Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:38

General oğlunun döydüyü avtobus sürücüsü: 'Pis söyüş söydü, ona dedim ki...'


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq rəis müavini, general Novruzəli Orucovun oğlu Rüstəm Orucov deyirdi ki, həbsinə səbəb olan avtobus sürücüsü onu söyüb, mübahisə də bu üzdən yaranıb. Sürücü isə əksinə, general oğlunun söyüş söydüyünü söyləyir.

85 saylı marşrut avtobusunun sürücüsü 36 yaşlı Sənan Səmədov aprelin 10-da Bakı Apellyasiya Məhkəməsində ifadə verib: “Maşından düşüb gəldi ki, niyə siqnal verirsən? Ona yol nişanını göstərdim. Pis söyüş söydü. Burada adamlar var, o sözləri təkrarlaya bilmərəm. Dedim ki, maşında ana-bacı var, belə şey eləmə. Nömrəmi istədi, vermədim, maşını avtobusun arxasınca sürdü. Sonuncu dayanacağa çatanda dispetçer Əsgər Qasımova da bu barədə danışdım. Rüstəm də gəldi, Əsgər müəllimə dedi ki, “ondan bir kəlmə söz soruşuram. Məni qırağa çəkib yumruqla vurdu, çənəmə dəydi. Sonra yerə yıxılıb özümdən getmişəm. Məni xəstəxanaya aparıblar”.

R.Orucov bir daha təkrarlayıb ki, əksinə, sürücü onu söymüşdü. Zərərçəkmiş R.Orucovun bu iddiasına belə cavab verib: “Mən ona dedim ki, maşında ana-bacı var. Bəlkə onu özünə qarşı söyüş kimi qəbul edib...”

21 yaşlı R.Orucovla yanaşı, iki dostu - Pərviz Abbasov və Kənan Vəliyev də cinayət məsuliyyətinə cəlb olunub. İttihamda onların da hadisə vaxtı general oğlu ilə birlikdə olduğu yazılıb. Lakin təqsirləndirilən şəxslərin üçü də bunu təkzib edir.

Məhkəmədə sürücü də, dispetçer Əsgər Qasımov da həmin şəxslərin hadisə yerində olmadığını deyib. Hərçənd, onlar istintaqda fərqli ifadə veriblər. Bildiriblər ki, iki dostu da R.Orucovla birlikdə idi, onlar da sürücünü təhqir ediblər.

Hakimlər onlardan ziddiyyətli ifadələrinin səbəbini soruşanda sürücü də, dispetçer də təzyiq altında ifadə verdiklərini söyləyiblər.

“Müstəntiq yazıb, mən də qol çəkmişəm. Mən heç latın qrafikası ilə oxuya bilmirəm”, – Əsgər Qasımov bildirib.

Hadisə 2017-ci il iyulun 3-də baş verib. İttihama görə, R.Orucov BMW markalı 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə 85 saylı avtobusun sürücüsü ona irad bildirib. Cinayət işinin materiallarında yazılıb ki, general oğlu sürücü S.Səmədovun idarə etdiyi avtobusu 8 dayanacaq təqib edib və sonda sərnişinlərin gözü qarşısında dostları ilə birlikdə onu döyüb, təhqir edib.

R.Orucov piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törədib hadisə yerindən qaçdığına görə hələ 2014-cü ildə 4 il müddətinə azadlıqdan məhrum olub, 2016-cı ildə isə şərti olaraq vaxtından əvvəl azad edilib.

Avtobus sürücüsünün döyülməsi ilə bağlı hadisəyə görə R.Orucov 4 il 6 ay, dostlarının hər biri isə 1 il 6 ay azadlıqdan məhrum edilib. Onlar Binəqədi Rayon Məhkəməsinin hökmündən apellyasiya şikayəti veriblər.

Bu hadisə ictimailəşəndən sonra N.Orucov da vəzifəsindən azad edilib.

XS
SM
MD
LG