Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyul, şənbə, Bakı vaxtı 21:15

Baş Prokurorluğun şöbə rəisi ilə bağlı cinayət işi: tamah, yoxsa borc?


Dollar

Baş Prokurorluğun maddi-texniki təminat şöbəsinin rəisi Niyaz Məmişovun adı keçən bir cinayət işi var. O işdə adam öldürməyə hazırlıq, hədə-qorxu ilə pul tələb etmə, kompüter məlumatlarının saxtalaşdırılması kimi əməllərdən söhbət gedir. N.Məmişov bu işdə zərərçəkmiş qismində tanınıb. İddia olunur ki, indi məhkəmə qarşısına çıxarılan şəxslər onu övladının, nəvəsinin öldürüləcəyi ilə hədələyib, pul tələb ediblər.

N.Məmişovun ailə üzvlərini hədələməkdə təqsirləndirilən şəxslərin sayı 3 nəfərdir – Zaur Hüseynov, Emil Yüzbəyov Əlisultan Yüzbəyov. Təqsirləndirilən şəxslərdən Yüzbəyovlar əmioğludur və onların heç biri özlərini təqsirli bilmirlər. Deyirlər ki, nə N.Məmişovu tanıyırlar, nə də onun ailə üzvlərini. Heç kimi də hədələməyiblər, pul tələb etməyiblər.

Əvvəlcə 200 min, daha sonra 1 milyon dollar...

İttihamda yazılıb ki, Z.Hüseynovun xeyli kredit borcu olub, onları qaytara bilməyib. Ona görə də dəstə yaradıb, Xudat şəhərində bir neçə obyektin sahibi olan sahibkar Tərlan Məmişov və yaxınlarını ölümlə hədələyib, onlardan pul almaq istəyib. İzi itirmək üçün IMEI kodunu dəyişdirmək mümkün olan «Olimpia» markalı mobil telefon tapıb. Sonra da Dağıstana gedib, oradan Rusiya nömrəsi ilə T.Məmişovun qardaşı N.Məmişovun telefonuna zəng edib, «Whatsapp» vasitəsilə hədə xarakterli mesajlar yazıb, əvvəlcə 200 min, daha sonra 1 milyon dollar tələb edib.

Z.Hüseynov isə deyir ki, nə tamah, nə də kimisə oğurlamaq, öldürmək niyyəti olub, T.Məmişovun da məsələyə heç bir aidiyyəti yoxdur. Onun sözlərinə görə, N.Məmişovun ona xeyli borcu olub. Borc da onun üçün tikdiyi evdən yaranıb.

Z.Hüseynov tikintidə iş icraçısı olub. Dediyinə görə, onu Baş Prokurorluğun şöbə rəisi ilə qardaşı T.Məmişov tanış edib. Bundan sonra N.Məmişov üçün bir xeyli işlər görüb. Sonuncu dəfə isə N.Məmişovun ona təxminən 40 min dollar borcu qalıb, çox gedib-gəlsə də, o pulu ala bilməyib: «Əslində, o pul mənim də deyildi, onun evi üçün tikinti materialları alıb işlətmişdim, onların pulu verilməliydi».

Təqsirləndirilən şəxs onu da bildirib ki, N.Məmişovla bir neçə dəfə prokurorluğun binasında görüşüb.

«Mənim heç bir günahım yoxdur»

Yüzbəyovlar özlərini ümumiyyətlə, təqsirli bilmirlər. Deyirlər ki, onların nə Z.Hüseynovun Məmişov qardaşları ilə münasibətlərindən xəbəri olub, nə də onun niyyətindən. Günlərin birində Zaur E.Yüzbəyovdan Çin istehsalı olan mobil telefon istəyib, o da əmisi oğlugildə belə bir telefon olduğunu deyib. Həmin telefondan Ə.Yüzbəyovun həyat yoldaşı istifadə edirmiş.

Ə.Yüzbəyovun sözlərinə görə, əmisi oğlu gəlib ondan həmin köhnə telefonu istəyib, o da verib: «Mənim heç bir günahım yoxdur. Mən nəinki Niyaz Məmişovu, heç Zauru belə, tanımamışam...».

Bu iş üzrə araşdırmalar Bakı Ağır Cinayətlər Məhkəməsində davam edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG