Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:46

E.Məmmədyarov: 'Dünyada ən çox köçkün Azərbaycandadır'


E.Məmmədyarov

«...BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının hesabatına əsasən, məcburi köçkünlərin sayı 41 milyona çatdığı bir dönəmdə onların layiqli şəkildə geri qayıtması çox vacibdir. Biz çox sevinirik ki, məcburi köçkünlərin layiqli şəkildə öz evlərinə geri qayıtmasının vacibliyinə dair ortaq anlaşma və dəstək var».

Xarici işlər naziri Elmar Məmmədyarov mayın 14-də «Yaxın Şərqdə etnik və dini zorakılığın qurbanları» mövzusunda Brüsseldə keçirilən beynəlxalq konfransdakı çıxışında belə deyib.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) çıxışın mətnini yayıb.

Nazir bildirib ki, Azərbaycan məcburi köçkünlərin problemlərinə dair məlumatlılığı artırmaqdan ötrü bütün səyləri tam dəstəkləyir.

«Azərbaycan dünyada adambaşına düşən ən çox sayda məcburi köçkünə sahibdir. Mənim ölkəmdəki bu vəziyyət beynəlxalq hüququ aşkar şəkildə pozaraq Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf yeddi rayonunun işğal edilməsi nəticəsində yaranıb. Hal-hazırda Azərbaycanda məcburi köçkünlərin və qaçqınların sayı 1 milyonu ötür, bu da ümumi əhalinin 1/10-dən artıqdır», - nazir vurğulayıb.

Azərbaycan hökumətinin məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində böyük işlər gördüyünü iddia edən nazir bildirib ki, son 20 ildə hökumət qaçqınların və məcburi köçkünlərin sosial problemlərinə təxminən 6 milyard dollar xərcləyib.

«Eyni zamanda, qaçqın böhranının aradan qaldırılmasına töhfə vermək bəhanəsi ilə bəzi gizli maraqlar naminə Yaxın Şərqdən qaçqınların problemlərindən faydalanmaq kimi davamlı cəhdlər olduğunu vurğulamalıyam. Suriyada vəziyyət pisləşdikdən sonra Ermənistan Suriya ermənilərini işğal altında olan Azərbaycan ərazilərinə yerləşməyə təşviq edir. Müxtəlif hesabatlara əsasən, yüzlərlə Suriya ermənisi işğal olunmuş Azərbaycan bu ərazilərində yerləşdirilib», - deyən E.Məmmədyarov bunun beynəlxalq qanunların ciddi şəkildə pozulması olduğunu vurğulayıb.

Xatırlatma

Xarici işlər naziri E.Məmmədyarov mayın 13-də Belçikaya işgüzar səfər edib.

Nazir mayın 14-də Yaxın Şərqdə etnik və dini zorakılığın qurbanları mövzusunda keçirilən 3-cü beynəlxalq nazirlər konfransında iştirak edir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik yeddi rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

2011-ci ildən isə Suriyada vətəndaş müharibəsi getdiyi bildirilir. Çoxsaylı insanın bu ölkədən mühacirət etdiyi deyilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG