Rusiya prezidenti Vladimir Putin ilhaq olunmuş Krım yarımadasına yeni tikilmiş körpünü açıb, yolda yük maşını sürüb.
Mayın 15-də dövlət televiziyası Putin-in maşın karvanının əhatəsində Kamaz sürməsini canlı göstərib.
19 kilometrlik körpü Rusiyanı Ukraynadan ilhaq olunmuş yarımadaya birləşdirir.
Maşın karvanı Krım tərəfə çatınca televiziyanın reportyoru “qəhrəmanlarımızı” qarşılayıb. Cins şalvar və gödəkcə geyinmiş Putin kabinədən düşüb, körpünü tikənlərə yaratdıqları “möcüzə”yə görə təşəkkür edib.
Kerç boğazında inşa olunmuş körpü bu ilin dekabrında açılacaqdı, ancaq Rusiya hakimiyyəti onun artıq mayın 16-dan avtomobil və avtobusların üzünə açılacağını bildirib.
DƏMİRYOL XƏTTİ GƏLƏN İL AÇILACAQ
Rusiyanın Krasnodar diyarı ilə Krımın şərqini birləşdirən körpünün tikintisinə 2016-cı ildə başlanıb. 3,7 milyard dollar başa gəlmiş layihəyə dörd zolaqlı magistral daxildir. İkicərgəli dəmiryol xətti isə tikilməkdədir.
Putin körpünün yük maşınlarının üzünə payızda, dəmiryol xəttinin isə 2019-cu ildə açılacağına inandığını deyib. O, körpünün Krımı Rusiyanın nəqliyyat sisteminə inteqrasiya olunacağını, iqtisadi artım üçün imkanlar yaradacağını vurğulayıb.
Krım qurudan ancaq Ukraynaya bağlıdır və körpü onu Rusiyaya birləşdirən yeganə xətdir.
Rusiya Krımı 2014-cü ilin dekabrında ilhaq edib. Rusiyaya birləşmək məsələsinin çıxarıldığı referendum azı 100 ölkə qanunsuz adlandırıb.
Putin Krımı Ukraynanın moskvapərəst prezidenti Viktor Yanukovych küçə nümayişləri nəticəsində devriləndən və Rusiyaya qaçandan sonra ilhaq edib.
Moskvanın bu hərəkəti Kiyev və Qərblə münasibətlərini sarsıdıb, Birləşmiş Ştatlar, Avropa Birliyi və digər ölkələrin sanksiyaları ilə sonuclanıb.
Rusiya daha sonra Ukraynanın şərqində separatçıları dəstəkləməyə başlayıb. Bu münaqişədə 10 min 300-dən çox adam həlak olub.