Keçid linkləri

Təcili xəbərlər
2021, 13 İyun, bazar, Bakı vaxtı 12:36

İlqar Məmmədov məruzəçi ilə görüşüb


İ.Məmmədov

Aprelin 28-də Azərbaycanda səfərdə olan Avropa Parlamentinin daimi məruzəçisi Norika Nikolai hazırda həbsdə olan REAL Partiyasının sədri İlqar Məmmədovla görüşüb.

Bu barədə partiyadan açıqlama yayılıb.

Verilən məlumata görə, görüşlə bağlı İ.Məmmədov onlara bunu deyib: «Görüşdə azadlığım haqqında hakimiyyətlə siyasi dialoqa dair bəzi tələblərimi təkrarən onun diqqətinə çatdırdım. Hansı ki, vəkilim vasitəsilə ötən il çatdırdığım o tələblər rədd edilmişdi».

Görüş İ.Məmmədovun saxlandığı 2 saylı Cəzaçəkmə Müəssisəsində baş tutub.

İ.Məmmədov 2017-ci il dekabrın 11-də isə vəkili vasitəsilə belə bir mesaj çatdırmışdı: «Vəkilim Fuad Ağayev ilə görüşdə Novruz Məmmədovun «danışıqlar» təklifinə baxdıq. Anlaşdıq ki, mənim haqlarımı hakimiyyət tərəfindən tam bərpa edəcək bəraətverici qərarın müqabilində Avropa Şurası Nazirlər Komitəsindən xahiş edə bilərəm ki, Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) müraciətini geri çağırsın. Bu istiqamətdə qısa, konstruktiv, siyasi söhbətə Novruz Məmmədov razıdırsa, gəlsin danışaq».

Bu açıqlamadan öncə o vaxt prezidentin xarici məsələlər üzrə köməkçisi, hazırda baş nazir olan N.Məmmədov Avropa Şurası Nazirlər Komitəsinin İ.Məmmədovla bağlı qərarlarını şərh etmişdi. O vurğulamışdı ki, İ.Məmmədov cəzasının 2/3-sini çəkdiyinə görə şərti olaraq vaxtından əvvəl azadlığa buraxılma hüququ əldə edib.

«Bununla yanaşı, Azərbaycan tərəfi məsələnin digər həll yollarının axtarılması üçün konstruktiv danışıqlara gedə bilər», - prezidentin köməkçisi demişdi.

Vəkilinin deməsinə görə, İ.Məmmədov isə bəyan etmişdi ki, şərti azadlıq yox bəraət istəyir.

Avropa Parlamentinin Azərbaycan daimi məruzəçisi xanım N.Nikolai ötən həftə Azərbaycanda bir sıra rəsmilərlə görüşmüşdü.

O, aprelin 27-də Azərbaycan prezidenti İlham Əliyev və Milli Məclisin sədri Oqtay Əsədovla bir araya gəlmişdi. Görüşlərdə Azərbaycanın Avropa Parlamenti ilə münasibətləri müzakirə edilmişdi.

Xatırlatma

İ.Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib.

AİHM hələ 2014-cü ilin mayında İ.Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb. Ancaq o, hələ də azadlığa buraxılmayıb.

Ötən il dekabrın 5-də Avropa Şurası Nazirlər Komitəsi (AŞNK) AİHM-in İ.Məmmədovla bağlı qərarının nəzərə alınmamasına görə Azərbaycana qarşı xüsusi prosedura başlanması barədə keçid qətnaməsi qəbul edib.

Bundan sonra, AİHM-in AŞNK-a, Azərbaycan hökumətinə və həbsdə olan İ.Məmmədova məktub göndərdiyi açıqlanıb. Onda məsələ ilə bağlı tərəflərə bu il martın 1-nə kimi öz yekun rəylərini çatdırmaqdan ötrü vaxt verildiyi bildirilirdi.

XS
SM
MD
LG