Keçid linkləri

Təcili xəbərlər
2020, 23 Oktyabr, Cümə, Bakı vaxtı 10:48

Bir gündə 7 vəkil cəzalandırılıb


Vəkillər Kollegiyası

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin aprelin 23-də keçirilmiş iclasında 7 vəkil cəzalandırılıb.

Bu haqda Vəkillər Kollegiyasının aprelin 24-də yaydığı məlumatında bildirilir.

Rəyasət Heyətinin iclasında vəkillərin intizam məsələsinin diqqət mərkəzində olduğu açıqlanıb. Kollegiyanın məlumatına görə, vəkillər barəsində başlanılmış 29 intizam icraatı üzrə Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb. Yekunda dörd vəkilin fəaliyyətinin müəyyən müddətə dayandırılmasına, iki vəkilin isə Vəkillər Kollegiyası üzvlüyünə xitam verilməsi ilə bağlı məhkəməyə müraciət edilməsinə qərar verilib. Bir vəkilə isə irad bildirilib. Məlumatda ad açıqlanmır.

Həmin qərarlar vəkilliklə bağlı qanunvericilik aktlarının tələblərinin, vəkillərin davranış qaydaları haqqında əsasnamənin, o cümlədən vəkil etikası normalarının pozuntusu ilə əsaslandırılıb.

Toplantıda həmçinin, 17 nəfərin vəkilliyə qəbul edildiyi bildirilir.

Kollegiyanın məlumatında vurğulanır ki, toplantıda təşkilati məsələlərə də baxılıb. Bir sıra vəkillərin iş yerinin dəyişdirilməsi, fərdi vəkilliyə buraxılmaları ilə bağlı qərarlar da qəbul olunub.

Rəyasət Heyəti həmçinin, vəkillərin peşə bayramı gününün müəyyən edilməsi ilə əlaqədar komissiya yaradılmasına qərar verib. Həmin komissiya ən qısa müddət ərzində Rəyasət Heyətinə uyğun arayış təqdim etməlidir.

Toplantıda vəkil qurumları və fərdi vəkillərin istifadə etdikləri hüquqi yardım haqqında müqavilənin yeni forması da təsdiqlənib.

Xatırlatma

Vəkillərdən Əsabəli MustafayevNemət Kərimli Vəkillər Kollegiyasının Rəyasət Heyətinin dünən, aprelin 23-də keçirilən iclasında vəkillik fəaliyyətlərinin bir illik dayandırılması barədə qərar qəbul edildiyini açıqlamışdılar. Bir sıra ictimai-siyasi fəalların hüquqlarını müdafiə edən bu vəkillər baş prokurorun birinci müavini Rüstəm Usubovun müraciəti əsasında cəzalandırıldıqlarını bildiriblər.

Hər iki vəkil AzadlıqRadiosuna açıqlamalarında Vəkillər Kollegiyasının qərarının əsassız olduğunu deyiblər. Onlar vurğulayıblar ki, cinayət işlərini siyasiləşdirməkdə ittiham ediliblər.

Bundan əvvəl yanvarın 22-də vəkil Fəxrəddin Mehdiyevin də fəaliyyəti R.Usubovun müraciəti əsasında bir illik dayandırılıb. O isə demişdi ki, buna səbəb hüquqlarını müdafiə etdiyi Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin ona ünvanlanmış ittihamlara cavabını mətbuata verməsi göstərilib.

Ondan öncə -2017-ci il noyabrın 20-də vəkil Yalçın İmanovun vəkillik fəaliyyətinə xitam verilməsi barədə məhkəməyə müraciət edilməsinə qərar verilib. O, hüquqlarını müdafiə etdiyi şəxsin işgəncəyə məruz qalması haqda şikayətinə görə açıqlaması ilə bağlı Penitensiar Xidmətin rəhbərliyinin müraciəti əsasında cəzalandırılıb.

Vəkillər Kollegiyasından uzaqlaşdırılanlar arasında adları sadalananlarla yanaşı, Xalid Bağırov, Əlayif Həsənov, Aslan İsmayılov, Namizəd Səfərov, Müzəffər Baxışov və başqaları da var.

Vəkillər Kollegiyasının rəhbərliyi isə siyasi işlərə çıxan vəkillərin cəzalandırılması barədə fikirlərlə razılaşmır. Kollegiyanın Rəyasət Heyətinin sədri Anar Bağırov AzadlıqRadiosuna bildirmişdi ki, cəzalandırılan vəkillər qanun pozuntularına yol veriblər.

Multimedia

XS
SM
MD
LG