Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:06

Trump İran sazişi barədə qərarını mayın 8-də elan edəcək


Donald Trump (ortada). arxiv fotosu
Donald Trump (ortada). arxiv fotosu

ABŞ prezidenti Donald Trump deyib ki, Birləşmiş Ştatların İranla bağlanmış 2015-ci il tarixli nüvə sazişində qalıb-qalmayacağı barədə qərarını mayın 8-də bəyan edəcək.

Trump bu sazişdən narazı olduğunu dəfələrlə bildirib və Avropa müttəfiqlərinə sazişdəki “dəhşətli qüsurların” aradan qaldırılması üçün mayın 12-dək vaxt verib.

İranın üzərindən ABŞ sanksiyalarının qaldırılma müddəti məhz mayın 12-də bitir. Trump bu müddəti uzatmaq barədə qərar qəbul etməsə, saziş ABŞ üçün dayanmış sayılacaq.

Bu arada Fransa, Almaniya və Britaniyanın xarici işlər nazirləri Trump-ı nüvə sazişindən çıxmaması üçün yola gətirməyə çalışırlar.

Mayın 7-də Berlində keçirilən mətbuat konfransında Almaniyanın xarici işlər naziri Heiko Mass deyib ki, “bu saziş olmadan dünya daha təhlükəli bir yer olardı”.

Eyni mətbuat konfransında onun fransız həmkarı Jean-Yves Le Drian deyib ki, Qərb bu sazişin qorunub saxlanmasına çalışacaq.

O əlavə edib ki, Trump-ın qərarından asılı olmayaraq Paris, Berlin və London sazişin şərtlərinə sadiq qalacaqlar.

Mayın 7-də Tehranda çıxış edən İran prezidenti Hasan Rohani deyib ki, Birləşmiş Ştatlar bu sazişdən çıxmaq qərarından peşman olacaq və İran özünün Yaxın Şərqdəki nüfuz təsirini məhdudlaşdırmaq tələbinə boyun əyməyəcək.

İran prezidenti mayın 7-də özünün internet saytında yazıb ki, Tehran hətta Vaşinqton bu razılaşmadan çıxsa da, nüvə sazişində qalmaqda davam edəcək.

***

Britaniya və Almaniyanın aparıcı rəsmiləri ABŞ prezidenti Donald Trump-ı İranla 2015-ci ildə imzalanmış nüvə sazişindən çıxmamaq üçün inandırmağa çalışır.

Britaniyanın Birləşmiş Ştatlardakı səfiri mayın 6-da deyib ki, ölkəsi Trump-ın sazişdən çıxmasını əngəlləməkdən ötrü onun narahatlığını yoluna qoymağın mümkünlüyünə hələ də inanır.

Düşünürük ki, dil tapa, prezidentin narahatlığını yoluna qoyacaq tədbir görə bilərik”, – Darroch CBS televiziyasının “Face the Nation” proqramına deyib.

Prezident Barack Obama administrasiyası dövründə imzalanmış saziş İranın nüvə proqramını məhdudlaşdırması əvəzində ona sanksiyaların yüngülləşdirilməsini nəzərdə tutur.

Kim Darroch (solda) və Ukrayna prezidenti Petro Poroshenko
Kim Darroch (solda) və Ukrayna prezidenti Petro Poroshenko

“SAZİŞ POZULARSA...”

Ancaq Trump sazişin şərtlərindən narazı olduğunu deyir, İranı Yaxın Şərqdə silahlı fəaliyyəti dəstəkləməklə sazişin ruhunu pozmaqda suçlayır. O, mayın 12-dək sazişdəki “qüsurlar”ın düzəldilməsini tələb edib, yoxsa sənəddən çıxmaqla hədələyib.

Sazişi imzalamış Britaniya, Almaniya, Fransa, Rusiya və Çin Vaşinqtonu sənəddən çıxmamağa çağırıb.

Britaniyanın xarici işlər naziri Boris Johnson hazırda Vaşinqtondadır. O, mayın 6-da “The New York Times”da dərc olunmuş məqaləsində yazıb ki, bu saziş hazırda ən yaxşı variantdır.

Almaniya prezidenti Frank-Walter Steinmeier ölkəsinin ARD televiziyasına müsahibəsində deyib ki, saziş pozularsa, bunun ağır nəticələri ola bilər. O, saziş imzalanarkən ovaxtkı dövlət katibi John Kerry-dən sitat gətirib. Kerry demişdi ki, bu sənəd müharibənin qarşısını almış oldu.

Bu, vacib sitatdır. Çünki yadda saxlamaq lazımdır ki, saziş iflas edərsə, Yaxın Şərqdə silahlanma güclənərsə, nə baş verər”, – Steinmeier söyləyib.

İran prezidenti Hassan Rohani isə mayın 6-da deyib ki, Birləşmiş Ştatlar razılaşmadan çıxmasına təəssüflənər və ölkəsi Trump-ın nüvə sazişiylə bağlı hər hansı qərarına adekvat addım atacaq.

Amerika nüvə sazişindən çıxarsa, buna görə tarixi peşmançılıq yaşayacağını tezliklə görəcəksiniz”, – o deyib.

XS
SM
MD
LG