Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:51

'Azərbaycanda uzunömürlülər azdır'-Media icmalı


Taxıl
Taxıl

Aqrar sektorda sənayeləşmə, taxılçılıqda idxaldan asılılıq, ölkədəki demoqrafik vəziyyət və başqa məsələlər medianın aparıcı mövzularındandır...

«Taxılçılığa ayrılan milyonlar və idxaldan asılılıq»

Azadliq.info saytında «Yad ölkələrin çörəyinə möhtac qalmışıq» sərlövhəli yazı oxumaq olar.

Sayt kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmlinin taxılçılıq sahəsindəki durumla bağlı düşüncələrinə yer verib.

Yazıda bildirilir ki, Azərbaycanda taxılçılığın inkişafı adı ilə dövlət büdcəsindən hər il kifayət qədər böyük maliyyə vəsaitləri ayrılır.

Ekspert Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən vurğulayıb ki, ölkədə mövcud olan əkin sahələrinin 65-70 faizi taxılçılıqda istifadə edilir: ​«Amma buna baxmayaraq, son bir neçə ildə taxılçılığın inkişafı üçün dövlət dəstəyi nəzərdə tutulsa da, xüsusən buğda və çəltik istehsalında dövlət büdcəsindən hər hektara görə 90 manat subsidiya verilsə də, Azərbaycan ərzaq buğdasına olan ehtiyacını daxili istehsal hesabına ödəyə bilmir. Ölkənin cəmi 1.4 milyon ton ərzaq buğdasına ehtiyacı olduğu halda, bu tələbat tam olaraq idxal hesabına ödənilir».

V.Məhərrəmli bildirib ki, Kənd Təsərrüfatı Nazirliyi ölkədə 1 milyon 800 min tondan çox buğda istehsal olduğunu iddia edir. Bununla belə, hər il Azərbaycana 1.4-1.6 milyon ton buğda idxal olunur.

Ekspert deyib ki, ölkədə bu sahənin inkişafından ötrü xaricdən toxumdan tutmuş, texnikaya qədər bütün vəsaitlər gətirilsə də, taxılçılıq geriləyir. Onun bildirməsinə görə, bu sahənin inkişafına ayrılan vəsaitlərin mənimsənilməsinə aid faktlar aşkarlanıb.

Yazıda habelə bildirilir ki, bu sahədə çalışan fermerlərin bəziləri 24-33 faizlə kreditlər götürüblər. Gəlirlərin az olması banklardan götürülən kreditlərin qaytarılmasını sual altına qoyur: «Qonşu Gürcüstan və Ermənistanda kənd təsərrüfatı məhsulu istehsalçılarına təklif olunan kreditlər 14 faizdən yüksək deyil. Belə olan halda bizim fermerlər bu sahənin rentabelliyinin də aşağı olmasına görə zərərə məruz qalırlar».

134 yaşlı azərbaycanlı
Gözlə

No media source currently available

0:00 0:00:35 0:00

«Azərbaycanda yaşı 80-i keçənlər...»

«Novoye Vremya» qəzetində «Azərbaycanlılar pensiya yaşına necə çatırlar?» sualı gündəmə daşınır.

Müəllif ölkədə demoqrafik vəziyyətlə bağlı problemlərə diqqət çəkir. Yazıda bildirilir ki, ölkədə əməkqabiliyyətli insanlar arasında ölüm halları artır.

Müəllif iqtisadçı Rövşən Ağayevə istinadən qeyd edib ki, əməkqabiliyyətli əhali arasında ölüm hallarının artması daha çox kişilərə aiddir: «Ölkədə iqtisadi-sosial durumun ağır olmasını üzə çıxaran daha bir amil də var. Azərbaycanda əməkqabiliyyətli əhali arasında ölüm göstəriciləri inkişaf etmiş ölkələrlə müqayisədə iki dəfə çoxdur və son demoqrafik göstəricilər də ölkədə mürəkkəb iqtisadi durumdan xəbər verir».

Yazıda hesab edilir ki, insan nə qədər pis yaşayırsa, onun ömrü də qısalır.

Müəllif vurğulayıb ki, iqtisadçılar bəhs edilən sahə ilə bağlı 2016-cı illə 2017-ci il arasında paralellər də aparıb: «2016-cı ildə əməkqabiliyyətli 15-64 yaş qrupunda kişilər arasında ölüm halı yüksək olub. 2016-cı ildə qadınlar arasında ölüm halı hər 100 min nəfərə 195 nəfər düşüb. Kişilər arasında bu göstərici 379 nəfər olub».

Yazıda bildirilir ki, son 10 il ərzində selektiv abortlar nəticəsində yeni doğulan körpələr arasında oğlan uşaqlarının sayı qız sayını 5-6 faiz üstələyir.

Müəllif uzunömürlülüklə bağlı qonşu Gürcüstanla Azərbaycan arasında da paralel aparır. Yazıda vurğulanmasına görə, Gürcüstanda hər 1000 nəfərin 34-nün yaşı 80-dən yuxarıdır. Azərbaycanda isə bu göstəricinin cəmi 13 olduğu qeyd edilir.

Pambıq tarlası
Pambıq tarlası

«Aqrar sektorun sənayeləşməsi»

«Azərbaycan» qəzetində «Aqrar sektorun sənayeləşməsi dövrün tələbidir» sərlövhəli yazı dərc edilib.

Müəllif yazıb ki, son illər dövlət dəstəyi hesabına pambıqçılıq, tütünçülük, sitrus meyvəçiliyi, üzümçülük, çayçılıq və çəltikçilik inkişaf edir. Bu isə məhsul istehsalının və ixrac potensialının artmasına imkan yaradıb.

Müəllif aqrar sahənin inkişafının prioritet olması ilə bağlı dövlət başçısı İlham Əliyevdən də sitat gətirir: «Kənd təsərrüfatı ilə bağlı artım 4.2 faizdir, yaxşı göstəricidir, xüsusilə bitkiçilikdə. Bunun böyük hissəsi pambığın istehsalı ilə bağlıdır... Biz ənənəvi texniki məhsulların inkişafı ilə bağlı çox ciddi addımlar atmışıq...».

Müəllifin fikrincə, aqrar sektorda islahatlar «istehsaldan son məhsula qədər» sistemi üzrə icra edilir.

Yazıda vurğulanıb ki, Mingəçevir Sənaye Parkında, Şəki İpək Kombinatında pambıq və baramanın emal edilərək son məhsula çevrilməsindən ötrü konkret tədbirlər görülür. Müəllif hesab edir ki, bu da məhsullardan daha çox gəlir əldə etməyə imkan verir: «Təkcə pambıqçılığa verilən dövlət dəstəyi sayəsində ötən il 207 min ton pambıq tədarük edilib. Müqayisə üçün bildirək ki, 2015-ci ildə bu rəqəm cəmi 35 min ton olub».

XS
SM
MD
LG