Keçid linkləri

2024, 09 May, Cümə axşamı, Bakı vaxtı 06:03

Prezidentin andına iki fərqli yozum-Media icmalı


İlham Əliyev and içmə mərasiminə belə gəldi
Gözlə

No media source currently available

0:00 0:05:44 0:00

İlham Əliyev and içmə mərasiminə belə gəldi

Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisində qalib gələn İlham Əliyevin and içməsi, onun 15 illik hakimiyyətinə baxış, dollara yenidən tələbatın artmasının səbəbləri və başqa məsələlər medianın aparıcı mövzularındandır...

«Bu adamlar üçün and içmək su içməkdən də asandır»

Azadliq.info saytında «Tövbəsiz andiçmə mərasimi» sərlövhəli yazı oxumaq olar.

Müəllif aprelin 11-də keçirilmiş prezident seçkisinin nəticəsinə görə, dördüncü dəfə prezident seçilmiş İlham Əliyevin aprelin 18-də gerçəkləşən andiçmə mərasimindəki çıxışını öz baxış bucağından dəyərləndirir.

Yazıda bildirilir ki, dövlət başçısı dördüncü dəfə də analoqsuz inkişafdan, uğurlu xarici, daxili siyasətdən, Qarabağ məsələsindəki prinsipial mövqedən, tolerantlıqdan, yoxsulluğun azaldılmasından və ölkədə bütün azadlıqların təmin edilməsindən danışıb.

Müəllif İ.Əliyevin 15 illik prezidentlik dövrünə də qayıdır: «O, ilk dəfə 15 il öncə and içmişdi və «mən hər bir Azərbaycan vətəndaşının prezidenti olacam» demişdi. Amma 15 ildən sonra Azərbaycanda müstəqil mətbuat sıradan çıxıb, 100-dən artıq ləyaqətli insan şərlənərək həbs olunub. Dövlətin xarici borcu 20 milyard manata çatıb. Yüz minlərlə insan ölkəni tərk etmək məcburiyyətində qalıb...».

Yazıda vurğulanır ki, indi ölkə əhalisinin üçdə biri bank girovuna çevrilib, minimum əməkhaqqı 130 manatı keçməyib və bir qrup vəzifəli şəxs milyarderə çevrilib.

Müəllifə görə, vətəndaşın üz tutacağı dövlət qurumu qalmayıb, hökumət ölkəyə yaxşı gəlir gətirən «obyekt» kimi baxır: «Dördüncü dəfə özünü seçdirmiş adam səhvləri etiraf etmədi, yarıtmaz idarəçiliyə görə üzr istəmədi, müxalifətə qarşı ritorikanı dəyişmədi. Bir daha təsdiq etdi ki, həqiqi islahatların aparılacağına, azadlıqların təmin olunacağına, hökumətin xarakterinin dəyişəcəyinə and içməyəcək. İztirablar içində yaşayan xalqa növbəti dəfə analoqsuz inkişafdan danışmaq bütün andları pozmaqdır. Xalq gördü ki, bu adamlar üçün and içmək su içməkdən də asandır...».

İ.Əliyev and içir
İ.Əliyev and içir

«Layiqli xidmət»

«Azərbaycan» qəzetində dərc edilən «İlham Əliyevin Azərbaycana layiqli xidmət missiyasının yeni mərhələsi başlayır» sərlövhəli yazıda da prezident İ.Əliyevin aprelin 18-də keçirilmiş andiçmə mərasimi fonunda onun fəaliyyəti dəyərləndirilir. Ancaq bu yazıda İ.Əliyevin geridə qalan 15 illik fəaliyyəti azadliq.info saytından 180 dərəcə fərqli qiymətləndirilir.

Müəllif yazır ki, aprelin 18-də prezident əsas hüquqi və mənəvi rəmzlərə - Konstitusiyaya və Qurani-Şərifə and içərək şərəfli missiyasının yeni mərhələsinə başladı.

