Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 13:44

11 Aprelə fərqli gözlə baxanlar-Media icmalı


Mərkəzi Seçki Komissiyası ilkin nəticələri açıqlayır.
Mərkəzi Seçki Komissiyası ilkin nəticələri açıqlayır.

Azərbaycanda keçirilən prezident seçkisinin nəticələrinə fərqli baxışlar, son günlər əhalinin kütləvi şəkildə dollar almaq istəməsinin səbəbləri və başqa bu kimi məsələlər medianın aparıcı mövzularındandır...

«Son 25 ilin ən «şedevr» seçkisi»

Azadliq.info saytında «MSK-nın ATƏT-ə «səndən küsərəm» məktubu» sərlövhəli yazı oxumaq olar.

Yazıda aprelin 11-də ölkədə keçirilən prezident seçkisi və onun ətrafında cərəyan edən proseslər təhlil edilir.

Müəllif bildirib ki, Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkiləri ilə bağlı ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, ATƏT-in Parlament Assambleyasının və Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyasının hesabatına dair bəyanat yayıb.

Yazıda vurğulanır ki, MSK ATƏT-in seçki missiyasını məsum hökuməti gözdən salmaqda günahlandırıb. Müəllifin qeyd etməsinə görə, MSK ümid edir ki, yekun hesabatda bütün uyğunsuzluqlar aradan qaldırılacaq.

«Əks halda, Mərkəzi Seçki Komissiyası böyük təəssüf hissi ilə nümayəndələri sözügedən missiyanın tam əksəriyyətini təşkil edən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu ilə əməkdaşlığın dayandırılması məcburiyyəti qarşısında qalacaq», - deyə məktubda vurğulanır.

Müəllif yazır ki, aprelin 11-də Azərbaycanda keçirilən prezident seçkisi son 25 ilin «ən şedevr seçkisi» idi: «Əlbəttə, YAP hakimiyyəti böyük pullar hesabına xaricdən yüzlərlə müşahidəçi gətirmişdi, minlərlə yerli müşahidəçi məntəqələrə yerləşdirilmişdi, 7 namizəd YAP namizədinin vəkili kimi prosesə qoşulmuşdu və gözləyirdilər ki, nəticədə dünya bunları alqışlayacaq. Amma son 25 ilin ən «şedevr» seçkisinə ATƏT güzəşt etmədi və hökumətin ümidlərinə «əlvida» dedi».

Müəllif seçkidən və ona verilən qiymətdən sonra MSK-nin sözügedən bəyanatını ATƏT-ə «səndən küsərəm» ismarışı kimi xarakterizə edir.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun müşahidəçiləri, bu qurumun və Avropa Şurası parlament assambleyalarının nümayəndə heyətlərinin hazırladığı birgə hesabatda Azərbaycandakı seçkilərin azadlıqların məhdudlaşdırılması şəraitində keçirildiyi bildirilib. Hesabatda vurğulanıb ki, onların müşahidəçiləri seçki günü topa bülletenlərin qutulara atılmasının şahidi olublar.

11 aprel seçkisi
11 aprel seçkisi

«Demokratiyanın növbəti təntənəsi»

«Azərbaycan» qəzetində dərc edilən «Prezident seçkiləri Azərbaycanda demokratiyanın növbəti təntənəsi oldu» sərlövhəli yazıda isə aprelin 11-də keçirilən bu seçki başqa kontekstdən dəyərləndirilir.

Müəllifin fikrincə, bu seçki ölkənin demokratiya yolu ilə inamla irəliləməsinin təsdiqidir: «Bu mühüm siyasi hadisə bütün parametrləri ilə Azərbaycanın siyasi tarixinə demokratik və azad seçkilərdən biri kimi düşdü. Seçkinin nəticələri dünyanın nüfuzlu siyasi dairələri, o cümlədən populyar xarici KİV tərəfindən də yüksək qiymətləndirildi».

Yazıda vurğulanır ki, Mərkəzi Seçki Komissiyası seçkini nümunəvi təşkil edib, təbliğat mərhələsində söz və sərbəst toplaşmaq azadlıqlarına məhdudiyyət qoyulmayıb:«Seçkinin qalibi - Azərbaycan Respublikasının fəaliyyətdə olan prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev oldu. O, seçicilərin 86 faizinin etimadını qazandı. Bu o deməkdir ki, səsvermədə iştirak etmiş seçicilərin 3 milyon 397 min 664 nəfəri səsini cənab İlham Əliyevə verib».

Yazıda habelə iddia edilir ki, Azərbaycanda keçirilən prezident seçkilərinin nəticələrini bütün beynəlxalq siyasi dairələr yüksək qiymətləndirib: «Hazırda yenidən prezident seçilmiş İlham Əliyevə təbriklər gəlməkdə davam edir... Xalqımız azad və ədalətli şəkildə öz seçimini edərək ölkəmizdə son 15 ildə həyata keçirilən uğurlu siyasətin davamına səs verdi».

Dollar/Manat
Dollar/Manat

Devalvasiya gözləntisi...

«Novoye Vremya» qəzetində «Əhali yeni devalvasiyadan ehtiyatlanır, hələlik buna əsas yoxdur» sərlövhəli yazı yer alır.

Müəllif ölkədə devalvasiya gözləntilərini dəyərləndirir.

Yazıda bildirilir ki, manatın devalvasiyalarından artıq 3 il keçir. Ötən ildən manat sabitləşib.

Müəllif yazır ki, bütün bunlara baxmayaraq son günlər əhali yenidən banklara üz tutub, kütləvi dollar almağa cəhdlər göstəriblər.

Yazıda vurğulanır ki, bir çox insanlar buna səbəb kimi yeni devalvasiyadan ehtiyatlanmalarını göstəriblər: «Bir çox iqtisadçılar belə hesab edirlər ki, narahatlığa əsas yoxdur. Manatın məzənnəsinə təsir edən amillər onun sabit səviyyədə qalmasını təmin edir. «Manat-dollar» məzənnəsi inzibati tədbirlər vasitəsilə qorunur. Belə ki, ölkədə milli valyuta «üzən məzənnə» rejiminə keçməyib. Bundan əlavə, neftin qiymətinin sabit qalması da manatın sabitliyinə müsbət təsir göstərir».

Müəllif hesab edir ki, neftin qiyməti düşərsə, manatın ucuzlaşması baş verə bilər: «Neftin qiyməti azacıq endiyi halda dollara nisbətdə manat 10-15 faiz dəyər itirər. Dollar 1.80-1.85 manat səviyyəsinə qalxa bilər. Amma yenə də hər şey dünyanın «qara qızıl» trendindən asılıdır. Bununla belə unutmaq olmaz ki, keçən illə müqayisədə manat avroya nisbətdə 20 faiz dəyər itirib».

XS
SM
MD
LG