Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 07:54

'Deputatlardan gəlişigözəl sözlər...'-Media icmalı


Manat
Manat

Azərbaycanın tərəfdaş olduğu beynəlxalq iqtisadi layihələr, 2018-ci ilin ilk üç ayının iqtisadi nəticələri, bank sektorunda problemlər və bu kimi başqa məsələlər medianın aparıcı mövzularındandır...

Üç ayın yekunları...

«Yeni Müsavat» qəzetində «İlin ilk üç ayının iqtisadi yekunu-manatı nə gözləyir?» sualı gündəmə daşınır.

Müəllif 2018-ci ilin ilk üç ayının iqtisadi nəticələrini ekspert Natiq Cəfərli ilə təhlil edib.

Yazıda bildirilir ki, bu dövrdə maliyyə sahəsində sabitlik olub. Amma bank sektorunda durum o qədər də ürəkaçan olmayıb.

«Manatın dollara məzənnəsi inzibati qaydada tənzimləndiyi üçün sabit qaldı. Lakin manat ilin əvvəlindən bu günə kimi avro qarşısında ciddi dəyər itirdi. Bank sektorundakı fundamental problemlər isə davam etdi, problemli kreditlərin həcmi artdı. Bu problem hələ də həllini tapmayıb», - deyə N.Cəfərli qəzetə bildirib.

Ekspert bununla belə vurğulayıb ki, ötən ilə nisbətən bu il kredit verilməsində nisbətən canlanma var: «Ötən il çox bərbad bir vəziyyət yaranmışdı, kreditlərin həcmi 4 milyard manat azalmışdı. Bu da ümumi iqtisadi göstəricilərə mənfi təsir edirdi, bu il isə, az da olsa, bu sahədə canlanma var. Amma problemli kreditlər həll olunmasa, bank sistemini sağlamlaşdırma addımları effekt verməyəcək».

N.Cəfərli deyib ki, tikinti sahəsində də nisbi canlanma müşahidə edilir.

Ekspert bildirib ki, bu il bahalaşma da davam edib. O, rəsmilərin bu il 5-6 faiz civarında inflyasiya olacağı ilə bağlı açıqlamalarına isə bir qədər şübhə ilə yanaşır: «Çünki reallıq bunun əksini deməyə əsas verir. Yanvar ayında, eləcə də Novruz bayramından öncə ərzaq məhsullarının qiymətində artım müşahidə olundu və hazırda da bu davam edir».

Sizcə, dövlət neyləməlidir ki, banklar yaxşı işləsin?
Gözlə

No media source currently available

0:00 0:01:05 0:00

«Simicliyin və tamahkarlığın sonu»

«Novoye Vremya» qəzetində «Bank böhranı xroniki forma alır» sərlövhəli yazı yer alır.

Müəllif iddia edib ki, ölkənin bank sektorunda böhran hələ də davam edir. Üstəlik, vətəndaşlarla banklar arasında ən ciddi məsələ - problemli kreditlər həll edilməmiş qalır.

Yazıda vurğulanır ki, Azərbaycandakı banklar əhaliyə kreditləri çox yüksək faizlərlə veriblər: «Bu, həm problemli kreditlərin artmasının və həm də bütünlükdə bank sektorunda böhranının hələ də davam etməsinin əsas səbəbidir».

Yazıda bildirilir ki, bu məsələlərə Milli Məclisin aprelin 3-də keçirilən iclasında da toxunulub. Amma müəllif xatırladıb ki, bu ilin mart ayında Nazirlər Kabinetinin parlamentə hesabatında bu problemə yer verilməyib: «Bu hesabata görə, sanki ölkədə bütün bank problemləri, çətinliklər aradan qaldırılıb, amma deputatların tənqidləri bunun əksini sübut edir».

Müəllif vurğulayıb ki, amma deputatlar da hesabatın müzakirəsi zamanı problemli kreditlər məsələsini qaldırmayıblar: «Əgər bu problem həllini tapmamışdısa, o zaman niyə Nazirlər Kabineti hesabat verərkən bu məsələ qaldırılmadı. Bundan sonra problemli kreditlər haqqında danışmaq mənasız görünür. Bu məsələ deputatları narahat etmir, sadəcə bu, gəlişigözəl söz söyləmək üçündür».

Amma bununla belə, müəllif banklara dövlət dəstəyi verilməsini də doğru saymır. Müəllif hesab edir ki, Azərbaycan Beynəlxalq Bankının xilas edilməsi dövlətə baha başa gəlib, amma bu bankdan hələ də dövlətə fayda yoxdur.

Yazıda vurğulanır ki, Azərbaycanda bankların əksəriyyəti özəl qurumlardır. Müəllifin fikrincə, bu banklar əmanətləri az faizlə almaq «simicliyi», yüksək faizlə kredit vermək «tamahkarlığı» ilə özlərini dalana salıblar.

Hazırda problemli kreditlərin 1.7 milyard manat civarında olduğu bildirilir.

İ.Əliyev Saatlıda pambıq plantasiyasında
İ.Əliyev Saatlıda pambıq plantasiyasında

«Çevik və modern islahatlar»

«Azərbaycan» qəzetində «Çevik və modern islahatlar aparılması yüksək nəticələr verir» sərlövhəli yazı dərc edilib.

Müəllif yazıb ki, Azərbaycan dünya iqtisadiyyatına inteqrasiya kursu seçib və tərəfdaşları ilə birgə həyata keçirdiyi bir sıra layihələr beynəlxalq əhəmiyyət daşıyır. Yazıda bu sırada istismarda olan Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu, Azərbaycan qazını Avropaya nəql edəcək «Cənub Qaz Dəhlizi» və «Şimal-Cənub» Beynəlxalq Nəqliyyat Dəhlizi layihələri göstərilir.

Yazıda vurğulanıb ki, bütün bunlarla yanaşı, ölkə daxilində qeyri-neft sektorunun inkişafı ilə bağlı islahatlar da aparılır. Müəllifin gəldiyi nəticəyə görə, inkişafa gedən yol dünya iqtisadiyyatına tam inteqrasiyadan keçir: «İqtisadi inkişaf, qüdrətli dövlət yalnız ictimai-siyasi baxımdan sabit cəmiyyətlərdə mümkün olur və Azərbaycana bu sabitliyi ulu öndər Heydər Əliyev bəxş edib».

Müəllif hesab edir ki, iqtisadi tərəqqi başqa sahələrin də inkişafına təkan verir: «Əhalinin məşğulluğu təmin olunur, ölkəmizə qeyri-neft sektorundan valyuta axını artır. Məsələn, 2015-ci ildə 35 min ton, 2016-cı ildə 89 min ton, 2017-ci ildə 207 min ton pambıq yığılıb. 3 ildə artım təkcə bu sahədə 5.9 dəfə olub. 2015-ci ildə 236 kq, 2016-cı ildə 70 ton, 2017-ci ildə isə 245 ton barama tədarük edilib. Yəni 3 ildə min dəfədən çox artım olub...».

XS
SM
MD
LG