Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:24

Putin kinorejissoru Kann festivalına buraxmadı


Premyera öncəsi, 9 may, 2018-ci il
Premyera öncəsi, 9 may, 2018-ci il

Rusiya prezidenti Vladimir Putin saxlanmış kinorejissor Kirill Serebrennikov-un Kann Film Festivalında iştirak etməyə buraxmaq çağırışlarını rədd edib.

Festival təşkilatçılarının mayın 10-da bildirməsinə görə, Fransanın xarici işlər naziri Jean-Yves Le Drian Putin-ə məktub yazaraq xahiş edib ki, 48 yaşlı Serebrennikov-un festivalda Leto (Yay) filminin nümayişində iştirakına icazə versin. Bu film 1980-ci illərin rok əfsanəsi Viktor Tsoi haqdadır.

“MƏHKƏMƏLƏR MÜSTƏQİLDİR”

Festivalın direktoru Thierry Fremaux-nun bildirməsinə görə, Putin filmin mayın 9-dakı premyerasından az öncə göndərdiyi məktubda bu xahişi rədd edib. “Serebrennikov-un ölkəmizdə məhkəməylə problemləri var. Sizə kömək etməyi çox istərdim, ancaq məhkəmələr müstəqildir”, – prezident yazıb.

"Leto" filmindən bir kadr
"Leto" filmindən bir kadr

Serebrennikov ötən ilin avqustunda maliyyə fırıldağı ittihamıyla saxlanıb, o vaxtdan ev dustaqlığındadır. O, ittihamları “absurd” adlandırır, tərəfdarları işin siyasi motivli olduğunu bildirir.

Kremlin sözçüsü Dmitry Peskov isə mayın 10-da deyib ki, məktubu Putin özü yazmayıb, Rusiya Xarici İşlər Nazirliyi göndərib, “istənilən ölkədə olduğu kimi, izah edib ki, Rusiyada da prezidentin ədliyyə, yaxud istintaq orqanlarının qərarına nüfuz etmək səlahiyyəti yoxdur”.

Ancaq hökumət tənqidçiləri Rusiyada məhkəmələrin müstəqil olmadığını, Kreml və yerli hakimiyyətin opponentlərini cəzalandırmaq üçün onlardan tez-tez istifadə etdiyini bildirir.

“SANKİ ORTA ƏSRLƏRƏ QAYITMIŞIQ”

Serebrennikov filmin çəkilişlərinin son mərhələsində saxlanıb, filmi ev dustaqlığında montaj etməli olub. Onun həbsi Rusiya incəsənət dünyasını sarsıdıb.

Kirill Serebrennikov məhkəmədə
Kirill Serebrennikov məhkəmədə

Sanki orta əsrlərə qayıtmışıq”, – ukraynalı kinorejissor Sergei Loznitsa “Frans Pres” agentliyinə deyib. Loznitsa-nın Ukraynanın şərqindəki müharibədən söz açan filmi də festivalda göstərilib.

Bir gün oyandıq ki, rejissorumuz yoxdur. Fikrimizcə, bu, tamamilə gülünc bir durumdur”, – “Leto” filminin rusiyalı prodüseri Ilya Stewart Kannda mətbuat konfransında deyib.

Filmin çəkiliş heyəti premyeradan öncə Kannda qırmızı xalı üzərində etiraz aksiyası təşkil edib. Onlar Serebrennikov-un fotolarını yaxalarını taxıb, rejissorun böyük hərflərlə adı yazılmış plakat qaldırıblar.

Premyera zamanı festival təşkilatçıları kinorejissor üçün boş yer də saxlayıblar.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG