Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Sentyabr, çərşənbə, Bakı vaxtı 10:21

İ.Əliyev: 'Prezident Ruhaninin səfəri çox uğurlu keçib'


İ.Əliyev və H.Ruhani

«Prezident Ruhaninin Azərbaycana rəsmi səfəri çox uğurlu keçib. Səfərin çox gözəl nəticələri var».

AZƏRTAC-ın xəbərinə görə, bunu dövlət başçısı İlham Əliyev martın 29-da Bakıda keçirilən Azərbaycan-İran birgə biznes-forumunda deyib.

Azərbaycan prezidenti vurğulayıb ki, iki ölkə arasında əlaqələr ən yüksək səviyyədədir.

Dövlət başçısı deyib ki. siyasi əlaqələrin yüksək səviyyədə olması istənilən iqtisadi layihələrin də icrasına şərait yaradır: «Hesab edirik ki, ticarət əlaqələrinin indiki səviyyəsi bizim əlaqələrimizin səviyyəsini əks etdirmir. Ona görə də bu biznes forumda iştirak edən iş adamlarına tövsiyəm budur ki, daha da sıx əməkdaşlıq aparmalıyıq».

Nəqliyyat sahəsində əməkdaşlığa toxunan İ.Əliyev vurğulayıb ki, Astara-Rəşt dəmir yolunun, Şimal-Cənub nəqliyyat dəhlizinin fəaliyyətə tam başlaması yeni iş yerlərinin açılmasına, turizm imkanlarının genişlənməsinə səbəb olacaq.

İ.Əliyev Xəzər dənizindəki blokların işlənməsi haqqında iki ölkə arasında imzalanan anlaşma memorandumundan da danışıb. «Həllini gözləyən məsələlərdən biri də bank və maliyyə sektorlarındakı əməkdaşlıqdır», - o qeyd edib.

İran prezidenti Həsən Ruhani isə səhiyyə, əczaçılıq, bank sektoru, kənd təsərrüfatı, nəqliyyat, elektrik enerjisi, ticarət sahələrində əlaqələrin genişləndirilməsindən ötrü yaxşı potensialın olduğunu deyib.

Xatırlatma

Bu gün, martın 29-da Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan-İran biznes forumu keçirilib.

Prezidentlər İ.Əliyevlə H.Ruhani forum zamanı Neftçala Sənaye Məhəlləsində inşa olunan «Azərmaş» ASC və «Iran Khodro» şirkətinin birgə «Xəzər» avtomobil zavodunun açılışını bildirən düyməni basıblar.

İran prezidenti H.Ruhani dünən, martın 28-də Azərbaycana gəlib.

Səfər çərçivəsində İran və Azərbaycan prezidentləri arasında təkbətək və geniş tərkibdə görüşlər olub.

Daha sonra iki ölkə arasında əməkdaşlığa dair 10-a yaxın sənəd imzalanıb. Həmin sənədlər idman, turizm, səhiyyə, iqtisadiyyat, Xəzərdəki yataqların birgə işlənməsi və İranda Astara-Rəşt dəmir yolu hissəsinin tikintisinin maliyyələşdirilməsi məsələlərini əhatə edib.

Səfər başa çatıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG