Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:10

'Azərbaycan sahibkarı riala, lirəyə və rubla inanmır'-Media icmalı


Dollar/Rubl
Dollar/Rubl

Azərbaycanın sıx ticarət tərəfdaşları hesablaşmada tam milli valyutaya keçərsə, bunun manata mümkün təsirləri, sənayeləşmə, kiçik və orta biznesin vəziyyəti medianın mövzularındandır...

Regionda dollardan imtina olunarsa...

«Yeni Müsavat» qəzetində «Qonşularımız milli pulları ilə alverə keçsə, Azərbaycana təsiri nə olar…» sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki, Azərbaycanın sıx ticarət tərəfdaşı olan bəzi ölkələr öz aralarında hesablaşmaları milli valyutalarda aparmaq məsələsini aktuallaşdırmaqdadırlar. Müəllifin vurğulamasına görə, artıq İranla Türkiyənin bu istiqamətdə 2017-ci ilin oktyabrında imzaladıqları müqavilənin icrasına başlanmaqdadır.

Yazıda qeyd edilir ki, son illər hər üç ölkədən Azərbaycana da ticarətin milli valyutalarla aparılması ilə bağlı təkliflər gəlib.

Müəllifin fikrincə, son həftələrdə Rusiya, Türkiyə və İranın milli valyutalarının daha da dəyər itirməsi dollardan imtina istəyini daha da gücləndirib.

«Azərbaycan üçün bunun ciddi riski yoxdur, çünki bizim hər iki ölkə (Türkiyə və İran) ilə mənfi ticarət saldomuz var. Bu, Azərbaycan üçün müəyyən manevr imkanları yaradır. O halda ciddi risklər yaranar ki, bu ölkələrə ixrac idxaldan çox ola. Bu isə hər iki ölkənin valyutasının Azərbaycanda izafi artıqlığı və məzənnə dəyişikliyi ilə itkilərin meydana çıxması təhlükəsi yaradar», - iqtisadçı-ekspert Rəşad Həsənov qəzetə bildirib.

Ekspert bununla belə hesab edir ki. Azərbaycan da daxil olmaqla, Rusiya, Türkiyə və İranda biznesin bu prosesə qoşulub-qoşulmayacağı özü ciddi sual altındadır: «Düşünürəm ki, mövcud şərtlər daxilində Azərbaycanda da, digər üç ölkədə də biznes bu prosesə qoşulmayacaq. Çünki Rusiya sahibkarı İran rialına, İran sahibkarı Türkiyə lirəsinə, Türkiyə sahibkarı rus rubluna, Azərbaycan sahibkarı isə bu üç ölkənin heç birinin milli valyutasına inanmır».

R.Həsənov deyib ki, biznesi belə şərtlər daxilində prosesə cəlb etmək dövlətdən sahibkarlar üzərində təzyiq formalaşdırmasını şərtləndirir.

Sizcə, Azərbaycanda biznes, sahibkarlıq üçün şərait nə qədər əlverişlidir?
Gözlə

No media source currently available

0:00 0:01:17 0:00

Azərbaycan kiçik və orta biznesin inkişafına görə «geridədir»

«Novoye Vremya» qəzetində «Azərbaycanda kiçik və orta bizneslə bağlı hər şey hələ yeni başlayır» sərlövhəli yazı yer alır.

Müəllif hesab edir ki, ölkədə kiçik və orta biznes inkişaf edə bilmir.

Yazıda rəsmi statistikaya istinadən xatırladılır ki, 2016-cı ilin ortalarında ölkədə 83 mindən çox kiçik müəssisə fəaliyyət göstərib. Bu da bütün özəl subyektlərin 80 faizi deməkdir.

Müəllif vurğulayıb ki, kiçik və orta biznesin ölkə Ümum Daxili Məhsul istehsalında payı çox azdır: «Baxmayaraq ki, bu sahəyə kifayət qədər kapital qoyulur, amma əmək məhsuldarlığı sahəsində aşağı nəticələr müşahidə edilir».

Müəllif hesab edir ki, bütün bunlar bu müəssisələrin strukturlaşmasından irəli gəlir. Yazıda qeyd edilməsinə görə, bu müəssisələrin 37 faizi ticarət, 21.1 faizi tikinti, 10 faizi kənd təsərrüfatı ilə məşğuldur.

Müəllif hesab edir ki, kiçik və orta biznesin inkişafına görə Azərbaycanda vəziyyət çox pisdır. Yazıda vurğulanır ki, inkişaf edən ölkələrdə Ümumi Daxili Məhsulda kiçik və orta sahibkarlığın rolu çox böyükdür.

Müəllifin qənaətinə görə, inkişaf etmiş ölkələr kiçik və orta biznesi irəli aparmaqdan ötrü uzun yol keçiblər. Bununla belə, yazıda iddia olunur ki, Azərbaycan bu sahənin inkişafına görə hətta bir sıra MDB ölkələrindən də geridə qalır.

İ.Əliyev İsmayıllı velosiped zavodunun açılışında
İ.Əliyev İsmayıllı velosiped zavodunun açılışında

Hədəf-sənaye inkişafının sürətləndirilməsi

«Azərbaycan» qəzetində «İqtisadi islahatların hədəflərindən biri də ölkədə sənayeləşməni sürətləndirməkdir» sərlövhəli yazı dərc edilib.

Müəllif yazır ki, son illər ölkə iqtisadiyyatında qazanılan uğurlar davamlı islahatlara söykənir. Yazıda vurğulanır ki, son vaxtlar Ümumi Daxili Məhsul istehsalında artım var.

Müəllifin fikrincə, sənayenin, aqrar sektorun inkişafı, yeni emal müəssisələrin yaradılması qeyri-neft sektorunda məhsul istehsalını stimullaşdırıb, bir çox məhsulların idxalı azalıb, ixracı isə artıb: «Bu layihələr ölkəmizin iqtisadi inkişafına güc qatmaqla yanaşı, siyasi nüfuzunu da artırıb. Həmin siyasət sayəsində Azərbaycan dünyanın diqqət mərkəzinə çevrilib. Ölkəmiz Şərqdən Qərbə, Şimaldan Cənuba daşınan yüklərin qovşağında mükəmməl nəqliyyat və logistika imkanlarına malikdir».

Müəllif prezident İlham Əliyevin aprelin 18-də keçirilən andiçmə mərasimində iqtisadi islahatların əhəmiyyəti ilə bağlı bəyanatlarından sitat da gətirir: «Mən dəfələrlə demişəm və həyat bunu göstərir, ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilərlər. Əgər sən kimdənsə asılısansa, - ya kreditdən asılısan, ya başqa dövlətdən asılısan, - heç vaxt, sözün əsl mənasında, müstəqil siyasət aparmaq iqtidarında olmayacaqsan. Ona görə biz çalışırdıq ki, iqtisadi müstəqilliyə çataq və buna nail olduq».

XS
SM
MD
LG