Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:17

Azərbaycanın hələ də qazsız qalan kəndləri...-Media icmalı


Dollar
Dollar

Qaz verilməsində yaranan fasilələr, iqtisadi əməliyyatların milli valyutada aparılması imkanı, ölkənin müstəqilliyini şərtləndirən amillər və başqa məsələlər medianın aparıcı mövzularındandır...

Manatla ticarət imkanı

«Exo» qəzetində «Azərbaycan milli valyuta ilə haqq-hesab aparmağa hazır deyil» sərlövhəli yazı oxumaq olar.

Yazıda Azərbaycanın öz ticarətini milli valyuta ilə aparması imkanı iqtisadçı ekspert Fuad Əlizadə ilə müzakirə edilib.

F.Əlizadə hesab edir ki, Azərbaycandan ötrü optimal variant haqq-hesabların ABŞ dolları ilə aparılmasındadır. Onun fikrincə, bu, ticarət tərəfdaşlarının valyutalarında az-çox sabitlik yaranana qədər davam etməlidir: «Dünya ticarəti, əsasən, ABŞ dolları ilə aparılır. Hazırda isə bir çox ölkələr 10 illərlə davam edən dollar asılılığından xilas olmaq istəyirlər. Bu da «dollarsızlaşdırma» deməkdir. İkitərəfli əlaqələrdə haqq-hesabların milli valyutalarda aparılması ilə bağlı danışıqlar son 2-3 ildə aktuallaşıb. Burada Çinin, Rusiyanın, Hindistanın, İranın, Türkiyənin adlarını çəkmək olar. Azərbaycanda da bu haqda danışırlar...».

F.Əlizadə vurğulayıb ki, ABŞ-ın sanksiyalarının genişlənməsi səbəbindən bu mövzu da getdikcə bəzi ölkələrdə aktuallığını artırmaqdadır: «Bir tərəfdən bu, yaxşıdır. Belə ki, ikiqat konvertasiya olmadığı (bir valyutadan dollara çevirmə, daha sonra dollardan başqa bir valyutaya çevirmə) üçün qənaət etməyə imkan verir. Digər tərəfdən isə milli valyuta daim dəyişkənlik yaşayacaq».

F.Əlizadə vurğulayır ki, son vaxtlar Türkiyə ticarət əlaqələrində lirə ilə hesablamaların aparılmasının payını artırıb. Amma F.Əlizadə bu məsələdə bəzi xəbərdarlıqları da gərəkli sayır: «Son illərdə dollara nisbətdə Azərbaycan manatı sabit qalıbsa, türk lirəsi əksinə, əhəmiyyətli dərəcədə dəyər itirib. Milli valyutalarla haqq-hesab aparmağa keçdikdə Azərbaycanın belə də itkiyə məruz qalması mümkündür. Hesab edirəm ki, buna keçid hələ tezdir».

Qaz sobası
Qaz sobası

Ağcabədi və Quba rayonlarının bəzi kəndlərində qaz yoxdur

«Novoye Vremya» qəzetində «Qaz hara yoxa çıxıb?» sualı gündəmə daşınır.

Müəllif qazın verilməsində yaranan fasilələri və bunun səbəblərini araşdırmağa çalışıb.

Yazıda bildirilir ki, son vaxtlar Bakının rayonlarına qaz verilməsində fasilələr yaranır və «Azəriqaz» İstehsalat Birliyi (İB) bunu texniki işlərin görülməsi ilə izah edir: «Qış mövsümündə bu hallar baş verəndə bunu soyuqlarla, kəmərlərdə qazın təzyiqinin aşağı düşməsi ilə izah etmək olur. İndi isə artıq qış keçib, amma qaz təchizatında problem hələ də həllini tapmayıb».

Müəllif hesab edir ki, qazın xariclə müqayisədə yerli müştərilərə baha satılması da bir ayrı mövzudur.

Yazıda vurğulanır ki, daha bir məsələ qazın keyfiyyətidir. Müəllif hesab edir ki, dəm qazına görə ölüm hallarında bəzən məhz qazın keyfiyyəti gündəmə gəlir.

Yazıda qeyd edilir ki, belə olan halda yüksəkrütbəli məmurların Avropanın enerji təhlükəsizliyini Azərbaycanın təmin edəcəyi haqda bəyanatları bir xeyli düşündürücüdür.

Müəllif yazır ki, ölkə vətəndaşlarının enerji təhlükəsizliyi də unudulmamalıdır.

Yazıda bildirilir ki, Ağcabədi və Quba rayonlarının bəzi kəndlərində hələ də qaz yoxdur.

Müəllif hesab edir ki, bu sahədə yaranan problemin səbəblərindən bir də kadr islahatlarının aparılmamasıdır: «Neft-qaz və enerji kompleksinin bir çox rəhbərləri artıq neçə vaxtdır ki, bu kürsülərdə əyləşiblər. Vəziyyəti yaxşı tərəfə dəyişə bilmək üçün əllərini belə tərpətmirlər».

Bakı
Bakı

«Taleyinin sahibi»

«Azərbaycan» qəzetində «Azərbaycan dövləti öz taleyinin sahibidir» sərlövhəli yazı dərc edilib.

Müəllif azadlığı böyük nemət sayaraq xalqların bunun uğrunda mübarizə apardığını yazıb. Yazıda müstəqilliyi şərtləndirən bəzi amillər üzərində də dayanılır: «Müstəqillik həm də dövlətin müstəqil qərarlar qəbul edə bilməsi, bütün məsələlərdə özünün mövqeyinin olması, kənar təsirlər altına düşmədən sərbəst siyasət həyata keçirməsi deməkdir».

Müəllif hesab edir ki, hazırda bir çox dövlətlərin azadlığı formal xarakter daşıyır. Ancaq bu mənada Azərbaycan fərqləndirilir: «Bu müstəqillik Heydər Əliyevin ölkəyə rəhbərlik etməyə başlamasından görünməyə başladı. 1994-cü ildə imzalanan «Əsrin müqaviləsi» tarixdə ilk dəfə Azərbaycanın malik olduğu karbohidrogen ehtiyatlar barədə müstəqil qərar verməsi idi. Bu müqavilənin milli maraqlarımıza uyğun hazırlanması, dünyanın müxtəlif qütblərini təmsil edən iri şirkətlərin Xəzər dənizinə cəlb edilməsi dövlətimizin müstəqil siyasətindən xəbər verirdi».

Müəllif hesab edir ki, ölkədə həmin siyasət indi də davam etdirilir. Yazının sonunda da Ermənistanla Azərbaycan arasında paralellər aparılır: «Ermənistandan fərqli olaraq, Azərbaycan dövləti öz taleyinin sahibidir. İşğalçı ölkədən fərqli olaraq, bu gün biz hansısa təşkilata üzv olub-olmamaq və ya hansısa beynəlxalq öhdəliyə qoşulub-qoşulmamaq dilemması qarşısında deyilik. Hər bir məsələdə Azərbaycan prezidentinin aydın, dəqiq və konkret mövqeyi var».

XS
SM
MD
LG