Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:33

FTB-nin rusiyalı maqnatı dindirdiyi bildirilir


Viktor Vekselberg
Viktor Vekselberg

Kremlə bağlı rusiyalı milyarder bu yaxınlarda Federal Təhqiqatlar Bürosunun (FBI) agentləri tərəfindən dindirilib. Medianın yazdığına görə, dindirməyə səbəb həmin maqnatın şirkətinin ABŞ-dakı bölməsinin prezident Donald Trump-ın şəxsi vəkilinə yüzminlərlə dollar ödəməsilə bağlı iddialardır.

CNN mayın 8-də “məsələdən xəbərdar” mənbəyə istinadla yazıb ki, Renova Group-un sədri Viktor Vekselberg xalası oğlu Andrew Intrater ilə birlikdə dindirilib. Intrater şirkətin ABŞ-dakı filialı olan Columbus Nova-nın rəhbəridir. Dindirməni isə Rusiyanın 2016-cı ildə ABŞ-da prezident seçkisinə iddia olunan müdaxiləsini araşdıran agentlər aparıb.

500 MİN DOLLAR

“The New York Times” daha öncə yazmışdı ki, Vekselberg xüsusi prokuror Robert Mueller üçün çalışan agentlər tərəfindən dindirilib. Mueller Rusiyanın seçkiyə iddia olunan müdaxiləsini, eləcə də Rusiyayla Trump-ın seçki kampaniyası arasında iddia olunan əlaqələri araşdırır.

Donald Trump (solda) və Robert Mueller
Donald Trump (solda) və Robert Mueller

Medianın yazmasına görə, rusiyalı biznesmen Trump-ın şəxsi vəkili Michael Cohen-in Essential Consultants şirkətinə 2016-cı ilin noyabr seçkisindən sonra hissə-hissə olmaqla 500 min dollar köçürüb.

Vekselberg 2017-ci ilin yanvarında Trump-ın andiçmə mərasiminə qonaq kimi qatılıb.

CNN bildirir ki, müstəntiqlər Intrater və Vekselberg-dən Intrater-in Trump andiçmə fonduna və kampaniyasına 300 min dollarlıq siyasi ianə barədə də soruşublar.

Intrater Trump-ın andiçmə fonduna 250 min, Trump Qələbə Fonduna 35 min, Respublikaçı Milli Komitəyə isə 29 min 600 dollarlıq ianə ayırıb. Bunu ABŞ-da kampaniyalara ianələri araşdıran Responsiv Siyasət Mərkəzi üzə çıxarıb.

Xaricilərin ABŞ siyasətçilərinə ianə ayırması qadağandır, ancaq Intrater Amerika vətəndaşıdır.

Columbus Nova-nın vəkili Richard Owens şirkətin Vekselberg-in adından ödənişlərin olunmasında istifadə edilməsini danıb. O, həmin məlumatları saxta adlandırıb.

Cohen-in vəkilindən isə açıqlama almaq mümkün olmayıb.

AKTRİSANIN VƏKİLİNİN İDDİASI

Trump administrasiyası ötən ay Kremlə bağlı yeddi oliqarxa sanksiya elan edib, Vekselberg də onların içindədir. Forbes onun 14,6 milyard dollar sahib olduğunu, sərvəti Rusiyanın alüminium və neft sənayesinə investisiya qoymaqla yığdığını bildirir.

Stormy Daniels
Stormy Daniels

500 min dollarla bağlı iddianı mayın 8-də porno-aktrisa Stormy Daniels-in vəkili Michael Avenatti da səsləndirib. Aktrisa iddia edir ki, Trump-la intim görüşü haqda susmaqdan ötrü Cohen ona pul ödəyib.

Avenatti Vekselberg-in Cohen-ə pul verməsini haradan bildiyini açıqlamayıb, iddiasını əsaslandıracaq elə bir dəlil də ortaya qoymayıb.

Onun iddiasına görə, Vekselberg-in pulu hesabına Cohen-in aktrisaya ödədiyi 130 min dollar da kompensasiya olunub.

Cohen prezidentin şəxsi vəkili olarkən bu ödənişləri gizli şəkildə qəbul edib”, – Avenatti bildirib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG