Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:38

Azərbaycan və Hindistan arasında 2 sənəd imzalanıb


Azərbaycan və Hindistan xarici işlər nazirlərinin aprelin 4-də keçirilən təkbətək və geniş tərkibdə görüşlərində siyasi, iqtisadi, enerji, mədəniyyət, ticarət, turizm və başqa məsələlər müzakirə edilib.

Bu haqda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda hindistanlı həmkarı Suşma Svaracla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

APA-nın xəbərinə görə, E. Məmmədyarov bildirib ki, görüşdə hökumətlərarası komissiyanın iclasının keçirilməsi qərara alınıb.

Nazirin sözlərinə görə, görüşdə Azərbaycan hökuməti ilə Hindistan hökuməti arasında diplomatik, rəsmi və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında saziş imzalanıb.

Habelə, Azərbaycan Xarici İşlər Nazirliyinin ADA universiteti və Hindistan Xarici İşlər Nazirliyinin Xarici Xidmət İnstitutu arasında anlaşma memorandumu imzalanıb.

Memorandumu ADA universitetinin rektoru Hafiz Paşayev və Hindistan xarici işlər nazirinin katibi Ruçi Qranaşyam imzalayıb.

Hindistanın xarici işlər naziri Suşma Svarac bu gün, aprelin 4-də Azərbaycana gəlib.

O, aprelin 5-dən 6-na kimi Bakıda “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində keçiriləcək xarici işlər nazirlərinin aralıq nazirlər konfransında iştirak edəcək.

1961-ci ildə yaradılmış Qoşulmama Hərəkatında 120 dövlət təmsil olunur. 17 dövlət və 10 beynəlxalq təşkilat Qoşulmama Hərəkatı yanında müşahidəçi statusuna malikdir.

Azərbaycan 2011-ci ildə Balidə keçirilən XVI Nazirlər Konfransında Hərəkata qoşulub. 2019-cu ildə Azərbaycan Qoşulmama Hərəkatının XVIII Zirvə toplantısına ev sahibliyi etməlidir.

2019-2022-ci illər ərzində Qoşulmama Hərəkatında sədrlik Azərbaycana məxsus olacaq.

XS
SM
MD
LG