Keçid linkləri

Təcili xəbərlər
2023, 22 Mart, çərşənbə, Bakı vaxtı 16:55

Rusiyalı hakerlər ABŞ-da seçki sistemlərinə ‘hücum edib’


İllüstrativ foto

Rusiya hökumətinə bağlı hakerlər ABŞ-da səsvermə sisteminə “misli görünməmiş, koordinasiyalı” hücum ediblər. 2016-cı ildə gerçəkləşdirilmiş bu hücum zamanı bir neçə seçici qeydiyyatı databazasına da müdaxilə olunub. Belə bir nəticəyə Senat komitəsi gəlib.

AZI 18 ŞTAT

Senatın Kəşfiyyat komitəsi mayın 8-də 2016-cı il seçkisinə Rusiyanın iddia olunan müdaxiləsiylə bağlı çoxdan gözlənən hesabatının birinci hissəsini açıqlayıb. Kiberhücumların azı 18 ştatı hədəfə aldığı bildirilir.

Komitə hakerlərin səsvermənin nəticəsini dəyişdirməsinə dəlil tapa bilməyib. Ancaq Rusiya hökumətinin ABŞ səsvermə sisteminə inamı sarsıtmağa çalışmasına “xeyli dəlil” aşkarladığını bildirib.

***Buna da bax: ABŞ-ın rusiyalı milyarderlərə yeni sanksiyalar qoyacağı xəbər verilir

Komitə bəzi zəif yerlərin qalması, daha artıq hücumun mümkünlüyü sarıdan da xəbərdarlıq edir. Belə bir ehtimal irəli sürülür ki, 2016-cı ildə gerçələşdirilmiş bu fəaliyyət gələcək hücum üçün bir sınaq da ola bilərdi.

Qurum üzə çıxarıb ki, Rusiya ABŞ-da səsvermə prosesini hədəfləyən müxtəlif kəşfiyyat xarakterli fəaliyyət gerçəkləşdirib, bu, azından 2014-cü ilin əvvəlində başlayıb, 2016-cı ildə Seçki Gününədək davam edib.

İllinoys seçici sisteminə müdaxilə olunduğunu açıq şəkildə bildirmiş yeganə ştatdır. Hesabat digər hansı ştatlarda səsvermə sistemlərinə haker hücumları olunduğunu açıqlamır.

XƏBƏRDARLIQ OLUNUB, AMMA...

2016-cı ildə seçki kampaniyası zamanı Daxili Təhlükəsizlik Departamenti və Federal Təhqiqatlar Bürosu ştatlara Rusiyanın müdaxilə təhlükəsilə bağlı xəbərdarlıq edibmiş, ancaq hesabat bu xəbərdarlıqların “məhdud” olduğunu bildirir.

Sonucda, ştat rəsmiləri təhlükənin mövcudluğunu anlasalar da, onun miqyasını və ciddiliyini dərk etməyiblər, komitə bildirir. Hesabata görə, hazırda federal hökumət təhlükənin ciddiliyi barədə ştatların seçki rəsmiləri ilə daha aydın kommunikasiya qurur.

***Buna da bax: Facebook Azərbaycana 'müdaxilədən' danışıb

Komitə bir ildən çox idi Rusiyanın 2016-cı ildə prezident seçkisi kampaniyasına mümkün müdaxilə cəhdlərini araşdırırdı. Ancaq Rusiya hər hansı müdaxiləylə bağlı deyilənləri rədd edir.

Mayın 8-də açıqlanmış hesabat məxfi deyil, amma komitə seçki infrastrukturuna təhlükələrlə bağlı məxfi hesabat da hazırlayıb.

Hesabatda ABŞ hökumətinə ştatlarda təhlükəsizliyi gücləndirmək, kiberhücumlara qarşı daha güclü müdafiə qurmaq tövsiyə olunur.

XS
SM
MD
LG