Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 13:21

'Gənclər ölkədən gedir, boşanmalar artır...'-Media icmalı


Bank borcları üçün hökumət nə edə bilər?
Gözlə

No media source currently available

0:00 0:01:32 0:00

Bank borcları üçün hökumət nə edə bilər?

Növbədənkənar prezident seçkiləri, bankların kredit verilməsini azaltması, boşanmaların artması və başqa məsələlər medianın aparıcı mövzularındandır...

Banklar riski sevmir

«Yeni Müsavat» qəzetində «Banklar hələ də kredit vermir» sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki, banklar kredit verilməsini azaltmaqda davam edir. Müəllif bunun səbəblərini iqtisadçı Natiq Cəfərli ilə müzakirə edib.

Yazıda ümumən hesab edilir ki, problemli kreditlərin həllini tapmaması bank sektorunda kreditləşmənin kəskin azalmasına səbəb olub. Son bir il ərzində bank sektorunda kreditləşmə 30 faizə yaxın azalıb.

N.Cəfərli deyib ki, əslində banklar kreditləri valyuta ilə verməkdə maraqlıdırlar: «Çünki manatla əsasən istehlak kreditləri verilir, çox yüksək faizlə və qısa müddətə. Biznesin isə uzunmüddətli kreditlərə ehtiyacı var, ancaq bu məsələdə problem var. Banklar manatla uzunmüddətli kreditlərə getmək istəmirlər. Özlərini sığortalayırlar ki, valyuta ilə kredit təklifi daha çox olsun. Manatın sabitləşməsinin də burada ciddi rolu olub».

Manatın məzənnəsinin təxminən bir ilə yaxındır ki, sabit qaldığını deyən N.Cəfərli bunu dollar-manat münasibətlərinin inzibati qaydada tənzimlənməsi ilə əlaqələndirir: «Burada heç bir bazar qaydaları işləmir, nə də üzən məzənnə rejimi yoxdur, bu, sırf inzibati tənzimləmədir».

N.Cəfərli hesab edir ki, bankların hazırda kredit verməməsinin ən əsas səbəbi isə əvvəl verilmiş kreditlərin toplanmamasıdır. Ekspertə görə, banklar bundan irəli gələrək kredit şərtlərini kifayət qədər sərtləşdiriblər, riskdən sığortalanma elementini artırıblar: «Bu da həmin kreditlərə tələbatı azaldıb. İqtisadi aktivlik ölkədə o qədər yüksək deyil ki, kreditlərə tələb yaransın. Banklar da gəlir əldə etmək üçün iki yoldan istifadə edirlər. Bunun birincisi valyuta alqı-satqısıdır, banklar böyük bir valyutadəyişmə məntəqəsinə çevriliblər. İkincisi isə Mərkəzi Bankın hərraclarında iştirak etmələridir».

Boşanma
Boşanma

Boşanmalar artır

«Novoye Vremya» qəzetində «Ailə institutu təhlükə altındadır?» sualı gündəmə daşınır.

Müəllif ölkədə boşanmaların artmasından narahatlıq ifadə edir. Dövlət Statistika Komitəsinin məlumatlarında ölkədə boşanmaların artdığı, nikahların azaldığı bildirilir.

Yazıda hesab edilir ki, boşanmaların artması bir çox sosial məsələlərlə yanaşı, milli-mənəvi dəyərlərin aşınmasından irəli gəlir: «Yoxsulluq, ağır həyat şəraiti kimi hallar milli-mənəvi dəyərləri pozur. Təkcə bununla yekunlaşmır, eyni zamanda, intiharların artmasına yol açır. Son 10 ildə intiharların artmasının bir səbəbi də məhz milli-mənəvi dəyərlərin pozulmasıdır. Əlbəttə, bu problemdə də bank kreditlərinin qaytarılmasının çətinləşməsinin öz payı vardır».

Müəllifə görə, gənclərin ölkədən getməsi də bu məsələyə mənfi təsir edir.

Yazıda vurğulanır ki, «sosial evlər» layihəsi bu məsələdə müsbət rol oynaya bilər. Müəllifin fikrincə, bu məslə sürətləndirilməlidir.

Yazıda bildirilir ki, vaxtilə ipoteka kreditlərinin də bu məqsədə xidmət edəcəyi açıqlanmışdı. Müəllif hesab edir ki, ipoteka kreditlərinin verilməsi lazımı nəticəni doğurmayıb.

Yazıda habelə vurğulanır ki, boşanmaların artması bütünlükdə ölkədə demoqrafik vəziyyətin pisləşməsinə də səbəb ola bilər. Müəllifə görə, bunun qarşısını almaqdan ötrü sosial layihələr artırılmalıdır.

Yazıda daha sonra qeyd edilir ki, ailə institutunun zərbə alması bütünlükdə cəmiyyətdə ciddi fəsadlar doğura bilər.

Sumqayıtda karbamid zavodunun tikintisi
Sumqayıtda karbamid zavodunun tikintisi

Qeyri-neft sektoru

«Azərbaycan» qəzetində «Sənayeləşmə siyasətinin əsas hədəfi qeyri-neft sektorunun inkişafını sürətləndirməkdir» sərlövhəli yazı dərc edilib.

Müəllif yazıb ki, Azərbaycanda sənayeləşmənin inkişafından ötrü son 15 ildə çox işlər görülüb: «Bunun nəticəsində iqtisadiyyat 3.2, qeyri-neft iqtisadiyyatımız 2.8, o cümlədən qeyri-neft sənayesi 2.6 dəfə artıb. Bu statistik rəqəmlər ölkənin ümumi iqtisadi inkişafı ilə yanaşı, sənayenin inkişafını da açıq şəkildə əks etdirir».

Müəllif sənayenin inkişafında elektrikləşmənin mühüm rolu olduğunu vurğulayaraq son illər ölkədə 30 elektrik stansiyasının tikilməsinin bu məqsədə xidmət etdiyini bildirir: «Həmin stansiyaların generasiya gücü 2500 meqavata bərabərdir. İndi Azərbaycanda enerjiyə olan tələbat yerli istehsal hesabına tam ödənilir. Üstəlik, artıq enerji istehsalı ixrac edilərək ölkə büdcəsinə valyuta gətirir».

Müəllif hesab edir ki, sənayeləşmədə ölkədə yaradılan texnoparkların da əhəmiyyəti böyükdür. Yazıda vurğulanır ki, son dövrlər Bakı və bölgələrdə texnoparkların yaradılması istiqamətində böyük işlər görülür: «Belə məhəllələrin yaradılması hər bir rayonda nəzərdə tutulub. Bu onu göstərir ki, bütün ölkə boyu müxtəlif sənaye sahələri inkişaf edəcək. Başlıcası isə, sənaye məhəllələrində yerli xammaldan istifadə olunacaq. Belə yanaşma yerlərdə digər sahələrin inkişafına da təkan verəcək. Neftçalada yaradılan sənaye zonası artıq məhsul istehsalına başlayıb. Yaxın vaxtlarda digər sənaye zonaları da məhsul istehsalını reallaşdıracaq».

XS
SM
MD
LG