Yazıda vurğulanır ki, andiçmə mərasimi hər cür təmtəraqdan uzaq işgüzar xarakterli olub, andicmədən və ənənəvi ziyarətlərdən sonra İ.Əliyev ziyafətə, bayram tədbirlərinə qatılmayıb: «...Birbaşa Prezident Administrasiyasına getdi, səlahiyyətlərinin icrasına başladı, həllini gözləyən problemlərin nizamlanması ilə məşğul oldu. Ümumiləşdirsək isə şanlı Azərbaycan mücadiləsinin növbəti zəfər məqamlarını yazmağa davam etdi!».

Müəllif həmin andiçmə mərasimində dövlət başçısının nitqinə toxunaraq yazıb ki, proqram xarakterli bu çıxışda qarşıdakı 7 il ərzində daxili, xarici, iqtisadi, sosial və başqa sahələr üzrə siyasətin əsas koordinatları əks edilib: «Sadə, anlaşılan dillə, siyasi sofistikadan və pafosdan uzaq çıxışla dünyaya yeni Azərbaycanın yeni siyasətinin mesajlarını çatdırırdı».

Yazının sonunda da oxuyuruq: «Heç şübhəsiz, öz taleyinin sahibi olan xalq tarixin ən qüdrətli Azərbaycanını yaradan liderin rəhbərliyi altında bütün hədəflərə çatacaq! Qarşıdakı 7 il Azərbaycanın ən şanlı salnamələrinin yazılacağı dövr olacaq - İlham Əliyev bunu da bacaracaq!».

Sizcə, manatı nə gözləyir?
Gözlə

No media source currently available

0:00 0:01:30 0:00

«Dollar ajiotajının pərdəarxası»

«Yeni Müsavat» qəzetində «Dollar ajiotajını banklar yaradır» sərlövhəli yazı yer alır.

Müəllif manatın taleyini iqtisadçı Natiq Cəfərli ilə təhlil etməyə çalışıb.

Yazıda bildirilir ki, son günlər əhali arasında dollara tələbatın artması, bankların isə müştərilərə dollar satmaqdan imtina etmələri valyuta bazarında ajiotaj yaradıb.

Müəllifə görə, qonşu ölkələrdə dolların bahalaşması da Azərbaycan əhalisi arasında əllərindəki vəsaiti dollara dəyişmək istəyini gücləndirib.

«Qonşu ölkələrin hamısında milli valyutalar dəyərdən düşüb. Səbəblər müxtəlif olsa da, proses eynidir. Rusiya rublu, Türkiyə lirəsi çox sürətlə dəyərdən düşdü. Qazaxıstan təngəsində 10 faiz ucuzlaşma oldu, İran rialı təqribən 15-20 faiz ucuzlaşdı. Bütün ətraf ölkələrdə, Azərbaycanın ticarət tərəfdaşı olan ölkələrdə milli valyutalar dəyərdən düşüb. Bu da Azərbaycanda insanlar arasında belə bir narahatlığa səbəb oldu ki, manatla bağlı da oxşar qərar verilə bilər», - deyə N.Cəfərli durumu qəzetə belə şərh edir.

Ekspert deyib ki, Mərkəzi Bank rəhbərliyinin devalvasiya olmayacağı barədə çıxışı əks effekt verib. N.Cəfərlinin fikrincə, səbəb də budur ki, 2015-ci ildə baş verən iki devalvasiyadan öncə Mərkəzi Bank manatı ciddi təhlükənin gözləmədiyi ilə bağlı açıqlama vermişdi.

Ekspertə görə, qonşu ölkələrdə milli valyutaların dollar və avro önündə dəyər itirməsindən sonra sərbəst manat kütləsinin yenidən dollara çevrilməsinə start verilib. N.Cəfərli vurğulayıb ki, amma banklar buna hazır deyildilər: «Çünki artıq bir ilə yaxındır ki, inzibati yollarla dollar-manat məzənnəsi sabit saxlanılır. Manat digər valyutalara nisbətdə sabit olmasa da, dollar-manat məzənnəsi əsas götürülür... Banklar da adət etmişdilər ki, gündəlik tələbat 50 min dollar civarında olsun, birdən-birə tələbatın artması banklarda yaranmış bu sükutu pozdu».

N.Cəfərli hesab edir ki, əslində neftin qiymətinin düşmədiyi halda manata ciddi təhlükə yoxdur.

XS
SM
MD
LG