Keçid linkləri

Təcili xəbərlər
2020, 04 Dekabr, Cümə, Bakı vaxtı 05:53

Köpəyin ikinci savaşı


İllüstrasiya

"Köpəyin ikinci savaşı" adlı roman fələstinli müəllifinə 50 min dollarlıq mükafat qazandırıb

"Köpəyin ikinci savaşı" adlı romanı ilə Fələstinli yazıçı Ibrahim Nasrallah Beynəlxalq ərəb bədii ədəbiyyat mükafatının qalibi olub. Hakimlər romanı "adsız ölkədə antiutopik gələcəyin məharətlə təsviri" kimi dəyərləndiriblər. 50 min dollarlıq mükafat dünyada ən dəyərli bədii ədəbiyyat mükafatlarından biridir.

Jürinin başında duran Ibrahim Al Saafin qalibi elan edərkən "Köpəyin ikinci savaşı"nda eyni zamanda həm fentezi, həm də elmi fantastika janrlarına aid üsullardan istifadə olunmasını yüksək dəyərləndirdiyini bildirib. "Roman cəmiyyətdə qaçılmaz olan zorakılıq tendensiyasını açıb göstərir. İnsan və əxlaqi dəyərlərin nəzərə alınmadığı, hər şeyin, hətta insan ruhunun alınıb-satılmasının belə mümkün olduğu zaman göz önünə gətirilir", – deyə o bildirib.

Romanda baş qəhrəman Rashid-in adı çəkilməyən rejimin əleyhdarından maddiyyatçı və vicdansız ekstremistə çevrilməsindən söz açır. Hakimlərin sözlərinə görə, Nasrallah tamahın daha da dərinləşdiyi, insani dəyərlərin və əxlaqın nəzərə alınmadığı futuristik dünyada insanlara xas "vəhşiliyi" ortaya qoyub.

Mükafatın qəyyumlar şurasının sədri professor Yasir Suleiman-ın sözlərinə görə, roman “bəşəriyyət və onun destruktiv potensialının qan dondurucu mənzərəsini təsvir edir".

Nasrallah dörd roman və çox sayda şeirin müəllifidir. Onun əsərləri ingilis dilinə tərcümə olunub. Yazıçının "Ağ atlar zamanı" adlı əsəri 2009-cu ildə Beynəlxalq ərəb bədii ədəbiyyatı mükafatına namizəd seçilib. Nasrallah-ın fələstinli valideynləri 1948-ci ildə vətənlərindən didərgin düşüblər. Onun özü isə 1954-cü ildə dünyaya göz açıb. Yazıçının uşaqlığı İordaniyanın paytaxtı Əmman şəhərindəki Əl-Vehdat Fələstin qaçqın düşərgəsində keçib. Bundan sonra o, müəllim kimi çalışmaq üçün Səudiyyə Ərəbistanına köçüb.

Fələstini düşünüb İordaniyanı yazmaq

Abu Dabidə keçirilən mükafatlandırma mərasimi üçün çəkilmiş filmdə Nasrallah öz romanını "bizim gələcəkdə nəyə çevrilə biləcəyimiz haqda xəbərdarlıq" kimi səciyyələndirib. O əlavə edib ki, romanı "oxucunu provokasiya etmək, narahat olmağa məcbur etmək, hətta bəzən nəfəsini kəsmək" üçün yazıb. "Romanda deyilir ki, əgər biz hazırkı yolumuzla getməyə davam etsək, hamımızın əsasən dağıdıcı olduğumuz bir gələcəyə gedib çıxacağıq", - o deyib.

Sözügedən mükafat 2016-cı ilin iyulundan 2017-ci ilin iyun ayınadək ərəb dilində nəşr olunmuş ən yaxşı bədii əsərə təqdim olunur. Daha beş kitab namizəd seçilib: Amir Tag Elsir-in "Alovlar içində güllər", Aziz Mohammed-in ""K"nın kritik işi", Shahad Al Rawi-nin "Bağdad saatı", Walid Shurafa-nın "Qəbir daşının mirası" və Dima Wannous-un "Qorxudulmuşlar" kitabı. Beş finalçının hər birinə 10 min dollar məbləğində mükafat təqdim olunub.

2007-ci ildə təsis edilmiş mükafatın məqsədi ərəb bədii ədəbiyyatının dünyaya çatdırılmasına töhfə verməkdir. Bu il "Oneworld" nəşriyyatı 2014-cü ilin qalibi, Ahmed Saasawi-nin "Bağdadda Frankenşteyn" romanının ingilis versiyasını nəşr edib. Əsər absurdist əxlaq hekayəsi ilə dəhşət fentezisinin qarışığıdır. "Guardian" bu romanı "qarabasma və çox gülməli" adlandırıb. Artıq Saasawi-nin romanının daha 14 dilə tərcümə hüquqları satılıb.

XS
SM
MD
LG