Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 05:10

'Azərbaycan son 15 ildə kənara uğurlu film çıxara bilməyib'-Media icmalı


İdxal
İdxal

Sosial infrastrukturun qurulması, iqtisadiyyatda baş verənlərin idxala mümkün təsirləri, Azərbaycan kinosunun vəziyyəti və başqa məsələlər medianın aparıcı mövzularındandır...

«İndi kreditlər yüksək faizlə və qısa dönəmə verilir»

«Exo» qəzetində «Azərbaycan ölkəyə idxalı məhdudlaşdıra bilər?» sualı gündəmə daşınıb.

Yazıda bildirilir ki, ölkəyə idxal məhsullarının azaldılması gözlənilir.

Müəllif bu gözlənti ətrafında iqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə aparıb.

Müəllif yazıb ki, iqtisadiyyatdakı qeyri-sabitlik, dollara nisbətdə manatın ucuzlaşması əhalinin alıcılıq qabiliyyətinin azalmasına və bu isə öz növbəsində, Azərbaycana idxal edilən məhsulların həcminə təsir edib.

Yazıda vurğulanır ki, son aylarda manatın sabitliyi idxalı yenidən canlandırıb: «Piştaxtalardakı əmtəə müxtəlifliyi yaxşı olsa da, bahalıq həmin məhsulları almağa imkan vermir».

Ekspert N.Cəfərli də təsdiq edib ki, manatın sabitliyi müəyyən mənada ölkəyə idxal edilən məhsulların artmasına səbəb olub: «Kimsə deyirsə ki, sərhədləri bağlamaq lazımdır, bundan sonra yerli istehsal canlanacaq, qətiyyən belə deyil. Əgər idxal mallarına sərhədləri bağlasaq, bu ölkədə total qıtlıq, kəskin qiymət artımına səbəb olacaq».

N.Cəfərli vurğulayıb ki, bazarda nə qədər çox məhsul olsa, o qədər yaxşıdır. Ekspertə görə, yerli istehsalı stimullaşdırmaqdan ötrü sahibkarlara münasib şərtlərlə kreditlər verilməlidir. Onun fikrincə, indi kreditlər yüksək faizlə və qısa dönəmə verilir: «Təsəvvür edin, işadamı çayçılıqla məşğul olmaq istəyir, kredit götürüb, çay kolları basdırıb. Məhsul 5-6 ildən sonra olacaq. Belə kredit verilməsi şəraitində kənd təsərrüfatı ilə kim məşğul olacaq?».

Film
Film

Azərbaycan kinosu

Azadliq.info saytında «Azərbaycandan öyrənməli nə qalıb ki?» sərlövhəli yazı oxumaq olar.

Yazıda Türkiyənin Azərbaycan səfirliyində çalışan mədəniyyət müşavirinin bu günlər verdiyi müsahibəsinin üzərində dayanılır. Yazıda bildirildiyinə görə, səfirliyin müşaviri deyib ki, sənət sahəsində Azərbaycandan öyrənməli çox şey var.

Müəllifə görə, isə son 10-15 ildə Azərbaycanda sənət dünyası bərbad hala salınıb: «Müşavirin sözlərinə görə, onlar Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı bir sıra ortaq layihələr həyata keçirməyi düşünürlər. Bu siyahıya həm də bir film çəkilişi daxildir…».

Yazıda daha sonra müsahibədən bir parça təqdim edilir: «Bu, 1915-1920-ci illər arasında olan dövrdən bəhs edən bir film və ya serial olacaq. Film türk dilində olacaq. Yayımlanacağı yer isə hələ ki, bəlli deyil. Filmdə Qafqaz İslam Ordusu, Azərbaycan Xalq Cümhuriyyətinin quruluşu, Atatürk, Nəriman Nərimanov və s. şəxslər, hadisələr əks olunacaq».

Müəllif bu deyilənləri sevinclə qarşılasa da, buna bir qədər inamsız yanaşır: «Azərbaycan son 10-15 ildə ölkədən kənara uğurlu bir film də çıxara bilməyib. Bu illərdə Azərbaycan kinosu nə qədər tənəzzülə uğrayıbsa, Türkiyə kinosu o qədər inkişaf edib…».

İ.Əliyev yol açılışında
İ.Əliyev yol açılışında

Sosial infrastrukturun vəziyyəti

«Azərbaycan» qəzetində «Azərbaycanın sosial infrastruktur problemi yoxdur» sərlövhəli yazı dərc edilib.

Müəllif qoyulan mövzuda ölkədəki mövcud vəziyyəti dəyərləndirərkən bu günlər dövlət başçısı İlham Əliyevin TASS İnformasiya Agentliyinə verdiyi müsahibəsində yer alan fikirlərdən də bəhrələnir.

Yazı bildirilir ki, son illər sosial infrastruktur sahəsində ölkədə bir çox işlər görülüb, çoxsaylı proqramlar icra edilib.

Müəllifin fikrincə, ölkə iqtisadiyyatı şaxələndirilib, işsizlik 5 faizə enib, yoxsulluq minimuma çatdırılıb, 100 minlərlə iş yerləri açılıb.

Yazıda vurğulanır ki, son 14-15 ildə Azərbaycanın təkcə iri şəhərləri yox, bütün bölgələri də inkişaf edib: «Qarşıya qoyulan bütün vəzifələr uğurla icra edilib və edilir. Bu illər ərzində Azərbaycan dünya səviyyəli qlobal layihələri gerçəkləşdirib. Bununla yanaşı, ölkədə çoxsaylı infrastruktur layihələr də icra olunub».

Yazıda xatırladılıb ki, son illər ölkə daxilində 7 aeroport qurulub, 30 elektrik stansiyası tikilib. Müəllifin fikrincə, ölkənin qaz, içməli su təminatı da yaxşılaşdırılıb.

XS
SM
MD
LG