Keçid linkləri

2024, 12 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:49

Mediada 'Putindən orden alanlar' və 'beşinci kolon' söhbətləri...


V.Putin təltif edir. Foto arxiv
V.Putin təltif edir. Foto arxiv

Azərbaycan-Rusiya münasibətlərinə baxış, hakimiyyət-müxalifət çəkişmələri, vaxtı keçmiş kreditlərin həlli yolları və başqa bu kimi məsələlər medianın diqqət verdiyi mövzulardandır...

«Avtoritarizm adası»

Azadliq.info saytında «Bizim eybəcər müttəfiqimiz» sərlövhəli yazı oxumaq olar.

Müəllif hesab edir ki, dünyada demokratiya hərəkatı güclənir, Rusiyanın müttəfiqi olaraq Azərbaycanda isə avtoritarizm qorunur.

Yazıda vurğulanır ki, istər regionda, istərsə də dünyada maraqlı hadisələr baş verir, avtoritarların sıraları tədricən seyrəlməyə başlayır: «Gürcüstan avrointeqrasiya seçimini etdi və bu yolda irəliləyir. Hətta Rusiyanın quberniyası hesab etdiyimiz, AzTv-nin 25 ildir dayanmadan «nokaut» etdiyi Ermənistan da avtoritarizmə təslim olmadı».

Müəllifin fikrincə, əslində Ermənistanda baş verənlər Azərbaycandan ötrü ikiqat məğlubiyyət deməkdir.

Yazıda vurğulanır ki, Ermənistan işğalçı ölkə olmasına baxmayaraq, bu mübarizə ilə bütün dünyada imicini yaxşılaşdırır, bununla da Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyinə «mismar» çalır.

Müəllif Azərbaycandan fərqli olaraq, Ermənistanın Avropa İttifaqı ilə tərəfdaşlıq sazişinə imza atmasına da diqqət çəkir: «Görünən budur ki, Azərbaycan Rusiyanın Qafqazdakı antidemokratiya müttəfiqi kimi qalır. Rusiyadakı bütün mürtəce dəyişikliklər Azərbaycanda təkrarlanır. Bütün prinsipial məsələlərdə Azərbaycan hakimiyyəti Rusiyanın maraqlarından çıxış edir və dövlət maraqları sonuncu sırada qərarlaşır».

Yazıda hesab edilir ki, Gürcüstan və Ermənistandakı hakimiyyətlər heç vaxt dövlət maraqlarından imtina etməyib.

Müəllifin fikrincə, amma Azərbaycan hakimiyyəti Rusiyadan imtina etməyi bacarmır: «Bir sözlə, korrupsiya, repressiya, hüquqsuzluq ənənələrinə sadiq qalan YAP hakimiyyəti Rusiyanın maraqları naminə ölkəni tamam batırmağa hazırdır. Putinin «dostluq», «şöhrət» ordenlərindən bihuş olub, ölkəni zillət bataqlığına yuvarlayırlar».

Almaniyada Azərbaycanda siyasi məhbuslara dəstək aksiyası
Almaniyada Azərbaycanda siyasi məhbuslara dəstək aksiyası

«Özünü ifşa»

«Azərbaycan» qəzetində «Antiazərbaycançı şəbəkə özünü ifşa etməkdə davam edir» sərlövhəli yazı dərc edilib.

Bu yazıda da milli maraqlardan bəhs edilir. Ancaq müəllif hesab edir ki, əksinə, Azərbaycan hakimiyyətinin bir sıra opponentləri milli maraqları nəzərdən qaçırırlar.

Müəllif yazıb ki, Azərbaycan xalqının uğurlarını, xüsusilə aprelin 11-də keçirilən prezident seçkilərində qətiyyətlə öz liderlərini dəstəkləməsini həzm edə bilməyən antiazərbaycançı şəbəkə çirkin əməllərindən əl çəkə bilmir.

Yazıda vurğulanmasına görə, yaxın tarixə nəzər salanda bir daha bəlli olur ki, onların belə məqamlarda fəallaşması və aqressivliyi yeni hadisə deyil: ​«Bu qüvvələr müstəqil Azərbaycanın uğurlarına hər zaman eyib axtarmağa çalışıblar və hər yerdə Azərbaycan əleyhinə əks kampaniya aparıblar. Ona görə də Ermənistanda hərbi xunta rejiminin bugünkü çöküşü də onları sevindirmir, əksinə, hətta məyus edir».

Müəllif həmin qüvvələri «xaricdən idarə olunan antimilli şəbəkə və daxildə formalaşan «beşinci kolon»» adlandırır.

Yazıda bu kontekstdə prezident İlham Əliyevin aprelin 18-də andiçmə mərasimi zamanı çıxışından sitat da gətirilir: «Onların yerini Azərbaycan xalqı çoxdan müəyyən edib, bu da tarixin zibilxanasıdır... Seçkilərdən əvvəl və seçkilərdən sonra onların təşkil etdikləri yığıncaqlar bir daha onu göstərir ki, Azərbaycan xalqı heç vaxt imkan verməz ki, xaricdən idarə olunan qruplaşma Azərbaycanda hansısa mövqeyə sahib olsun».

Q.İbadoğlu
Q.İbadoğlu

«Min yol var, bir həll yox»

«Yeni Müsavat» qəzetində «Qubad İbadoğlu: «Dövlətin problemli kreditlər məsələsini qapatmaq üçün yetərincə maliyyə imkanları var» sərlövhəli yazı yer alır.

Yazıda bildirilir ki, Azərbaycanda problemli kreditlərin həcmi 1.7 milyard manatı keçib. Vaxtı keçmiş kreditlərin ölkə üzrə ümumi portfeldəki payı isə 14 faizə yaxınlaşmaqdadır.

Yazıda vurğulanır ki, bir çoxları prezident seçkiləri öncəsi dövlətin bu problemə əl qoyacağını gözləyirdi. Müəllifin fikrincə, indi isə Cümhuriyyətin 100 illiyi ilə bağlı eyni gözləntilər yaşanmaqda davam edir.

İqtisadçı-ekspert Qubad İbadoğlu hesab edir ki, bu problemlin həllindən ötrü ya Mərkəzi Bankın, ya da Maliyyə Bazarlarına Nəzarət Palatasının nəzdində qurum yaradılmalıdır: «İlk növbədə analitik araşdırma aparılaraq bilinməlidir ki, problemli kreditlər hansı valyutada daha çoxdur. Nə qədərinin qaytarılmasına ümid var, nə qədəri ümidsizdir. Yaxud, hansı məbləğləri əhatə edən kreditlər nə qədər çəkiyə malikdir. Problemli kreditlərin nə qədəri banklara, nə qədəri bank olmayan kredit təşkilatlarına aiddir. Bundan sonra isə hüquqi baza formalaşdırılmalıdır».

Q.İbadoğlu hesab edir ki, dövlət müəyyən güzəştlər ilə problemə birbaşa müdaxilə edə bilər. Onun fikrincə, burada xarici valyuta ilə kredit götürənlərə daha çox güzəşt nəzərdə tutulmalıdır: «Əks təqdirdə bu məsələ maliyyə-bank sistemi üçün daha ciddi problemə çevriləcək. Baxmayaraq ki, dövlətin belə müdaxilə üçün yetərincə vəsaiti var. Düzünü deyim, gözləmirəm ki, dövlət belə bir addım atsın».

XS
SM
MD
LG