Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:38

'Hökumət dollar təklifini artırmayacaqsa...'-Media icmalı


Sumqayıt
Sumqayıt

Ölkə iqtisadiyyatının 2018-ci ilin ilk rübünə aid göstəriciləri, əhalinin gəliri baxımından regionlarla paytaxt arasında fərq, rublun, lirənin məzənnəsində baş verən düşüşün manata mümkün təsirləri və başqa məsələlər medianın aparıcı mövzularındandır...

Bakı və regionlar

«Exo» qəzetində «İnsanlar Sumqayıtdan Bakıya əlavə 100 manat qazanmaq üçün gəlirlər. Bu normal deyil» sərlövhəli yazı oxumaq olar.

Yazıda qazanc əldə etmək baxımından paytaxt Bakı ilə regionlar arasındakı fərq «Xidmət-iş» Həmkarlar İttifaqlarının vitse-prezidenti Cəmaləddin İsmayılovla müzakirə edilir.

«Bakı əməkhaqqının səviyyəsinə görə liderdir. Amma inflyasiyanın daimi artımını, alıcılıq qabiliyyətinin aşağı düşməsini nəzərə alsaq, heç paytaxt sakinləri də həyat səviyyəsindən o qədər də razı deyillər», - deyə C.İsmayılov Bakı ilə regionlar arasında vəziyyəti dəyərləndirir.

O bildirib ki, Bakıdan başqa, Gəncə, Zaqatala, Quba və Lənkəran şəhərləri həm gəlir əldə etmək, həm də yerli əmək bazarı baxımından başqa bölgələrdən fərqlənirlər: «Başqa şəhərlərlə müqayisədə adları çəkilən şəhərlərdə əməkhaqqı bir az yüksək, işsizlik bir qədər aşağıdır. Bu şəhərlərdə orta aylıq gəlir 300 manat, Bakıda isə 500 manatdır».

Federasiya vitse-prezidenti deyib ki, Azərbaycan şəhərləri çox zəif inkişaf edib: «Məsələn, böyüklüyünə görə ölkənin ikinci şəhəri olan Gəncə çox zəif inkişaf edir. Baxmayaraq ki, vaxtilə bu şəhərdə yüngül və ağır sənaye müəssisələri fəaliyyətdə idi. Qazanc əldə etmək üçün qonşu regionlardan bura işləməyə çoxsaylı insanlar gəlirdilər».

O vurğulayıb ki, Sumqayıt şəhəri isə aşağı maaşlı, qeyri-formal əmək bazarı payının yüksəkliyi və vakansiyalara yüksək rəqabətiylə fərqlənir: «Burada sahibkarlar işçilərə çox aşağı, 150 manat maaş təklif edir, iş yeri tapmayan çoxluq şəhəri tərk etmək arzusundadır».

Vitse-prezidentin deməsinə görə, insanlar hər gün Sumqayıtdan Bakıya əlavə 100 manat qazanmaq ümidiylə gəlirlər.

Dollar
Dollar

Rublda, lirədə düşüş, manatda...

«Yeni Müsavat» qəzetində «Qubad İbadoğlu: «Manatın məzənnəsində dəyişikliyə gedilməyəcək» sərlövhəli yazı yer alır.

Yazıda bildirilir ki, son vaxtlar Azərbaycanla sıx ticarət tərəfdaşları olan Rusiya və Türkiyənin milli valyutaları həm avroya, həm də dollara münasibətdə ucuzlaşmaqdadır. Bunun Azərbaycan manatına mümkün təsiri iqtisadçı ekspert Qubad İbadoğlu ilə təhlil edilib.

Q.İbadoğlu deyib ki, Rusiya və Türkiyə milli valyutalarının dəyərdən düşməsi Azərbaycandakı iqtisadi proseslərə təsir göstərməyə bilməz: «Bu təsirlər özünü müxtəlif parametrlər üzrə göstərə bilər. İndiki halda əsas ticarət tərəfdaşımız olan Rusiya və Türkiyə ilə ticarət dövriyyəmizdə əsas yeri bizim onlardan idxalımız tutur».

Ekspert vurğulayıb ki, indiki halda Rusiya və Türkiyədə milli valyutaların dəyərdən düşməsi bu ölkələrdən ötrü ixracatı, Azərbaycandan ötrü isə idxalı stimullaşdırır.

Q.İbadoğluna görə, bu iki ölkədə baş verənlər ora işləməyə gedən Azərbaycan vətəndaşlarının da qazancına təsir edəcək: «Yəni manatın məzənnəsinə həm iqtisadi, həm psixoloji təzyiqlər yaranır. Bu təzyiqləri önləmək üçün dövriyyəyə əlavə xarici valyuta buraxılması zərurəti yaranır».

Q.İbadoğlu hesab edir ki, bu da dollara olan tələbatı artıran prosesdir və manata təzyiqdir: «Bu təzyiqlərin qarşısında hazırda hökumətin yeganə yolu Dövlət Neft Fondu vasitəsilə bazara dollar təklifini artırmaqdır. Hökumət dollar təklifini artırmayacaqsa, manatın məzənnəsində müəyyən dəyişikliklər gözlənilə bilər, yox, əgər artırılacaqsa, hər hansı dəyişiklik də baş verməyəcək».

İ.Əliyev qazma qurğusunun açılışında
İ.Əliyev qazma qurğusunun açılışında

«Tərəqqi və yüksəliş»

«Azərbaycan» qəzetində «Modern inkişaf, tərəqqi və yüksəliş» sərlövhəli yazıda ölkədə 2018-ci ilin ilk üç ayında əldə edilən iqtisadi nəticələr dəyərləndirilir.

Müəllif yazıb ki, iqtisadi baxımdan özünü tamamilə təmin edən Azərbaycan 2018-ci ilin ilk rübündə də uğurlar qazanıb.

Yazıda Nazirlər Kabinetinin 2018-ci ilin ilk rübündə sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr edilən iclasında dövlət başçısı İlham Əliyevin açıqladığı rəqəmlər xatırladılır: «Ölkə iqtisadiyyatına 3.5 milyard dollar sərmayə qoyulub, iqtisadiyyat 2.3 faiz, qeyri-neft sektoru 3 faiz artıb. Sənaye istehsalında 2 faiz, qeyri-neft sənayesində 10 faiz, kənd təsərrüfatında 4.2 faiz artım olub. Valyuta ehtiyatları 2.2 milyard dollar artaraq 44.2 milyard dollara yüksəlib. Xarici ticarət dövriyyəsində 31 faiz, ümumi ixracda 24 faiz, qeyri-neft ixracında 37 faiz artım qeydə alınıb».

Yazıda xatırlandığına görə, dövlət başçısı bu nəticələrin sadalandığı həmin iclasda deyib ki, «hər bir ölkə bu göstəricilərlə fəxr edə bilər».

Yazıda sonra da oxuyuruq: «Prezident İlham Əliyev bu ilin ölkəmiz üçün uğurlu olacağını söyləsə də, əldə edilmiş nailiyyətlərlə kifayətlənməməyin və islahatların davam etdirilməsinin vacibliyini vurğulayıb. Bunun üçün isə ilk növbədə sahibkarlığın inkişafı ilə bağlı əlavə addımlar atılmalıdır. Hazırda sahibkarlara dövlət tərəfindən güzəştli şərtlərlə 170 milyon manat vəsait ayrılır. Bu vəsait vaxtilə verilmiş və qaytarılan kreditlər hesabına verilir...».

XS
SM
MD
LG