Keçid linkləri

Təcili xəbərlər
2020, 31 Oktyabr, şənbə, Bakı vaxtı 17:14

Gözəl Bayramlıya təzyiq edildiyi bildirilir


G.Bayramlı

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Gözəl Bayramlıya Kürdəxanı İstintaq Təcridxanasında təzyiq edildiyi bildirilir. Bu haqda AXCP rəhbərliyi və G.Bayramlının yaxınlarından məlumat yayılıb.

Verilən məlumata görə, aprelin 28-də Gəncə İstintaq Təcridxanasından 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülən G.Bayramlıdan dövlət başçısına əfv ərizəsi yazmaq tələb edilib:

«Söhbət uğursuzluqla bitdikdən sonra Gözəl Bayramlını cəzalandırmaq üçün 10 saat müddətində Kürdəxanıda soyuq yerdə ac-susuz saxlayıblar. Sonra 4 saylı Cəzaçəkmə Müəssisəsinə göndərdilər», - deyə xanım siyasətçinin yaxınları bildirib.

Verilən məlumata görə, hamıya salamlarını göndərən G.Bayramlı mübarizə əzminin möhkəm olduğunu, heç bir təzyiqin onu yolundan döndərə bilməyəcəyini söyləyib.

Penitensiar Xidmət təkzib edir

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov isə bu deyilənləri «əsassız» adlandırıb.

«G.Bayramlının təcridxanada əfv ərizəsindən ötrü hansısa işgəncəyə, təzyiqə məruz qalması haqda deyilənlərin heç bir əsası yoxdur», -M.Sadıqov vurğulayıb.

Azərbaycanda yaxın vaxtlarda həm əfv, həm də amnistiya olacağı ilə bağlı gözləntilər var.

Xatırlatma

AXCP sədrinin müavini G.Bayramlı ötən il mayın 25-i axşam saatlarında Gürcüstandan qayıdarkən saxlanıb. Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Mayın 26-da Səbail Rayon Məhkəməsində onun barəsində ilkin olaraq üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Bu müddət sonra uzadılıb.

Rəsmi açıqlamada Gürcüstandan qayıdarkən G.Bayramlının əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı iddia olunur. G.Bayramlı isə məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar, onun həbsi siyasi xarakter daşıyır.

O, Gürcüstana müalicə məqsədilə getdiyini, son iki ildə Gürcüstanda üç dəfə əməliyyat olunduğunu bildirib.

Bu ilin yanvarında xanım siyasətçi 3 il həbs cəzası alıb.

Multimedia

XS
SM
MD
LG