Azərbaycanda 11 aprel prezident seçkisinin keçirildiyi bir vaxtda AzadlıqRadiosu qadağan altında qalmaqda davam edir.
AzadlıqRadisounun prezidenti Thomas Kent deyib ki, “bizim işimiz Azərbaycan xalqını müstəqil xəbərlərlə təmin etməkdir və bu heç də təkcə prezident seçksi kimi mühüm hadisələrə aid deyil”.
Thomas Kent bildirib ki, AzadlıqRadiosunun ölkədə qadağan edilməsi Azərbaycan xalqını onun informasiyaya azad giriş kimi təməl hüququndan məhrum edir və hökumətin azad mətbuata dair götürmüş olduğu beynəlxalq öhdəlikləri pozur.
Aprelin 6-da verdiyi bəyanatda Jurnalistlərin Müdafiəsi Komitəsi bildirir ki, Azərbaycan hakimiyyəti seçki öncəsi fərqli düşüncənin rəsmi ifadəsinə imkan verən siyasi landşaftı fakitikii olaraq ləğv edib.
AzadlıqRadisonun qadağanı 2017-ci ilin mayından başlanır. Həmin vaxtdan etibarən Nəqliyyat, Kommunikasiyalar və Yüksək Texnologiyalar Nazirliyi AzadlıqRadiosunun internet saytına girişi bloklayıb.
Bundan başqa hökumət Azadlıq qəzetinin, Meydan TV-nin, Turan TV-nin və Azərbaycan Saatı kanallarının internet saytlarını bağlayıb.
Azərbaycan Baş Prokurorluğunun bloklama üçün müraciətində deyilir ki, bu media saytları Azərbaycanın milli təhlükəsizliyinə hədə təşkil edir, habelə “zorakılıq, ekstremizm və nifrəti qızışdırırlar”.
Azərbaycan Baş prokurorluğnun bu qərarından əvvəl AzadlıqRadiosunun Azərbaycan xidməti, Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya qarşı Jurnalistika Layihəsi ilə birlikdə prezident ailəsinin və onun yaxın çevrəsinin maliyyə fəaliyyətinə dair materiallar dərc etmişdi.
2018-ci ilin yanvarından AzadlıqRadiosunun ingilisdilli saytı Azərbaycanda vaxtaşırı olaraq bloklanır.
Azərbaycan hakimiyyəti 2014-cü ildə AzadlıqRadiosunun Bakı bürosuna reyd keçirərək onun qapısını möhürləyib. Hakimiyyət orqanları radionu vergi və maliyyə pozuntularında ittiham edirdi. Sonradan bu ittihamlar məhkəmədə dəlillərin olmaması üzündən rədd edilib.
AzadlıqRadiosu bununla əlaqədar Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib.
Azərbaycanda internet saytının bloklanmasına baxmayaraq AzadlıqRadiosunun Azərbaycan xidməti rəqəmsal strategiyadan və peyk rabitəsindən istifadə edərək milyonlarla azərbaycanlını informasiya ilə təchiz etməkdə davam edir.
2017-ci ildə AzadlıqRadiosunun Azərbaycan xidmətinin verilişlərinə Facebook, YouTube və başqa sosial media platformalarında 90 milyon baxış olub.