verilməsi, Banklararası Valyuta Birjasının fəaliyyətinin bərpası ilə bağlı təkliflər, dərman bazarının inhisarı və başqa məsələlər medianın aparıcı mövzularındandır...

«Bakı Banklararası Valyuta Birjası bərpa edilsin!»

«Exo» qəzetində «Bakı Banklararası Valyuta Birjasını (BBVB) bərpa etmək lazımdır» sərlövhəli yazı oxumaq olar.

Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov Azərbaycanın 2011-ci ildən qoşulduğu «Bloomberg» beynəlxalq informasiya-ticarət sisteminin özünü tam doğrultmadığını hesab edərək, BBVB-nin bərpasını vacib sayır.

«Yeddi il bundan öncə Mərkəzi Bankın «ötürməsi» ilə Azərbaycan bu platformaya qoşuldu. Bir neçə ildən sonra isə BBVB-dan imtina etdilər. Bu sistem necə işləyir, bilmirəm, amma Azərbaycan bu sistemə qoşulmaqla suverenliyinin bir hissəsindən keçib. Hazırda banklarla tənzimləyici arasında bütün əməliyyatlar bu sistemlə aparılır», - Ə.Həsənov belə deyir.

Ə.Həsənov hesab edir ki, sakit vaxtlarda bu sistemdə hər hansı risk yoxdur, amma böhranda hamı bu sistemdən asılı hala düşə bilər.

Ekspert vurğulayıb ki, bu sistemdən başqa, sivil dünyada valyuta birjaları da fəaliyyət göstərir və ölkənin iqtisadi təhlükəsizliyi naminə valyuta əməliyyatları Azərbaycan daxılində keçirilməlidir.

Ə.Həsənovun fikrincə, bundan ötrü BBVB bərpa olunmalıdır.

Ekspert deyib ki, əgər hökumət müəyyən səbəblər üzündən BBVB bərpa edə bilmirsə, o zaman öz sistemini yaratmalıdır ki, maliyyə bazarında baş verən proseslərə nəzarət edə bilsin.

Aptek
Aptek

«Xəstəliklər üzərində biznes»

«Novoye Vremya» qəzetində «Xəstəliklər üzərində biznes qəbul olunan deyil» sərlövhəli yazı yer alır.

Yazıda bildirilir ki, Dövlət Gömrük Komitəsində dərman fırıldaqları ilə bağlı qanunsuz fəaliyyətlərin üzə çıxması ölkə ictimaiyyətinin ciddi narazılığına səbəb olub.

Müəllifin qeyd etməsinə görə, bu məsələ ilə bağlı Nazirlər Kabinetində xüsusi iclas keçirilib, baş nazirin müavini Əli Əhmədov ölkədə saxta dərman satışı ilə mübarizənin davam edəcəyini bildirib: «Saxta dərman problemi və onunla mübarizə bütün dünyada geniş yayılıb. Eyni zamanda, Azərbaycanda da saxta dərmanların qarşısının alınması üçün ciddi addımlar atılır».

Müəllif hesab edir ki, müzakirələrdə toxunulan məsələlərin həlli son dərəcə vacibdir: «Artıq neçə il idi ki, apteklərdə aşağı keyfiyyətli preparatlardan şikayət edilirdi. Amma indiyə kimi heç kim tədbir görmürdü. Keyfiyyətsiz, qeydə alınmayan dərman problemi ilə yanaşı, ölkənin dərman bazarında bahalıq problemi də yaşanır».

Yazıda vurğulanır ki, məmurlar mühüm dərmanların bahalaşmayacağını desələr də, hər şey tam dəqiqliklə əksinə baş verib.

Müəllifin bildirməsinə görə, bütün dərman növlərinin qiymətləri dayanmadan artır, yeni apteklər isə yağışdan sonra göbələk kimi çoxalır.

Yazıda baş verənlər «xəstəliklər üzərində biznes» kimi dəyərləndirilir və belə durumun yaranmasına əsas səbəb kimi dərman bazarının inhisar altında olması göstərilir. Müəllifin fikrincə, nə qədər ki, bu inhisarçılıq aradan qaldırılmayıb, onlarla iclaslar keçirilsə də, onun faydası olmayacaq.

Yazıda vurğulanır ki, onlarla aptek yüksəkrütbəli məmurlara və deputatlarına məxsusdur.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı

«Bir liman şəhəri, bir də...»

«Azərbaycan» qəzetində «Bakı indi də dünyanın aparıcı liman şəhərləri sırasındadır» sərlövhəli yazı dərc edilib.

Yazıda bu günlər açılışı olan Ələt qəsəbəsindəki yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanından bəhs edilir.

Müəllif yazıb ki, dəniz sahillərində yerləşən şəhərlər dünyanın ən gözəl şəhərləridir. Bu baxımdan Bakı da bəxti gətirən şəhərlərdəndir: «Neft fəvvarə vurduqdan sonra Bakı həm də liman şəhəri kimi inkişaf etməyə başladı. Güclənən ticarət əlaqələri sahilə yan alan gəmilərin sayını artırdı».

Müəllifə görə, bu baxımdan bir neçə gün əvvəl Bakıda keçirilmiş Dünya Limanlar Konfransı da (IAPH Baku 2018) şəhərin iqtisadi imkanlarını təsdiq edən, ona yeni iqtisadi məzmun verən mühüm hadisə sayılmalıdır.

Yazıda xatırladılıb ki, Beynəlxalq Limanlar Assosiasiyasının prezidenti Santiaqo Qarsiya Mila da konfransın Bakıda keçirilməsinin təsadüf yox, qanunauyğunluq adlandırıb.

«Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Bakının Xəzər hövzəsində çox müasir və böyük nəqliyyat-logistika mərkəzinin yaradılmasına, Xəzəryanı ölkələr arasındakı əməkdaşlığın genişlənməsinə, «Şimal-Cənub», «Şərq-Qərb»nəqliyyat dəhlizlərinin tam gücü ilə işləməsinə əlverişli şərait yaradır», - deyə o vurğulayıb.

Yazıda bildirilir ki, ötən əsrin 30-cu illərində tikilən Bakı Dəniz Ticarət Limanı günün tələblərinə cavab vermirdi. Ona görə də dövlət başçısının 2007-ci ildə imzaladığı müvafiq sərəncamla yeni limanın baş planı və layihəsi hazırlanıb. Limanın tikintisinə isə 2010-cu ildə başlanıb.

Müəllif hesab edir ki, bu liman Azərbaycanın nəqliyyat, logistika mərkəzinə çevrilməsində böyük imkanlar açır.

XS
SM
MD
LG