Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:44

'Məmur sahibkarlıqla məşğul oldusa'...-Media icmalı


Bürokratiya. Karikatura
Bürokratiya. Karikatura

Yeni formalaşan Nazirlər Kabinetinin fəaliyyəti, hakimiyyətin mövcud siyasəti, keçmiş prezident Əbülfəz Elçibəyin 80 illik yubileyinə hazırlıq və başqa məsələlər medianın aparıcı mövzularındandır...

«Xələflərinin «cığırı» ilə...»

«Novoye Vremya» qəzetində «İslahatlar, yoxsa əvvəlki kurs?» sualı gündəmə daşınır.

Müəllif yeni formalaşan Nazirlər Kabinetinin fəaliyyət imkanlarını dəyərləndirir.

Yazıda vurğulanır ki, yeni kabinetin fəaliyyətində hələlik hər hansı fəallıq müşahidə olunmur: «Baxmayaraq ki, yeni Nazirlər Kabineti artıq formalaşıb və fəaliyyətə başlayıb. Amma hələlik onun işində aktivlik müşahidə edilmir. Bəlkə, yeni tərkib xələflərinin «cığırı» ilə gedəcək. Yəni, fəaliyyəti barədə ildə ancaq bir dəfə Milli Məclisə hesabat verməklə kifayətlənəcək?».

Müəllif vurğulayır ki, ekspertlər hadisələrin belə inkişafını heç də istisna etmirlər.

Yazıda keçmiş deputat, iqtisadi ekspert Nazim Bəydəmirliyə istinadən bildirir ki, tərkibinə görə yeni Nazirlər Kabinetini «islahatçı» adlandırmaq mümkün deyil. Onun fikrincə, bu özündən əvvəlki kabinetin davamıdır.

«İslahatlari həyata keçirə bilmək üçün Nazirlər Kabineti tam müstəqil, Prezident Administrasiyasından asılı olmamalıdır. Amma indi faktiki olaraq paralel hökumət strukturları fəaliyyət göstərir. Nazirlər qəbul edəcəkləri qərarları kabinet rəhbərliyi ilə yox, Prezident Administrasiyasının şöbə müdirləri və prezidentin köməkçiləri ilə razılaşdırırlar», - deyə ekspert qeyd edib.

Ekspert hesab edir ki, Nazirlər Kabinetinin ilk işi ölkədə məmur sahibkarlığını və inhisarı aradan qaldırmaq olmalıdır. Onun fikrincə, ölkə təbii resurslar baxımından nə qədər varlı olsa da, sahibkarlıq inkişaf etməyənə və iqtisadiyyat rəqabətqabiliyyətli olmayana qədər dayanıqlı tərəqqini təmin etmək mümkün deyil: «Bir çox nazirliklərin rəhbərləri səlahiyyətləri əllərində cəmləyərək faktiki özəl bizneslə məşğul olurlar. Məmur sahibkarlıqla məşğul oldusa, dövlət işləri ilə maraqlanmayacaq».

Ə.Elçibəy
Ə.Elçibəy

«Elçibəyin bütün əsərləri bir kitabda»

«Yeni Müsavat» qəzetində «Elçibəyin 80 illiyinə min səhifəlik kitab hazırlanır» sərlövhəli yazı oxumaq olar.

Qəzet «Əbülfəz Elçibəy-80» İctimai Təşkilat Komitəsinin üzvü, jurnalist Əvəz Zeynallı ilə müsahibə təqdim edib.

Ə.Zeynallı qəzetə deyib ki, Elçibəyin 80 illiyinə min səhifədən ibarət kitab hazırlanır: «Bu kitabda onun əsərlərinin hamısı yer alacaq. Hakimiyyətə də müraciət edib yubileyin keçirilməsi üçün yer istəmişik. Tədbiri Heydər Əliyev Sarayında keçirməyi düşünürük. İndi görək, hökumətin özünün bir təklifi olacaqmı? Yəqin ki, artıq bir-iki gün ərzində bu məsələ ilə bağlı da dəqiq məlumat əldə edəcəyik. Hakimiyyət yer verir, yoxsa yox?».

Ə.Zeynallı deyib ki, Ə.Elçibəyin 80 illik yubileyi ilə bağlı bir sıra başqa tədbirlər də düşünürlər: «Bundan əlavə, yazı müsabiqəsi gözlənir. Həmçinin, müəyyən tədbirlər də həyata keçirəcəyik. Döş nişanlarının, köynəklərin sifarişi ilə məşğuluq. Yəni bu istiqamət üzrə hazırlıqlarımız davam edir. Yaxın günlərdə bütün məsələlərlə bağlı ictimaiyyətə məlumat verəcəyik».

Ə.Zeynallı deyib ki, bütün işlər Ə.Elçibəyin ailəsinin iştirakı ilə həyata keçirilir.

H.Əliyev
H.Əliyev

«Güclü dövlətçilik»

«Azərbaycan» qəzetində «Güclü dövlətçiliyi təmin edən siyasət» sərlövhəli yazı dərc edilib.

Bu yazıda isə Azərbaycanın müstəqilliyində xidmətləri olmuş şəxs kimi keçmiş prezident Heydər Əliyevdən bəhs edilir.

Müəllif yazıb ki, hazırda yürüdülən rəsmi siyasət Azərbaycan dövlətinin müstəqilliyini təmin edir və bu siyasətin banisi keçmiş prezident H.Əliyevdir: «Tarix sübut edir ki, qurulmaqda olan hər bir dövlət ilk növbədə güclü ideoloji təməllərə, sosial-iqtisadi bazaya və legitim hüquqi münasibətlər sisteminə dərin ehtiyac duyur. Amma hər dövlət və ya xalq bu prosesdən uğurla çıxa bilmir. Yalnız müdrik şəxsiyyətlərin rəhbərlik etdikləri dövlətlər bu mürəkkəb və çoxşaxəli fəaliyyəti yaradaraq koordinasiyalı şəkildə cəmiyyətin bütün təbəqələri üçün dərk edilmiş zərurət halına gətirə bilir. Ümummilli lider Heydər Əliyev də məhz belə unikal keyfiyyətlərə malik dahi şəxsiyyət kimi nəinki Azərbaycanı müstəqil dövlətə çevirdi, həm də onun dönməzliyini təmin etdi».

Yazının sonunda da vurğulanır ki, H.Əliyevin apardığı siyasəti indi də uğurla İlham Əliyev davam etdirir: «Ötən 15 ildə ulu öndər Heydər Əliyevin başlatdığı və bu gün prezident İlham Əliyevin həyata keçirdiyi kurs güclü Azərbaycan dövlətinin qurulmasını, onun yerləşdiyi bölgənin liderinə, dünyada isə söz sahibinə çevrilməsini təmin edib. Bu siyasətin uğurlu nəticəsidir ki, Azərbaycan dünya birliyinin fəal və qəbul edilən üzvü kimi beynəlxalq mövqelərini ildən-ilə gücləndirir...».

XS
SM
MD
LG