Keçmiş prezident Heydər Əliyevin yubileyi ərəfəsində fəaliyyətinin dəyərləndirilməsi, ölkədə taksi xidmətinin səviyyəsi, yeni kadr dəyişiklikləri və başqa məsələlər medianın aparıcı mövzularındandır...
«İş yoxdur, taksi sür»
«Exo» qəzetində «Taksi fəaliyyəti Bakıdakından daha pis ola bilməz» sərlövhəli yazı oxumaq olar.
Müəllif hesab edir ki, Bakı əhalisinin məşğulluğu ilə bağlı vəziyyət təhlil edilsə, son 5 ildə ölkədə taksi sürücülüyünün ən populyar peşəyə çevrildiyi ortaya çıxar.
Yazıda vurğulanır ki, işini itirənlər və əsas iş yerində az qazananlar bu sahəyə üz tuturlar: «Buna görə də ölkədə və xüsusilə paytaxtda sərnişindaşımalarla məşğul olan özəl müəssisələr çoxalır. Çox olmalarına baxmayaraq, hələ yeniləri də yaradılır».
Yazıda ekspertlərə istinadən bildirilir ki, çoxsaylı taksi fəaliyyəti ölkədə sosial-iqtisadi durumun yaxşı olmamasının göstəricisidir.
Müəllif üstəlik, hesab edir ki, kəmiyyət heç də keyfiyyət göstəricisi deyil: «Sürücü təhsilinə dəstək» Cəmiyyətinin sədri Fazil Məmmədov da deyib ki, ölkədə taksi fəaliyyəti pis vəziyyətdədir: «Həddən artıq taksi çoxluğu əhalinin ağır sosial durumda olması deməkdir. İnsanlar işini itirib, maşını var, ondan pul qazanmaq üçün istifadə edir. Elələri də var ki, işi var, amma ona əlavə qazanc lazımdır. Ona görə də çoxları avtomobilə, staja baxmayaraq, taksi sürücülüyü edir».
F.Məmmədov vurğulayıb ki, taksi nəqliyyat olaraq yüksək təhlükəlilik vasitəsidir. Taksi sürücüsü lisenziyaya malik olmaqla yanaşı, həm də öz işində peşəkar olmalıdır. Amma onun fikrincə, Azərbaycanda belə deyil.
Taksi sürücülərinin qiymət özbaşınalığından danışan F.Məmmədov deyib ki, aeroportdan sərnişini 11 manata da gətirən var, 40 manata da. O hesab edir ki, bütün taksilərdə sayğac və takoqraf olmalıdır.
F.Məmmədov deyib ki, indi bəzən taksi sürücülərinin heç şəhəri tanımadıqları üzə çıxır.
Kadr dəyişiklikləri
«Yeni Müsavat» qəzetində «Bir çox nazirlik və digər qurumlarda ciddi kadr çətinlikləri var» sərlövhəli yazı yer alır.
Yazıda hökumət tərkibində yer alan yeni nazirlərin, komitə sədrlərinin, xidmət rəhbərlərinin kadr dəyişikliyinə başlamaları iqtisadçı-ekspert Qubad İbadoğlu ilə müzakirə edilib.
Q.İbadoğlu deyib ki, istənilən kadrın peşəkar, eyni zamanda institusional yaddaşa sahib olması çox vacibdir: «Onların tez-tez dəyişilməsi o qədər də effektiv sayılmır. Gürcüstanda, Moldovada, Qırğızıstanda, Baltikyanı ölkələrdə hər bir nazirlikdə bir dövlət katibi vəzifəsi yaradılıb. Dövlət katibi vəzifəsinə təyinat uzunmüddətli xarakter daşıyır - 7, 9, 10 illiyə. Bəzi ölkələrdə bu vəzifə seçkili olur. Həmin müddətdə nazirlər dəyişsə də, həmin vəzifəni tutan şəxslərə toxunulmur».
Q.İbadoğlu izah edir ki, ölkələr buna tez-tez baş verən kadr dəyişikliyinin fəsadlarını aradan qaldırmaq məqsədilə gedirlər: «Azərbaycanda əslində bu işi aparat rəhbəri görməlidir. Lakin hər yeni gələn mütləq və ilk növbədə aparat rəhbərini dəyişir. Bu baxımdan, düşünürəm ki, kadr dəyişiklikləri bəzi yerlərdə qaçılmazdır. Lakin Azərbaycanda da dövlət katibi praktikasından istifadə olunmasına ehtiyac var».
Ekspert iddia edir ki, Azərbaycanda bir çox nazirlik və qurumlarda ciddi kadr çətinlikləri var: «Daha sivil düşüncəli, innovativ fikirli, daha gənc kadrların prosesə cəlb olunması nöqteyi-nəzərindən son dəyişiklikləri normal qəbul etmək olar. Lakin nəzərə almaq lazımdır ki, bir yerdən peşəkar kadrları başqa yerə təyin edərkən, həmin yerdə kadr çatışmazlığı yarana, işin keyfiyyəti aşağı düşə bilər».
Q.İbadoğlu son zamanlar «ASAN Xidmət»dən bir çox kadrların Kənd Təsərrüfatı Nazirliyinə aparılmasını göstərərək, bunun «ASAN Xidmət»in işində problemlərə səbəb ola biləyini vurğulayır.
«Milli intibah müəllifi»
«Azərbaycan» qəzetində dərc edilən «Milli intibahın müəllifi» sərlövhəli yazıda keçmiş prezident Heydər Əliyevin 95 illik yubileyi ərəfəsində onun fəaliyyətini dəyərləndirir.
Müəllif H.Əliyevi «Azərbaycan dövlətçiliyinin memarı» adlandırır.
Yazıda iddia olunur ki, hələ sovet dönəmində Azərbaycana rəhbərlik etdiyi (1969-1982-ci) illərdə o, müstəqil ölkənin təməllərini yaratmağa nail olub: «Belə ki, sovet Azərbaycanına rəhbərlik etdiyi 13 il ərzində Heydər Əliyev ölkəmizi nəhəng dövlətin xammal əlavəsi olan ucqar ərazisindən qabaqcıl sənaye sahələri, texnologiyalara malik, elm, təhsil və mədəniyyətin, ümumən insan potensialının yüksək inkişaf etdiyi bir respublikaya çevirməyi bacardı».
Müəllif hesab edir ki, dövlət müstəqilliyi əldə olunan ilk vaxtlarda Azərbaycanda fəlakətli vəziyyət yaranıb. Yalnız 1993-cü ildə H.Əliyevin yenidən ölkədə hakimiyyətə gəlməsi ilə bu durumun aradan qaldırıldığı bildirilir.
Müəllif yazıb ki, keçmiş prezident öz dövlət quruculuğu fəlsəfəsində hüquqi prinsiplərə və demokratik əsaslara xüsusi önəm verib: «Bu istiqamətdə ən mühüm addım kimi müstəqil Azərbaycanın ilk Konstitusiyasını işləyib hazırlayıb. 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilən və Heydər Əliyevin qürurla «xalqın Konstitusiyası» adlandırdığı tarixi sənəd müstəqil Azərbaycanın çağdaş, demokratik, sivil, dünyəvi dövlətçilik modelinin nəzəri və hüquqi bünövrəsini təşkil edib. Məhz bundan sonra ölkədə çoxpartiyalı əsasda parlament və prezident seçkiləri keçirilib. Bələdiyyə orqanlarının yaradılması prosesi başlayıb, vətəndaş cəmiyyəti və azad mətbuatın formalaşması sürətlənib».