Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:56

'Birinci sinifdən repetitor yanına'-Media icmal


Məktəb
Məktəb

Ölkə iqtisadiyyatına kapital qoyuluşu, təhsil sistemində problemlər, təqdim edilən islahatların nəticələri və başqa məsələlər medianın aparıcı mövzularındandır...

«Məktəbdən sonra...»

«Exo» qəzetində «Azərbaycanda təhsil: çox oxuduqca, az bilmək» sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki, Azərbaycandakı indiki təhsil sistemi sovet təhsil sistemi bazasında yaradılıb. Müəllifin fikrincə, ona Qərb təhsil sistemindən bəzi elementlər də əlavə olunub.

Müəllifə görə, indiki təhsil sisteminin keyfiyyətli aşağıdır: «Əksər hallarda uşaqların məktəblərdə aldıqları təhsil nəinki qəbul imtahanları vermələrinə, heç gündəlik dərs tapşırıqlarını yerinə yetirməyə bəs etmir. Buna görə də keçən əsrin 90-cı illərinin əvvəllərindən ölkədə özəl repetitorluq inkişaf etməyə başladı».

Yazıda vurğulanmasına görə, indi bu sahə elə inkişaf edib ki, şagirdin dərsdən əlavə repetitor yanına getməsi adi hala çevrilib.

Müəllifin fikrincə, bir çox ailələrin əsas qazancı elə buna yönəldilir.

Yazıda bildirilir ki, artıq valideynlər uşaqları repetitorlar yanına yuxarı siniflərdən yox, elə məktəbə getdiyi dövrdən aparmağa başlayıblar: «Bu halda belə sual yaranır ki, əgər məktəbdə müasir müəllim ordusu şagirdə hərfləri yazmağı da öyrədə bilmirsə, o zaman məktəb nəyə lazımdır? Dövlət nə üçün büdcədən bu sahəyə maliyyə ayırır?».

Müəllif hesab edir ki, ölkə təhsil sistemi əsaslı islahatlara ehtiyac duyur.

Yazıda daha sonra müasir təhsil sistemlərindən biri kimi Finlandiya təhsil sistemindən bəhs edilir. Müəllifin qeyd etməsinə görə, bu sistem «az oxumaq, çox bilmək» devizinə əsaslanır. Yazıda hesab edilir ki, Azərbaycanda isə bunun tam əksi hökm sürür. Müəllifin vurğulamasına görə, Finlandiya təhsil sistemində uşaqlar məktəblərə güclü hazırlıqla gəlirlər və məktəbəqədər hazırlıq dövründə bütün ailələr lazım olan ləvazimatlarla pulsuz təmin olunurlar.

Cavad Qaffarın karikaturası
Cavad Qaffarın karikaturası

«Dəyərlərin imitasiyası»

Azadliq.info saytında «Yaxşı şeylərin yox edildiyi ölkə» sərlövhəli yazı yer alır.

Yazıda bildirilir ki, hakimiyyət bəzi kadrları dəyişir, yerdəyişmələr edir, vəzifə sahiblərinin maaşlarını artırır və bunu islahat kimi təqdim edir.

Müəllif vurğulayıb ki, bu günlər deputatlardan biri ölkədə korrupsiya ilə mübarizə məqsədilə nazirlərin, məmurların maaşlarının artırılmasını təklif edib: «Məgər nazirlərin, deputatların, məmurların maaşa ehtiyacları var? Sadə insanlar kimi, onlar nə vaxt maaş ümidinə qalıblar? Bəs adıçəkilən «mötəbərlər»in özəl müəssisələri? Özəl müəssisələrindən gələn qazanclar?».

Müəllifin fikrincə, Azərbaycanda maaşları artırmaqla rüşvət və korrupsiyanın aradan qaldırılacağını düşünmək yanlış olar: «İnsan var pula həris, insan da var gözü-könlü tox. Çox təəssüf ki, idarəçilikdə təmsil olunan əksəriyyət yerində deyil...».

Müəllif hesab edir ki, ölkədə multikulturalizm haqqında danışılsa da, qarşıya qoyulan məqsəd fərqlidir: «Multikulturalizm-ölkə daxilinə yox, xarici «aləmə» məxsusluqdur. Maraqlı qüvvələr hakimiyyətin zəifliyindən istifadə edərək GƏLƏCƏKSİZ bir həyat yaşamağımızın ştrixlərini cızır. İdarəçiliyin təsadüfi adamlardan formalaşması ölkəmizin daxili həyatına və xarici siyasətinə müəyyənsizlik gətirib. Yəni Azərbaycan iqtidarın xarici siyasətdə və daxili həyatda həlsiz buraxdığı problemlərin ağzında diri-diri yeyilir...».

Müəllif yazıb ki, ölkə sankı problemlərlə dolu benzin çəlləyinin üstündə əyləşib.

Valyuta
Valyuta

Kapital qoyuluşu

«Azərbaycan» qəzetində «Kapital qoyuluşu iqtisadi inkişafın güzgüsüdür» sərlövhəli yazı dərc edilib.

Müəllif yazıb ki, hazırda dünya siyasətində qeyri-müəyyənlikdir, böyük dövlətlər bir-biri ilə «ticarət mübarizəsi» aparır: «Bu gün Amerika-Çin, Çin-Avropa, Amerika, Avropa İttifaqı, Rusiya arasında gedən ticarət mübarizəsinin nə ilə nəticələnəcəyi barədə mütəxəssislər belə, dəqiq fikir bildirməyə çətinlik çəkirlər. Sözsüz ki, belə vəziyyət kapital qoyuluşunda da bir durğunluq yaradır».

Müəllifin iddiasına görə, dünyadakı bu mənzərə fonunda investorların Azərbaycana marağı azalmır. Yazıda vurğulanmasına görə, Azərbaycanda mükəmməl qanunvericilik bazası və biznesin inkişafından ötrü əlverişli mühit var.

Müəllif fikrinin təsdiqi kimi dövlət başçısı İlham Əliyevdən sitat gətirir: «Ölkəmizə 230 milyard dollardan çox sərmayə qoyulub. Ölkəmizdə çox gözəl investisiya iqlimi var. Xarici və yerli sərmayə ölkəmizə bundan sonra da qoyulacaq».

Yazıda rəsmi statistikaya istinadən bildirilir ki, bu ilin yanvar-mart aylarında xarici investorlar əsas kapitala 1 milyard 386.5 milyon manat qoyub. Bütün maliyyə mənbələrindən isə biznesə 2 milyard 869.2 milyon manat vəsait yönəldilib.

Yazıda daha sonra görülən işlər sadalanır: «Yanvar-mart aylarında paytaxtda «Yasamal-1», «Qobu» və 120 saylı elektrik yarımstansiyaları, Bakı Şəhər Statistika İdarəsinin inzibati binası, «Bona Dea» Beynəlxalq Hospitalı, Mingəçevir Sənaye Parkında iplik istehsalı üzrə iki müəssisə, Neftçala Sənaye Məhəlləsində «Xəzər» Avtomobil Zavodu istifadəyə verilib».

XS
SM
MD
LG