Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:08

'Ombudsman sosial şəbəkələrin tənzimlənməsini istəyir'-Media icmalı


E.Süleymanova
E.Süleymanova

İnsan haqları üzrə müvəkkilin (ombudsman) məruzəsində yer alan məqamlar, ölkəyə yatırılan xarici sərmayələrin azalmasına aid göstəricilər və iqtisadi vəziyyət medianın aparıcı mövzularındandır...

Ombudsmandan təklif...

«Novoye Vremya» qəzetində «Ombudsmanın məruzəsi-hamıya məlum faktların konstatasiyası» sərlövhəli yazı oxumaq olar

Yazıda bildirilir ki, ombudsmanın məruzəsində insanların şəxsi həyatına müdaxilənin yolverilməzliyi, mənzil bazarında qiymətlərin aztəminatlı ailələrin gəlirlərinə uyğun olmaması tezisləri, sosial şəbəkələrin hüquqi tənzimlənməsi və məktəbəqədər müəssisələrin Təhsil Nazirliyinin balansına qaytarılması kimi təkliflər yer alır.

Müəllif vurğulayıb ki, insanın şəxsi həyatı toxunulmaz qalmalıdır, amma belə əməl törədənlərin bəzən hələ də cəzasız qalmaları faktdır.

Sosial şəbəkələrə gəlincə, müəllif internet trolları ilə qəti mübarizə aparılmasını vacib sayır. Yazıda vurğulanır ki, amma müvəkkilin sosial şəbəkələrin hüquqi tənzimlənməsi təklifinin arxasında məhdudlaşdırıma istəyi dayana bilər.

Müəllif demokratik inkişaf yolu seçən dövlətlərdən ötrü internet azadlığını vacib sayır: «Son zamanlar sosial şəbəkələrin bağlanması kimi çağırışlar olması sirr deyil. Amma belə çağırışlar və buna can atanlar bilsinlər ki, bu, ölkənin imicinə müsbət heç nə vermir».

Dollar
Dollar

«İnkişaf nağılları və kiçilən rəqəmlər»

Azadliq.info saytında «Xarici sərmayələr ötən illə müqayisədə 361 milyon azalıb» sərlövhəli yazı yer alır.

Müəllif xarici sərmayələrin azalması ilə bağlı bir sıra sualları gündəmə daşıyır: «Xarici sərmayədarlar niyə burada duruş gətirmir? Onların öz sərmayələrini ölkəmizdən çıxarmasının səbəbi nədir? Yüksək tribunalardan bu xalqa inkişaf nağılları söyləyənlərdən kim bunun açmasını deyə bilər?».

Yazıda bildirilir ki, bu ilin I rübündə Azərbaycana qoyulan xarici sərmayələr ötən ilə nəzərən 31 faiz və ya 361 milyon dollar azalıb.

Müəllif yazıb ki, 2015-ci ilin I rübü ilə müqayisədə bu göstərici 811 milyon dollar və ya 50 faiz aşağı düşüb: «Məlumat üçün xatırladım ki, xarici sərmayələr 2018-ci ilin I rübündə 816 milyon, ötən ilin I rübündə 1177 milyon, 2016-cı ilin eyni rübündə 1243 milyon, 2015-ci ilin hesabat dövründə isə 1627 milyon dollar olub».

Yazıda bildirilir ki, 2015-ci ildən sonra Azərbaycana yönələn xarici sərmayələr, bir qayda olaraq, azalmaqda davam edib...

Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı
Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı

«İqtisadi uğurlar»

«Azərbaycan» qəzetində «Azərbaycanın iqtisadi uğurları tarixi nailiyyətdir» sərlövhəli yazı dərc edilib.

Müəllif iddia edir ki, ölkədə aparılan islahatlar sosial-iqtisadi inkişafa yol açıb. Müəllif dövlət başçısı İlham Əliyevin aprelin 18-də andiçmə mərasimindəki çıxışından sitatlar gətirir. «Əgər sən kimdənsə asılısansa, - ya kreditdən asılısan, ya başqa dövlətdən asılısan, - heç vaxt, sözün əsl mənasında, müstəqil siyasət aparmaq iqtidarında olmayacaqsan. Ona görə biz çalışırdıq ki, iqtisadi müstəqilliyə çataq və buna da nail olduq. Biz indi heç bir kreditə möhtac deyilik, özümüz kreditlər veririk. Bizim dövlət borcumuz ümumi daxili məhsulumuzun 20 faizini təşkil edir. Mən qarşıya vəzifə qoymuşam və biz gələcək illərdə dövlət borcumuzu daha da aşağı səviyyəyə salmalıyıq», - deyə prezident çıxışında vurğulayıb.

Yazıda hesab edilir ki, ölkədə iqtisadi uğurların qazanılmasında 1994-cü ildə imzalanan «Əsrin sazişi» adlı neft müqavilələrindən gələn gəlirlər mühüm yer tutub. Müəllifin fikrincə, bu gəlirlər qeyri-neft sektorunda, sosial sahədə inkişafın da əsasını təşkil edib.

Yazıda iddia edilir ki, hazırda ölkədə işsizlik təxminən 5, yoxsulluq isə 4.5 faiz civarındadır.

Üstəlik, bu yazının müəllifi həmçinin hesab edir ki, Azərbaycan dünyada münbit investisiya mühitinə görə seçilən ölkələrdəndir: «Əcnəbi sahibkarlar milli iqtisadiyyatımıza investisiya qoymaqdan çəkinmirlər. Dünyadakı maliyyə və iqtisadi sıxıntılara baxmayaraq, yenə də xarici sahibkarlar Azərbaycan iqtisadiyyatına sərmayə yatırmaqda davam edirlər. Təsadüfi deyil ki, uzun illərdir Azərbaycan xarici sərmayənin qoyuluşu səviyyəsinə görə MDB məkanında liderdir. Son 15 ildə Azərbaycan iqtisadiyyatına 230 milyard dollardan artıq sərmayə yatırılması bunun real göstəricisidir...».

XS
SM
MD
LG