Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:11

'Son 1 ildə məzənnə intervalının olmaması arzuolunan deyil'-Media icmalı


İdxal
İdxal

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində görülən işlər, yerli istehsalda idxaldan asılılıq, manatı gözləyən təhlükələr və başqa bu kimi məsələlər medianın aparıcı mövzularındandır...

Yerli istehsalda idxaldan asılılıq

«Exo» qəzetində «Azərbaycan idxal mallarının qiymətinin necə endirə bilər?» sualı gündəmə daşınıb.

Yazıda idxal məhsullarının qiymətlərinin endirilməsi yolları ekspertlərlə müzakirəyə çıxarılıb.

Müəllif hesab edir ki, Azərbaycan iqtisadiyyatı bahalı idxal xammalından asılıdır. Üstəlik, ölkədə istehsal edilən məhsullarda belə idxal məhsulunun payı əhəmiyyətli dərəcədə yüksəkdir: «İdxal xammalının qiymətini aşağı salmaq heç cür alınmır. Əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə bağlı isə 2016-cı illə müqayisədə 2017-ci ildə ölkəyə idxal 30 faiz azalıb. Yerli bazarda malların qiymətinin bahalaşması əhalinin cibinə və büdcəsinə zərər vurur. İnflyasiyanı cilovlamaq da hələ baş tutmur. Ona görə də vətəndaşlar supermarketlərdə hər gün yeni qiymətlərlə üz-üzə qalırlar».

Yazıda vurğulanır ki, süni şəkildə də olsa, dolların manata nisbətdə məzənnəsi sabitdir, dünya iqtisadiyyatında da kataklizmlər yoxdur. Amma bununla belə, ölkədə qiymət bahalanması dayanmır.

İqtisadçı Natiq Cəfərli hesab edir ki, qiymətlərin aşağı salınmasından ötrü bəzi idxal mallarına aid gömrük rüsumları ləğv olunmalıdır: «Bu vasitə ilə idxal mallarının və xüsusilə Azərbaycanda baha olan dərman preparatlarının qiymətlərini aşağı salmaq olar».

N.Cəfərli deyib ki, bir sıra postsovet ölkələriylə müqayisədə Azərbaycanda dərmanların qiymətlərinin bir neçə dəfə baha olması aşkardır.

İqtisadçıya görə, qiymətlərin aşağı salınmasından ötrü daha bir səmərəli metod indiki kimi mərkəzləşdirilmiş gəlir vergisi yox, müxtəlif məhsullara differensiallaşdırılmış vergi tətbiq etməkdir.

Başqa bir ekspert Seyfəl Əliyev isə deyib ki, hökumət idxal əvəzləyici vasitələrlə qiymətləri aşağı salacağını bildirirdi, amma bunun nəticəsi görünmür.

Dollar/Manat
Dollar/Manat

«Manata təzyiqlər arta bilər»

«Yeni Müsavat» qəzetində «Vüqar Bayramov: Mərkəzi Bank məzənnə siyasətinə yenidən baxmalıdır» sərlövhəli yazı oxumaq olar edir.

Yazıda manatın gələcək taleyi iqtisadçı Vüqar Bayramov ilə təhlil edilib.

Yazıda bildirilir ki, Azərbaycanın əsas ticarət tərəfdaşları olan Rusiya və Türkiyənin milli valyutaları dollara nisbətdə kəskin dəyər itirib.

«Bəs görəsən, Azərbaycan üçün iqtisadi baxımdan əhəmiyyətli olan bu iki ölkədə dolların bahalaşması manatın məzənnəsinə necə təsir göstərəcək?» -deyə müəllif sual edir.

İqtisadçı V.Bayramov «Yeni Müsavat»a müsahibəsində bunun manata təzyiqi artıra biləcəyini istisna etməyib. O düşünür ki, ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) faiz dərəcələrini artıracağı ilə bağlı gözləntilər də Azərbaycan valyuta bazarına təsir edə bilər: «Bütün hallarda, manatın məzənnəsinin növbəti dövrlərdə necə dəyişməsi qlobal faktorlarla bağlı olacaq. Burada birmənalı şəkildə neftin dünya bazarındakı qiyməti önəmli olacaq».

İqtisadçı hesab edir ki, manatı gələcəkdə kəskin devalvasiyaya uğramaqdan sığortalamaqdan ötrü məzənnənin müəyyən interval daxilində dalğalanmasına şərait yaradılmalıdır: «Biz təklif edirik ki, Mərkəzi Bank (MB) üçün müəyyən bir interval olsun. MB-nin məzənnəni stabil olaraq 1.70 müəyyən etməsi, faktiki olaraq son 1 ildə bazarda məzənnə intervalının olmaması psixoloji baxımdan heç də arzuolunan deyil. Təbii ki, məzənnənin stabil olması yaxşı bir haldır. Ancaq müəyyən interval daxilində stabilləşməsinə və valyuta bazarının bunu uyğunlaşdırmasına çox ehtiyac var».

İ.Əliyev Cocuq Mərcanlıda. 2017
İ.Əliyev Cocuq Mərcanlıda. 2017

«Qayıdış»

«Azərbaycan» qəzetində «Qayıdışın ilk ünvanı» sərlövhəli yazıda iki il öncə Cəbrayıl rayonun Cocuq Mərcanlı kəndinin üzərindən təhlükənin götürülməsi dəyərləndirilir.

Yazıda bildirilir ki, iki il əvvəl Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qısa döyüşlər gedib, Cəbrayıl, Füzuli rayonları istiqamətində geniş ərazini nəzarətdə saxlayan Lələtəpə yüksəkliyi azad olunub.

Müəllif vurğulayıb ki, bununla da Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşamasına imkan yaranıb.

Müəllif daha sonra Cocuq Mərcanlının hazırkı vəziyyətindən bəhs edir: «Cocuq Mərcanlıda olduq. Bu bahar günlərində kənd yenidən qovuşduğu xoş növrağı, çal-çağırlı büsatıyla üzə gülürdü. Oyanan təbiət, zümrüd libasa bürünən çöl-çəmən, çiçəkləyən ağaclar sanki adamların çöhrəsində əks olunurdu. Xoş ovqat, yüksək əhvali-ruhiyyə təbəssüm yağan üzlərdə, sevinc dolu gözlərdə aydın görünürdü...».

Yazıda bildirilir ki, son illər dövlət başçısı Cocuq Mərcanlının bərpası ilə bağlı 4 fərman imzalayıb: «İlkin mərhələdə kənddə 10 hektar ərazidə geniş tikinti-bərpa və abadlıq-quruculuq işləri aparılıb. 50 fərdi yaşayış evi, 96 şagird yerlik məktəb, Şuşa məscidinə bənzəyən məscid, elektrik yarımstansiyası, hidrometeoroloji stansiya və s. tikilib, qaz, elektrik, içməli su, rabitə xətləri çəkilib. 9 kilometrlik məsafədə kəndə rahat asfalt yol gəlir...».

XS
SM
MD
LG