Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:22

'Gənclər azalır' –Media icmalı


'Etibarlı adamın yoxdursa, kredit vermirlər'
Gözlə

No media source currently available

0:00 0:02:43 0:00

'Etibarlı adamın yoxdursa, kredit vermirlər'

Bölgələrə sərmayə yatırımı, banklara inamsızlıq, Azərbaycanda gənclərin sayında azalma və başqa məsələlər medianın aparıcı mövzularındandır...

«Bəzi banklar kredit verə bilmir»

«Exo» qəzetində «Azərbaycanda bankların çoxu hazırda kredit verə bilmir» sərlövhəli yazı oxumaq olar.

Müəllif bankların mövcud durumunu ekspert Əkrəm Həsənovla müzakirəyə çıxarıb.

«Azərbaycan banklarının çoxu hazırda kredit vermək gücündə deyil. Ona görə ki, əmanətlərin banklardan götürülməsi prosesi davam edir. Əmanət qoyanların sayı azalır, bank sisteminə etimadsızlıq isə hələ də qalır. Elə də böyük pul ehtiyatına malik olmayan bəzi banklar kredit almaq istəyənləri diqqətlə nəzərdən keçirir», - Ə.Həsənov ölkənin bank sistemindəki mövcud durumu qəzetə belə dəyərləndirib.

Ekspert deyib ki, qeyri-sabit iqtisadi durum biznesə də təsirsiz ötüşməyib: «Belə şəraitdə iş adamlarının da gəlirləri azalıb. Onların bəziləri kredit borclarını qaytarmaq gücündə deyil. Ona görə də hazırda bir neçə bank borc götürəni ciddi «tanıdıqdan» sonra kredit verir».

Ə.Həsənov vurğulayıb ki, belə bir fonda problemli kreditlər artmaqda davam edir: «Problemli kreditlərin artması bu ildən başlamayıb. Banklar üzrə daha təfərrüatlı hesabatlar tələb edildikdən sonra onların problemləri üzə çıxıb».

Ə.Həsənov bildirib ki, hazırda Azərbaycan banklarının əsas əmanətçiləri büdcə təşkilatları, bir də öz əməkdaşlarına maaşları nağdsız formada ödəyə bilməkdən ötrü pullarını banklarda saxlamağa məcbur olan özəl şirkətlərdir.

Ekspert deyib ki, banklarda fiziki şəxslərin əmanət payı son illərdə olduqca azalıb. Ə.Həsənovun vurğulamasına görə, indi çoxları pulunu «balış altında» saxlamağa üstünlük verir.

"Burda gənclər sürünürlər"
Gözlə

No media source currently available

0:00 0:02:34 0:00

«Əhali artır, gənclər azalır»

Azadliq.info saytında «Yaxın 5 ildə 15-29 yaşlılarda 320 min azalma gözlənilir» sərlövhəli yazı yer alır.

Yazıda iddia edilir ki, Azərbaycanda növbəti 5 ildə 15-29 yaşlarında olan gənclərin sayı kəskin azala bilər. Müəllifin fikrincə, bu göstərici hər kəsi narahat etməlidir: «Baş verənləri yalnız bacarıqsızlıq və naşılıqla izah etmək doğru olmazdı. Gizli niyyətlər, destruktiv fəaliyyətin konturları açıq şəkildə görünməkdədir. Bu ilin fevral ayından ölkədə iqtisadi fəal əhalinin sayı 1500 nəfər azalıb».

Müəllif hesab edir ki, bir aya görə bu, böyük itkidir. Yazıda vurğulanır ki, iqtisadi fəal əhalinin sayının azalması bu ilin fevral ayından özünü büruzə verib, amma əsas başlanğıc daha əvvəlki illərə gedir: «Pensiya yaş həddinin artırılması və bir sıra başqa xalturaları nəzərə almasaq, iqtisadi fəal əhalinin sıraları, əsasən, 10-14 yaş qrupuna daxil olan yeniyetmələrin hesabına təzələnir və genişlənir (əməkqabiliyyətli əhalinin aşağı yaş həddi 15-dir). 10-14 yaş qrupuna daxil olan yeniyetmələrin sayı isə 2002-ci ildən 2017-ci ilədək 35 faiz və ya 313 min nəfər azalıb, 622.4 min nəfərə düşüb».

