Manatın taleyi, qiymətli kağızlar bazarındakı durum, bu ilin iki ayında ölkədə orta aylıq əmək haqlarının azalması və başqa bu kimi məsələlər medianın aparıcı mövzularındandır...
«Əmək haqları azalıb»
Azadliq.info saytında «Əməkhaqqı alanlardan 29 milyon kəsilib» sərlövhəli yazı oxumaq olar.
Yazıda bu ilin iki ayında ölkədə orta aylıq əmək haqlarının azalmasından bəhs edilir.
İqtisadçı Nemət Əliyev yazıb ki, bu ilin ilk iki ayı ərzində əmək haqları orta hesabla 29 milyon manat azalıb: «Tendensiya davam edərsə, ilin sonunadək işləyənlərin əməkhaqqı gəlirləri 174 milyon manat, pensiya fonduna daxilolmalar isə 44 milyon manata qədər azalacaq».
Müəllif vurğulayıb ki, orta aylıq əməkhaqqı göstəricisi bu ilin yanvar-fevral aylarında 17 manat 40 qəpik azalıb. İqtisadçının bildirməsinə görə, bu azalma yanvar ayında 8 manat 40 qəpik, fevral ayında isə 9 manat olub.
Müəllif rəsmi rəqəmlərə istinadən bildirir ki, iki ay ərzində ölkə üzrə orta əməkhaqqı səviyyəsi 3.3 faiz azalaraq 528.2 manatdan 510.8 manata düşüb.
İqtisadçı daha sonra da Dövlət Statistika Komitəsinə istinadən vurğulayıb ki, bu ilin yanvar-fevral aylarında ölkədə muzdla çalışanların sayında da azalma baş verib.
«İnflyasiya göstəricisinin alıcılıq qabiliyyətinə mənfi təsirini də buraya əlavə etsək, o zaman ilin əvvəlindən ötən müddətdə ölkədə həyat səviyyəsinin daha çox pisləşməsi qənaətinə gəlmək olar», - deyə iqtisadçı yazıb.
«Qiymətli kağızlar qiymətə minmir»
«Exo» qəzetində «Qiymətli kağızlar Azərbaycanda çətin ki, qiymətli ola» sərlövhəli yazı yer alır.
Müəllif Azərbaycanda qiymətli kağızlar bazarının vəziyyətini bank eksperti Əkrəm Həsənovla müzakirə edib.
«Azərbaycanda fiziki və hüquqi şəxslər əmindirlər ki, banklar real durumlarını, ödəmələrdən yayınmalarını aksiya sahiblərindən gizlədəcəklər. Odur ki, onların qiymətli kağızlarını az adam alacaq. Digər tərəfdən isə, prinsip etibarilə banklar özləri də yaxşı anlayırlar ki, onların qiymətli kağızlarına tələbat yoxdur, ona görə də bu kağızları bazara buraxmırlar», - deyə ekspert Ə.Həsənov vurğulayıb .
Ə.Həsənov deyib ki, ölkə bankları aksiyalar, istiqraz kağızları, depozit sertifikatları buraxa bilər. Amma onun fikrincə, buna səhmdar bankların hüququ çatır.
Hüquqşünası bildirib ki, qanunvericiliyə görə, Azərbaycan bankları məcburi səhmdar banklar sayılır. Buna görə onlar da belə qiymətli kağızlar buraxa bilərlər: «Amma məsələ budur ki, bu aksiyalar birjalarda dövriyyədə olmur, buna görə də tam anlamda qiymətli kağız sayılmır. Faktiki olaraq isə Azərbaycan bankları səhmdar cəmiyyətlər yox, məhdud məsuliyyətli cəmiyyətlərdir».
Ə.Həsənov deyib ki, istiqrazlar və depozit sertifikatları ölkə əhalisini əsla maraqlandırmır: «İstiqraz kağızları almaqdansa əhali öz sərbəst vəsaitlərini banka yatırıb faizlərini almağı daha məqbul sayır. Əmanət sahibi ilə istiqraz sahibinin fərqi orasındadır ki, əmanət sahibi əmanətini istənilən vaxt bankdan götürə bilər, istiqraz sahibi isə istiqrazın bitmə müddətini gözləməlidir».
Ekspertin vurğulamasına görə, bu məsələdə ölkə əhalisini ehtiyatlı olmağa vadar edən səbəblər var. Ə.Həsənov vurğulayıb ki, onlardan birincisi banklara etimadsızlıq, ikincisi isə şəxsin uzun müddətə qoyduğu vəsaiti vaxtından öncə götürə bilməməsidir.
«Manata qorxu yoxdur»
«Azərbaycan» qəzetində «Bu gün manatın ucuzlaşmasını şərtləndirən heç bir ehtimal yoxdur» sərlövhəli yazı dərc edilib.
Müəllif yazıb ki, kimlərinsə prezident seçkilərindən sonra manatın dollar və avroya nisbətdə dəyər itirəcəyi ilə bağlı qəsdən dövriyyəyə buraxdığı şayiələr əhali arasında narahatlıq yaradıb: «Evində manatla ehtiyat pulu, banka dollar və ya avro ilə borcu olanı da, olmayanı da eyni dərəcədə dərd götürüb, onlar gözlərini açmamış manatın kursu ilə maraqlanırlar. Kiminin KİV-dən, kiminin internetdən, bunlara əli çatmayanların isə rastlaşdıqları tanışlarından ilk öyrəndikləri məhz dolların bahalaşıb-bahalaşmadığı olur».
Müəllifə görə, əslində şayiə müəlliflərinin əsas hədəfi əhali daxilində narahatlıq yaratmaq olub.
Yazıda iddia edilir ki, 2015-ci ildə manatın iki dəfə devalvasiyaya uğramasının bir çox səbəbləri ilə yanaşı, biri də məhz əhali arasına milli valyutanın qiymətdən düşməsinin qaçılmazlığı ilə bağlı buraxılan şayiələr olub: «Yoxsa, bir neçə gün ərzində əhali tərəfindən 5 milyard dolların alınmasını başqa hara yozmaq mümkündür ki?! Bu isə ölkənin təkcə strateji valyuta ehtiyatının azalması yox, həm də maliyyə balansının pozulması demək idi ki, nəticədə də manatımız iki dəfə ucuzlaşmağa məruz qaldı».
Manatın indiki vəziyyətinə toxunan müəllif vurğulayıb ki, milli valyuta sabitdir, ona etibar bərpa edilir: «Hazırda həqiqətən onun aşağı düşməsinə heç bir iqtisadi əsas yoxdur. Əgər başlanan iqtisadi islahatların nəticəsi kimi ölkədə ümumi daxili məhsul istehsalının və digər göstəricilərin istənilən səviyyədə olmadığı son iki ildə manatın məzənnəsi sabit qalmışsa, bütün əsas makroiqtisadi rəqəmlərin müsbət olduğu indiki vaxtda niyə ucuzlaşmalıdır ki?!».