Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:26

'Üç nəfərlik ailəyə ayda 1500 manat gərəkdir'-Media icmalı


A.Şopenhauer
A.Şopenhauer

Cəmiyyətin inkişafında mənəvi dəyərlərin oynadığı rol, Azərbaycanda bir ailənin normal dolanmasından ötrü lazım olan vəsaitin miqdarı və başqa məsələlər medianın aparıcı mövzularındandır...

Mənəvi yoxsulluq «dəyərləri»

Azadliq.info saytında «Şopenhauer və Azərbaycan reallığı» sərlövhəli yazı oxumaq olar.

Müəllif alman filosofu Şopenhauerin fəlsəfi müddəalarından çıxış edərək Azərbaycanın mövcud mənzərəsini yaratmağa səy göstərir.

«Son zamanlar hər yerdə Azərbaycanı görməyə başlamışam. Bir şerin misralarında, bir filmin süjetində, bir yazıçının kitabında, bir filosofun fikirlərində Azərbaycan qarşıma çıxır. Məsələn, alman filosofu Şopenhauerin bəzi fikirləri yadıma düşür və dərhal Azərbaycanla qoşalaşdırıram»,-deyə müəllif müqayisə metodunu təqdim edir.

«Şopenhauer deyirdi ki, dünyanın ən yoxsul insanı puldan başqa heç nəyi olmayandır», - yazıda filosofdan sitat gətirilir.

Müəllif yazıb ki, Azərbaycan dünyanın ən gözəl, ən cazibədar, ən xoşbəxt insanların yaşadığı ölkə olmalı idi. Onun fikrincə, bundan ötrü Azərbaycanda hər imkan var: «Amma mənəvi yoxsulluq azarına tutulmuşlar ölkəni bataqlığa çevirdilər. Onlar puldan başqa şeylərə də dəyər versəydilər, bu gün tamam fərqli Azərbaycanın vətəndaşları olardıq. Bəli, bizi çox yoxsul adamlar idarə edir».

Müəllifin vurğulamasına görə, Şopenhauer həm də deyib ki, başqalarına bənzəməyə çalışaraq mənliyimizin dörddə üçünü itiririk: «Yenə də fikir məni doğma yerlərə aparır. Yaltaqlığın, üzəduranlığın, talançılığın, saxtakarlığın normaya çevrildiyi ölkədə dəyərlər yerini dəyişir. Adamlar normal yaşamaq üçün bu yeni «dəyərlər»ə adaptasiya olunur».

Müəllif yazıb ki, Şopenhauer mərhəməti əxlaqın təməli adlandırırdı: «Bu ölkədə mərhəmətsizlik fontan vurur. Günahsız adamların şərlənərək həbs olunmasını, ləyaqətli insanlara çamur atılmasını, yüz minlərlə ailənin ehtiyac içində yaşamasını görürük.... Elə haqsızlıqlar görürük ki, tüstümüz təpəmizdən çıxır».

Normal yaşayış üçün minimum nə qədər pul lazımdır?
Gözlə

No media source currently available

0:00 0:01:12 0:00

Xoşbəxtliyin «maddi həddi»

«Exo» qəzetində «Orta statistik azərbaycanlıya xoşbəxtlik üçün nə qədər pul lazımdır» sərlövhəli yazı yer alır.

Yazıda bildirilir ki, insanın təmin olunmuş həyatı və sabaha ümidli olmasından ötrü aylıq xərcin həcmi barədə müxtəlif təsəvvürlər var.

Yazıda bildirilir ki, bu yaxınlarda Bakıda «Özünüzü xoşbəxt saymaq və təmin edilmiş şəkildə yaşamaq üçün sizə nə qədər gəlir lazımdır» sualı ilə sorğu keçiriblər.

Ekspert Nəriman Ağayev sorğunun nəticələrinə əsasən deyib ki, paytaxt sakinləri bundan ötrü orta hesabla 3 min manat qazanmalarını zəruri sayırlar: «Biz orta rəqəmi təqdim edirik. Rəyi soruşulanlar isə 1500 manatdan 5 min manatadək müxtəlif rəqəmlər göstəriblər. Çünki hər ailənin, hər şəxsin fərdi tələbatları var. Ona görə də sorğuya qatılanlar müxtəlif rəqəmlər səsləndiriblər».

N.Ağayev deyib ki, apardıqları tədqiqatlara əsasən, üç nəfərlik ailəyə paytaxtda ortabab yaşamaqdan ötrü ayda 1500 manat gərəkdir: «Regionlara gəlincə, burada eyni tərkibli ailənin yaşaması üçün məbləğ 2.5 dəfə aşağı götürülür. Bu, aylıq 600 manatdır. Məbləğin aşağı olması onunla izah edilir ki, regionda ərzaq ucuzdur, ailələrin torpaq sahələri var, çoxları iri- və xırdabuynuzlu heyvanlara malikdir».

Yazıda rəsmi statistik rəqəmlərə istinadən vurğulanır ki, əhalinin gəlirləri 2017-ci ildə 2016-cı il ilə müqayisədə 8.3 faiz artıb. Amma bunun əvəzində istehlak malları və xidmətlər 12.9 faiz bahalaşıb. Ərzaq mallarının isə 16.4 faiz bahalaşdığı açıqlanıb.

Müəllif habelə, rəsmi statistikaya əsasən vurğulayıb ki, 2016-cı il illə müqayisədə 2017-ci ildə əhalinin orta aylıq maaşları təqribən 6 faiz artıb. Bu, 500 manatdan bir qədər çoxdur.

Kitablar
Kitablar

«Ədəbiyyatın yüksək amalı»

«Azərbaycan» qəzetində «Ədəbiyyatın yüksək amalı və böyük borcu» sərlövhəli yazı dərc edilib.

Müəllif yazıb ki, Azərbaycan ədəbiyyatında şəxsiyyət problemi həmişə aktual olub. Onun fikrincə, böyük ümummilli ideallar şəxsiyyətlərin fonunda, ədəbiyyatın rübabında ilhamla səsləndirilir.

Yazıda daha sonra keçmiş prezident Heydər Əliyevin Azərbaycan ədəbiyyatında rolundan bəhs edilir: «Məhz ulu öndər Heydər Əliyevin apardığı məqsədyönlü siyasət sayəsində XX əsrin 70-80-ci illərindən Azərbaycan ədəbiyyatı milli-mənəvi dəyərləri vəsf edib, xalqın tarixi ilə bağlı mövzulara və şəxsiyyətlərə doğru böyük dönüş baş verib. Bu isə nəticə etibarilə Azərbaycanda cəmiyyət həyatında ümummilli ideallar uğrunda mübarizənin böyük hərəkat səviyyəsinə qaldırılmasına gətirib çatdırıb».

Yazıda vurğulanır ki, keçmiş prezident hələ gənclik illərində ədəbi mühitə töhfələr verib. Müəllif onun gənclik dostlarından sitatlar da gətirir: «Vaxtilə Naxçıvan Pedaqoji Texnikumunda onunla oxumuş tələbə yoldaşı Dövlət Məmmədov Heydər Əliyevin ədəbiyyata və teatra münasibəti haqqında aşağıdakıları yazıb: «Yadımdadır, Lev Tolstoyun «Hərb və sülh» romanını o vaxt rus dilində oxuyur, məzmununu bizə danışırdı... Bundan əlavə, həvəskar teatrda da çalışırdı. Tamaşalarda, adətən, baş rolları oynayır, özü də şah, hökmdar, xalq qəhrəmanı obrazını canlandırırdı».

XS
SM
MD
LG