Müəllifə görə, problem bununla bitmir. Yazıda vurğulanır ki, ötən 15 ildə əsası qoyulan bu mənfi tendensiya hər növbəti ilə sirayət edərək, daha yuxarı yaş qruplarında da ciddi fəsadlara yol açıb: «Bu səbəbdən 15-19 yaş qrupuna daxil olan gənclərin sayı 2007-2017-ci illərdə 281.7 min nəfər (29.8 faiz) azalaraq 663.6 min nəfərə, 20-24 yaş qrupuna daxil olan gənclərin sayı isə 2012-2017-ci illərdə 102.4 min nəfər (11 faiz) azalaraq 842.2 min nəfərə düşüb».

Müəllif iddia edir ki, növbəti 5 ildə 15-19 yaşlarında olan gənclərin sayı daha 41 min nəfər azalacaq.

Yazıda vurğulanır ki, 2022-ci ilə qədər 20-24 yaşlı gənclərin sayının 178.6 min, 25-29 yaşlarında olanların isə 100 min azalacağı gözlənir: «Deməli, 15-29 yaşlarında olan gənclərin sayı üzümüzə gələn 5 ildə daha 320 min nəfər və ya 15 faiz azalacaq».

Regionlarda camaatın ən böyük problemi nədir?
Gözlə

No media source currently available

0:00 0:01:28 0:00

Bölgələrə sərmayə yatırımı

«Azərbaycan» qəzeti «Bölgələrimiz investorlara cəlbedici olub» sərlövhəli yazıda Ağstafanın nümunəsində bölgələrə sərmayə yatırımı dəyərləndirilir.

Müəllif yazıb ki, artıq tarixə dönmüş 2017-ci ildə bəzi ölkələr müharibə, terror, daxili savaş və vətəndaş qarşıdurmasından əziyyət çəkib. Amma Azərbaycan belə hadisələrdən uzaq, tamam başqa müstəvidə inkişaf edib: «Dünya birliyində özünün layiqli yeri olan və Cənubi Qafqazın lideri statusunu daşıyan Azərbaycanda isə 2017-ci il yadda qalan hadisələrlə, xüsusilə iqtisadiyyatda qazanılan uğurlarla əlamətdar oldu».

Müəllif vurğulayıb ki, sahibkarlığa dövlət dəstəyinin artırılması və investisiya mühitinin yaxşılaşdırılması yönündə icra olunan islahatlar iqtisadiyyatın inkişafına təkan verib.

Yazıda iddia edilib ki, sosial-iqtisadi islahatlar sayəsində Ağstafada da həm məhsul istehsalı, həm tikinti-quraşdırma işlərinin həcmi, həm də orta aylıq əməkhaqqı artıb. Müəllifin qeyd etməsinə görə, son illər rayonda 10-larla sənaye müəssisəsi istifadəyə verilib ki, bunun da sayəsində əhalinin məşğulluq problemi həll edilib: «Sahibkarlığın dəstəklənməsi və bu istiqamətdə həyata keçirilən tədbirlər sayəsində 7 mindən artıq yeni iş yeri açılıb. Təkcə keçən il rayona 34.8 milyon manat özəl investisiya qoyulub ki, bunun da 25 milyon manatı xarici sərmayədir».

Yazıda bildirilib ki, bu investisiya hesabına Ağstafa Aqrar-Sənaye Kompleksi, çeşidləmə-qurutma, saxlama anbarı, dəyirman kompleksi, çörək və yarımfabrikatlar zavodu, makaron zavodu fəaliyyətə başlayıb.

XS
SM
MD
LG