Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:48

Kann festivalında izlənəsi 10 film


Kann Film Festivalına qatıla bilməsək də, bu il festivalda göstəriləcək filmlərə nəzər salmağa dəyər.

Artıq mayın 8-dən 19-dək keçiriləcək builki festivalla bağlı ziddiyyət yaşanmaqdadır: striminq nəhəngi Netflix-in festivalda iştirakına və qonaqların selfi çəkməsinə qadağa qoyulub.

3 qadın və 15 kişi kinorejissorun mübarizə apardığı builki festivalda Cate Blanchett münsiflər heyətinin prezidenti olacaq.

Blanchett festivalın keçirildiyi 70 il ərzində jüriyə prezidentlik edən 11-ci qadındır. Onun təyin etdiyi münsiflər heyəti yeddi fərqli ölkəni təmsil edən beş qadın və dörd kişidən ibarətdir. Bu isə builki seçimləri həmişəkindən daha maraqlı edə bilər.

Münsiflər heyəti qalibləri mayın 19-da bağlanış mərasimində elan edəcək.

Festivalda ən çox diqqəti cəlb edən 10 filmə nəzər salaq:

"Hamı bilir" (Everybody Knows)

Bu il Kann Film Festivalını ispan dilində çəkilmiş, Penélope Cruz, Javier Bardem və məşhur "Volver" və "İçində yaşadığım dəri" filmlərindən tanıdığımız argentinalı kinematoqrafçı Ricardo Darin-in oynadığı "Hamı bilir" filmi açacaq. Filmdə İspaniyada analarının kəndinə səfər edən ailədən söz açılır. Bu səfər zamanı onların həyatını dəyişdirən hadisələr baş verir. Filmin rejissoru, iranlı kinematoqrafçı Asghar Farhadi bu il "Satıcı" ("The Salesman") filminə görə Oskar mükafatına layiq görülüb. Ancaq o, Trump-ın müsəlmanların ölkəyə daxil olmasına qoyduğu ziddiyyətli qadağaya görə mükafatlandırma mərasimində iştirakdan imtina etmişdi.

Gümüş gölün altında (Under The Silver Lake)

Rejissor David Robert Mitchel "It Follows" adlı məşhur qorxu filminin ardınca "neonuar" (neoqara) komediya dramını çəkib. Filmin qəhrəmanı, Andrew Garfield-in canlandırdığı Sam qonşusuna (Riley Keough) aşiq olur. Ancaq qadın yoxa çıxır. O, qızı tapmağa çox çalışsa da, ətrafda hamı onun sayıqladığını düşünür. Film son dövrlərdə çəkilmiş iki uğurlu filmə, Lady Bird,The Disaster Artist və Good Time filmlərinə imza atmış a24 studiyasının istehsalıdır.

Fahrenheit 451

Yazıçı-fantast Ray Bradbury-nin eyniadlı məşhur antiutopik romanı əsasında çəkilmiş filmdə hadisələr kitabların yandırılmalı olduğu məkanda cərəyan edir. Romanın (və filmin) adı da kağızın yandığı temperaturdan götürülüb. HBO-nun çəkdiyi bu filmdə əsas rolları Michael B.Jordan və Michael Shannon ifa edirlər. Filmin rejissoru 2007-ci ildə Nyu Yorkun Kuins rayonunda yaşayan yetim oğlan haqda çəkdiyi "Chop Shop" filminə görə çox gözəl rəylər almış Ramin Bahranidir.

Lazzaro Felice

İtaliyalı rejissor Alice Rohrwacher-in üçüncü filmi olan "Lazzaro Felice" İtaliyada kəndli ailəsində doğulmuş Lazzaro adlı sadəlövh kişinin həyatından bəhs edir. Dünyadakı müasir inkişaf onun doğulub böyüdüyü kənddən yan keçib. Perucia şəhəri ətrafında yerləşən çox gözəl, mənzərəli qədim kənddə çəkilmiş filmində son 30 ildə İtaliyada baş vermiş əsas dəyişikliklərdən söz açılır.

Vəhşi təbiət (Wildlife)

Aktyor Paul Dano-nun bu ilk rejissor işi artıq Sundance Film Festivalında nümayiş olunduqdan sonra həm ssenarisinə, həm də oyun işinə görə müsbət rəylər alıb. Filmdə Jeanette (Carey Mulligan) və Jerry (Jake Gyllenhaal) adlı cütlüyün evliliyinin dağılmasından söz açılır və bütün bu prosesə onların oğlunun gözü ilə baxılır. Cütlük Montanaya köçəndə qadın başqa kişiyə vurulur və ailə dağılmağa başlayır. Richard Ford-un 1990-cı ildə yazdığı eyniadlı romanı əsasında çəkilmiş filmin ssenarisini Dano və bu yaxınlarda The Big Sick filmində çəkilmiş aktyor Zoe Kazan yazıb.

Günəşin qızları (Girls of the Sun)

Eva Husson özünün Bang Gang (A Modern Love Story) filmi ilə 2015-ci ildə Toronto Beynəlxalq Film Festivalında auditoriyanı heyrətləndirə bilmişdi. Girls of the Sun filmində yalnız qadınlardan ibarət "Günəşin qızı" adlı batalyonun doğma şəhərlərini İŞİD-dən azad etməsindən söz açılır. Batalyonun lideri (onu Golshifteh Farahani canlandırır) fransalı jurnalistlə (Emmanuelle Bercot) tanış olur və bütün hekayəni ona danışır.

Papa Francis - öz dünyasının adamı (Pope Francis - A Man of His Word)

Paris, Texas və Buena Vista Social Club filmlərinin rejissoru Wim Wenders-in çəkdiyi bu filmdə rejissor Roma Papası Francis-lə birlikdə dünyanı gəzir və ondan baxışları haqda müsahibələr alır, ən müxtəlif təbəqələrdən insanlarla görüşür. Ölüm, sosial ədalət, immiqrasiya, ekologiya və qeyri-bərabərlik kimi müasir və əbədi mövzular müzakirə olunur.

Capernaum

Livanlı rejissor Nadine Labaki bu əsərində bədii filmlə bir qədər sənədli realizmi qarışdırıb. Filmdə Yaxın Şərqdə yaşayışlarına üsyan edərək məhkəməyə şikayət edən uşaqdan söz açılır. Film Həzrət İsanın xəstə insanı sağaltdığı məkan sayılan İsrail kəndində və Livanda çəkilib. Filmin əsas süjet xəttini siyasi və sosial münaqişə təşkil edir.

BlacKkKlansman

Tanınmış rejissor Spike Lee-nin bu filmində Koloradoda bir qaradərili detektiv Ku Klux Klannın yerli qanadına daxil olaraq onun rəhbərliyinə yüksəlir. Ron Stallworth-ün "Black Klansman" adlı kitabı əsasında çəkilmiş filmdə baş rolu Denzel Washington-un oğlu John David Washington oynayır. Adam Driver-sə yəhudi gizli polisi oynayır.

Don Kixotu öldürən adam (The Man Who Killed Don Quixote)

Festivalı Adam Driver-in oynadığı başqa bir film bağlayacaq. The Man Who Killed Don Quixote fentezi janrında çəkilmiş macəra filmidir. Filmdə cərəyan edən hadisələr müasir günümüzlə XVII əsr arasında gedib-gəlir. Yazıçı və rejissor Terry Gilliam filmi 19 ilə ərsəyə gətirib. Jonathan Pryce Cervantes-in məşhur Don Kixot personajını öldürdüyünə inanan yaşlı dəli kişini oynayır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG