Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Sentyabr, şənbə, Bakı vaxtı 17:35

'Hər kəs xoşbəxtlik düsturunu öz ölkəsində axtarmalıdır'-Media icmalı


Tikinti

İxrac coğrafiyasının genişlənməsi, mənzil tikintisi fırıldağının qurbanları və insanların xoşbəxtlik ardıyca Avropa ölkələrinə üz tutmaları medianın aparıcı mövzularındandır...

Tikinti fırıldağının qurbanları

«Exo» qəzetində «Azərbaycanda aldadılan payçıların problemi dövlətin problemidir?» sualı gündəmə daşınır.

Yazıda mənzil tikintisi sahəsində payçıların aldadılmaları mövzusu daşınmaz əmlak sahəsi üzrə ekspert Rəşad Əliyevlə müzakirə edilib.

Ekspert R.Əliyev aldadılmış payçıların problemini dövlət büdcəsi hesabına həll etməyi doğru saymır: «Amma dövlət tikintisi «dondurulmuş» yaşayış binalarının tikintisinin tamamlanmasına kömək edə bilər. Azərbaycanda bu sahədə aldatmaların sayı olduqca çoxdur. Burada iki aldadılmış payçı tipi var. Birinci, birbaşa fırıldaqçılara rast gələnlərdir. Bu halda, bir qayda olaraq, tikinti şirkəti müəyyən müddətə evlərin açarlarını payçılara verəcəyi adı ilə pulu alır və yoxa çıxırlar. İkinci tipi isə aldadılmış saymamaq da olar. Belədə şirkət maliyyə problemi ilə bağlı müflis olaraq tikintini qurtara bilmir».

R.Əliyevə görə, dövlətin əsas vəzifəsi belə aldadılmış payçılar ordusunun sayının artmasına imkan verməməkdir.

Ekspert vurğulayıb ki, dövlət əhalinin belə problemlərini öz üzərinə götürməməlidir. Onun fikrincə, belə hallar dövlət büdcəsinin boşalmasına səbəb olar: «Amma dövlət maliyyə problemi üzündən yaşayış binasını yarımçıq qoymuş tikinti şirkətlərinə kömək edə bilər. Belə halda şirkətin reputasiyası yoxlanılmalı, fəaliyyəti dövründə cinayət əsaslı hadisələrə yol verib-vermədiyi aşkar olunmalıdır».

R.Əliyev vurğulayıb ki, amma bir mənzilin bir neçə payçıya satılması kimi problemi də gözardı etmək olmaz.

Miqrasiya
Miqrasiya

«Xoşbəxtlik düsturunu Avropada axtaranlar...»

Azadliq.info saytında «Getmək və suyu daşırmadan içəri keçmək…» sərlövhəli yazı oxumaq olar.

Yazıda son illər Azərbaycanda yaşayan bir çox insanların xoşbəxtlik ardıyca Avropa ölkələrinə köç etmələrinin səbəb və nəticələri təhlil edilir.

Müəllifin iddiasına görə, son illər təkcə Almaniyadan minlərlə Azərbaycan vətəndaşı sığınacaq istəyib: «İndi hərənizin çevrəsində böyük xəyallar arxasınca bu ölkəyə üz tutmuş bir tanışınız vardır, əlbət. Burda hər yerdən əli üzülmüş, haqqını tələb etməyə, dirənməyə, mübarizə aparmağa da tənbəllik edən insanlar baş alıb gedir o xoşbəxt Avropa ölkəsinə tərəf. Bu ölkə indi mühacirət həyatı seçən Azərbaycan insanı üçün lap şaman sığınacağına dönüb. O şaman sığınacağına ki, ora da hər yoldan ötəni almırlar, qapıda saxlayıb uzun-uzun sorğu-suala çəkirlər, imtahan edirlər. Bu imtahandan keçməyəni qapıdan geri çevirmək, ortada qoymaq da var».

Yazıda bildirilir ki, Almaniya Suriyadan, Əfqanıstandan, İraqdan axın edən qaçqınlarla doludur. İndi onların sırasına Azərbaycandan gedən mühacirlər də qoşulur.

Müəllif hesab edir ki, son vaxtlar bu ölkədə oturum almaq istəyən insanların işi də getdikcə çətinləşir.

Yazıda vurğulanır ki, Azərbaycanın indiki vəziyyətinə baxanda gedənləri də qınamaq olmur: «Amma nə olursa-olsun, hər kəs xoşbəxtlik düsturunu öz ölkəsində axtarmalıdır, fikrimcə. Bizim asanlıqla qaçıb qonmaq istədiyimiz o xoşbəxt cəmiyyəti oradakı insanlar əziyyətlə, mübarizə ilə, dişlə-dırnaqla qurublar. Kimsə gözəl həyatı onlara göydən zənbillə endirməyib…».

İxrac
İxrac

«İxrac coğrafiyası genişlənir»

«Azərbaycan» qəzetində ««Made in Azerbaijan»- çeşid artır, ixrac coğrafiyası genişlənir» sərlövhəli yazı dərc edilib.

Müəllif yazıb ki, ölkədə iqtisadi islahatların prioritetlərindən biri ixracın genişləndirilməsi, «Made in Azerbaijan» brendi ilə qeyri-neft məhsullarının istehsal və ixracının təşviqidir: «Məhsullarımızın xarici bazarlarda təşviqinin daha da gücləndirilməsi üçün atılan praktik addımlar öz müsbət nəticəsini verir. Ötən il «Made in Azerbaijan» brendi ilə 3179 çeşiddə məhsulun ixracı bunu demək üçün əsasdır».

Müəllif İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin «İxrac icmalı»nın 2018-ci ilin fevral ayına olan növbəti sayına istinadən yazıb ki, bu ilin yanvar ayında qeyri-neft sektoru üzrə ixrac 123 milyon dollar olub .

Yazıda bildirilir ki, 2017-ci ilin eyni dövrü ilə müqayisədə bu ilin yanvar ayında qeyri-neft sektoru üzrə ixrac 1/3 həcmdə artıb. Ən çox qeyri-neft məhsulları isə (36.8 milyon dollar) Rusiya Federasiyasına ixrac edilib.

Yazıda vurğulanır ki, 2018-ci ilin yanvarında «Azərkosmos» ASC dünyanın 15 ölkəsinə peyk telekommunikasiya xidmətləri ixracından 423 min dollar qazanıb. «Azərkosmos» ASC yanvar ayında, əsasən, BƏƏ, Almaniya, Misir, Gürcüstan, Çin, Qırğızıstan, Kipr, CAR, Birləşmiş Krallıq, Ukrayna və başqa ölkələrə xidmət göstərib.

Müəllifi yazıb ki, ixrac sifarişləri də artır.

Günün bütün mövzuları

XS
SM
MD
LG