Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:57

'Məmur qəbuluna düşmək sərhəd keçmək kimi müşküldür'- Media icmalı


Neft
Neft

«Cənub qaz dəhlizi» layihəsi, neftin qiyməti bahalaşsa da, manatın sabit qalması, hakimiyyət-vətəndaş münasibətləri və başqa məsələlər medianın aparıcı mövzularındandır...

Neft bahalaşır, manat sabit qalır

«Yeni Müsavat» qəzetində «Neft kəskin bahalaşacaq iddiasına reaksiyalar» sərlövhəli yazı oxumaq olar.

Yazıda neftin kəskin bahalaşacağı iddiaları ilə bağlı ekspert Natiq Cəfərli ilə birgə dəyərləndirmə aparılıb.

Müəllif bildirib ki, «Bank of America Merrill Lynch» və bir sıra qurumlar 2019-cu ildə neftin qiymətinin 100 dollar (hazırda 80 dollara yaxınlaşır-R) səviyyəsinə qalxacağı barədə proqnozlar veriblər.

Ekspert N.Cəfərli isə deyib ki, neftin qiyməti ətrafında bir-birinə zidd məlumatlar dolaşır: «Bu məlumatların hamısı da siyasi gərginliklərlə bağlıdır. Yəni, iqtisadi təməli olmayan qiymət artımından söhbət gedir. Çünki fundamental səbəblər neft üzərində tələb-təklif və bir də hasilatın həcmidir».

N.Cəfərli vurğulayıb ki, iqtisadi amillər əsas götürülsə, neftin qiyməti enməli idi, çünki hasilat kəskin artır. Onun fikrincə, belə bir vəziyyətdə neftin qiyməti 50 dollardan yuxarı olmamalı idi.

N.Cəfərli hesab edir ki, İran-İsrail, ABŞ-İran, Səudiyyə Ərəbistanı-Yəmən siyasi-hərbi gərginlikləri və geniş müharibə ehtimalı qiymətlərə təsir edə bilər.

Ekspert deyib ki, Amerikanın bəzi bankları neftin qiymətinin artacağını desələr də, bir sıra beynəlxalq reytinq təşkilatları da bunun əksini, yəni, neftin 50 dollara enəcəyini proqnozlaşdırırlar: «Neftin qiyməti ilə bağlı proseslər iqtisadi səbəblərdən doğmadığı üçün dayanıqlı deyil, ona görə də dünyada gərginlik aşağı düşən kimi kəskin qiymət enməsini görə bilərik».

N.Cəfərli hesab edir ki, neftin qiyməti artsa da, Azərbaycanda manatın məzənnəsi bahalaşmayıb.

Ekspert deyib ki, manatın dəyəri inzibati üsulla formalaşdığından məzənnə eyni olaraq qalır. Baxmayaraq ki, ölkəyə daxil olan neft pulları artıb.

Şəffaflıq. Karikatura
Şəffaflıq. Karikatura

«Məmurlarla xalq arasında sərhəd var»

Azadliq.info saytında «Bu hakimiyyət «tarixsiz hadisə» kimi «şöhrət»lənəcək» sərlövhəli yazı yer alır.

Müəllif Azərbaycanda hakimiyyət-vətəndaş münasibətlərini öz baxış bucağından dəyərləndirir.

Yazıda vurğulanır ki, ölkədə idarəçilik «qiyabi idarəçilik» təsiri bağışlayır və xalqdan ötrü Avstraliya ittifaqı qədər uzaqdır: «Sadə insanlar haqq etdiklərinə nail ola bilmirlər. Hakimiyyət nümayəndələrinin qəbuluna düşmək mümkünsüz! İqtidar xarici ölkələrə məxsus ərazilər təsiri bağışlayır, məmur qəbuluna düşmək sərhəd keçmək kimi müşküldür».

Müəllif hesab edir ki, indi ölkədə haqqı tapdalanan insanlar şikayətlərini çatdırmağa dövlət qurumu tapa bilmirlər.

Üstəlik, yazıda vurğulanır ki, təhsil sahəsində dəyərlərin itirilməsi kimi problem yaşanır.

Müəllifə görə, hakimiyyət mənəvi mühitdə baş verən böhranı etiraf etməlidir: «Min illərdən süzülüb gələn dəyərlərimiz «buxarlanır». Dəyər insan düşüncəsinin sərhədidir, sərhədsiz torpaq, sərhədsiz düşüncə anlayışı bizi «yem»ə çevirə bilər. Bir xalq, bir dövlət kimi itirdiklərimiz ölçüyə gəlməzdir. Çox təəssüf ki, torpaqlarımızı qoruya bilməyən idarəçilik dəyərlərimizi də qoruya bilmədi».

Yazıda vurğulanır ki, ölkədə hakimiyyətlə azadfikirli insan arasında sanki bir sərhəd xətti var.

TANAP-TAP xəritələri
TANAP-TAP xəritələri

«Uzunmüddətli inkişaf təminatçısı- «Cənub qaz dəhlizi»»

«Azərbaycan» qəzetində «Azərbaycanın uzunmüddətli inkişafına xidmət edən qaz kəməri» sərlövhəli yazı dərc edilib. Yazıda Azərbaycan qazını («Şahdəniz») Avropaya nəql edəcək «Cənub qaz dəhlizi» layihəsindən bəhs edilir

Yazıda bildirilir ki, «Cənub qaz dəhlizi»nin əsas seqmentləri yekunlaşmaq üzrədir.

Müəllif vurğulayır ki, «Şahdəniz» qazını Azərbaycan və Gürcüstan ərazisi ilə nəql edən Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsi layihəsi yekunlaşır.

Üstəlik, Gürcüstan-Türkiyə sərhədində CQBK-ya qovuşan TANAP (Transanadolu Qaz Boru Kəməri) yekunlaşmaq üzrədir.

Yazıda vurğulanır ki, bütün görülən bu işlərlə paralel TAP (Transadriatik Qaz Boru Kəməri) Yunanıstandan, Albaniyadan və Adriatik dənizinin altından keçməklə qazı İtaliya torpağına nəql edəcək.

Müəllif layihənin mahiyyətini prezident İlham Əliyevdən sitat gətirməklə çatdırmağa çalışır: ««Cənub qaz dəhlizi» artıq reallıqdır. Bu reallığı biz yaratmışıq və bu, ölkəmizin uzunmüddətli inkişafı üçün xüsusi əhəmiyyətə malik olan layihədir».

Yazıda bildirilir ki, layihədə Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya və Albaniya tərəfdaşlıq edirlər: «Daha 3 Balkan ölkəsi - Xorvatiya, Monteneqro, Bosniya və Herseqovina isə növbəti mərhələlərdə bu sıraya qoşulacaqlar. Başqa sözlə, layihənin coğrafiyası getdikcə genişlənir. Çünki bu, hər bir iştirakçıya fayda gətirən layihədir...».

XS
SM
MD
LG