Avropa Birliyi liderləri mayın 16-da Sofiyada bir araya gələcək, Avropa şirkətlərinin ABŞ-ın İrana bərpa etdiyi sanksiyalardan qorunması tədbirlərini müzakirə edəcəklər.
AB-nin xarici siyasət rəhbəri Federica Mogherini mayın 15-də deyib ki, təmsilçilər ilk öncə birliyin 1990-cı illərdən qalma sanksiyaların bloklanması tədbirlərindən istifadənin mümkünlüyünü götür-qoy edəcəklər. Məqsəd Avropanın İranda biznes maraqlarını qorumaqdır.
“Praktik həll tapmağa çalışırıq. Sazişi ayaqda tutmağın yollarından danışırıq”, – o, Brüsseldə mətbuat konfransında deyib.
Birləşmiş Ştatlar mayın 8-də İranla 2015-ci il nüvə sazişindən çıxdığını elan edib.
“Hüquqi, yaxud iqtisadi təminatlar barədə danışa bilmərəm. Ancaq Avropa tərəfdən ciddi, qətiyyətli, birbaşa işdən danışa bilərəm”, – Mogherini söyləyib.
Britaniyanın baş naziri Boris Johnson Birləşmiş Ştatların İrana sanksiyalarından yayınmaq barədə nikbin düşünmədiyini açıqlayıb. Belə ki, Tehranla biznesi davam etdirən Avropa şirkətlərinə cərimə kəsilə bilər.
ABŞ Xəzinədarlığı Avropa şirkətlərinə İrandakı işlərini yekunlaşdırmağa 90 gün vaxt verib. Ondan sonra sanksiyalar qüvvəyə minməlidir.
ABŞ rəsmiləri Avropa şirkətlərinə sanksiyalara əməl etməklə bağlı xəbərdarlıq edib.
AB-nin prezidenti Donald Tusk mayın 15-də qurum liderlərinə məktubunda yazıb ki, bu samit “özəlliklə prezident Trump-ın İran və ticarətlə bağlı açıqlamasından sonra dünyada son baş verənlərə təsirini göstərəcək”.
“Müzakirəmizin bir şeyə şübhə yeri qoymamasını istəyirəm – İran sazişin şərtlərinə əməl etdikcə, AB sənədə sayqıyla yanaşacaq”, – Tusk yazıb.