Facebook sosial şəbəkəsi Rusiyanın ABŞ-da prezident seçkisinə müdaxiləsini daha tez aşkarlaya bilərdi. Bunu Facebook-un yaradıcısı Mark Zuckerberg bu həftə Konqresə ifadəsində deyəcək. Aprelin 9-da onun ifadəsinin mətni yayılıb.
“Rusiyanın müdaxiləsini aşkarlamaqda və ona cavab verməkdə gecikdik, daha yaxşı işləməyə çalışırıq”, – mətndə deyilir.
33 yaşlı Zuckerberg aprelin 11-də Nümayəndələr Palatasının enerji və ticarət komitəsində, bu gün – aprelin 10-da isə Senat komitələrində ifadə verəcək.
***Buna da bax: Facebook Azərbaycana 'müdaxilədən' danışıb
YENİ TEXNOLOGİYA QURULUR
İfadədə bildirilir ki, Facebook Rusiyanın 2016-cı ildə prezident seçkisinə müdaxiləylə bağlı məlumatlardan öncə Rusiyanın ənənəvi kiberhücumlarından xəbərdar olub.
Sosial şəbəkənin Rusiyaya bağlı bir neçə hədəni “aşkarladığı və yoluna qoyduğu” vurğulanır. Onlardan biri də APT28 adlı qrupun fəaliyyətidir. ABŞ hökuməti bu qrupun Rusiya hərbi kəşfiyyatına bağlı olduğunu bildirir.
Mətndə qeyd olunur ki, qrup oğurlanmış informasiyanı saxta personalar vasitəsiylə jurnalistlərə ötürüb, ancaq bu saxta hesablar bağlanıb.
Zuckerberg onu da deyəcək ki, Rusiyanın “troll fabriki” olan İnternet Araşdırmaları Agentliyinin yaydığı dezinformasiya kampaniyası Birləşmiş Ştatlar, Avropa və Rusiyada 126 milyon nəfəri əhatələyib. Ancaq Facebook sonucda bu fəaliyyəti də önləyə bilib.
***Buna da bax: Kreml Facebook-un Rusiya media hesablarını bağlamasından 'təəssüflənir'
Facebook ölkələrin xaricdə seçkilərə müdaxiləsini önləməkdən ötrü yeni texnologiya qurur, saxta hesabların silinməsi üçün süni zəka alətləri hazırlayır, təhlükəsizik və kontenti nəzərdən keçirməyə daha çox adam işə götürəcək, ifadənin mətnində bildirilir.
Zuckerberg şirkətin müstəqil seçki tədqiqatı komissiyası yaratdığını açıqlayacaq. Bu komissiya sosial medianın seçkilərə və demokratiyaya təsirini araşdıracaq.