Keçid linkləri

2025, 14 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 21:52

'Meyvə-tərəvəz kəskin bahalaşıb'-Media icmalı


Meyvə
Meyvə

Novruz şənlikləri turistlərin gözü ilə, bəzi ərzaq məhsullarının idxalında artım, bayramdan sonra meyvə-tərəvəz və göyərtinin qiymətində kəskin bahalaşma medianın aparıcı mövzularındandır...

«Azərbaycan Argentinadan armud idxal edir»

«Exo» qəzetində «Azərbaycan özünü ərzaqla ancaq 60 faiz təmin edir» sərlövhəli yazı oxumaq olar.

Müəllif ölkənin ərzaq təminatını iqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirəyə çıxarıb.

«Hazırda Azərbaycan özünü cəmi 60 faiz ərzaqla təmin edə bilir. Rəsmi məlumatlara görə isə, bu daha çoxdur. Əgər inkişaf etmiş ölkələrlə müqayisə etsək, bu o qədər də yaxşı nəticə deyil. Amma bunu pis saymaq da olmaz. Nəzərə alınmalıdır ki, Azərbaycan kənd təsərrüfatı məhsullarını təkcə idxal etmir, həm də ixrac edir», - deyə ekspert qəzetə bildirib.

N.Cəfərliyə görə, idxal-ixrac sahəsində Azərbaycanın ən böyük problemi yararlı torpaqların azlığıdır: «Beləliklə, ixrac artanda ölkədə kənd təsərrüfatı məhsulları qıtlığı yaranır, qiymətlər dərhal bahalaşır. Hazırda Azərbaycan Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna və başqa ölkələrdən məhsul idxal edir. Azərbaycan Argentinadan armud idxal edir ki, bəzən yerli məhsullardan ucuz satılır. Belə məqamlar üzərində işləmək lazım gəlir, çünki bu yolverilməzdir».

Ekspert deyib ki, bir çox marketlərdə bir neçə adda Azərbaycan çayı satılır. Amma o, onları Azərbaycan məhsulları adlandırmağı düzgün saymır: «Yerli məhsulun müəyyən marka ilə istehsalı hələ o demək deyil ki, bütün xammal da ölkənindir. Bəzən məhsulun adından başqa, onu təşkil edən bütün tərkib, hətta qablaşdırılmasına sərf edilən qutu, yapışqanlar belə idxal məhsullarından ibarət olur. Dünyada elə ölkə yoxdur ki, özünü ərzaqla tam təmin etmiş olsun və Azərbaycan da bu mənada istisna deyil. Əgər ölkədə normal rəqabət və yaxşı biznes mühiti olsaydı, problem olmayacaqdı».

Yazıda bildirilir ki, rəsmi statistikaya görə, 2017-ci ildə ölkədə 6.58 milyard manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib. Bu, 2016-cı il ilə müqayisədə 4.2 faiz çoxdur. Ancaq bununla belə vurğulanıb ki, bəzi kənd təsərrüfatı məhsullarının idxalı artıb.

Bazar
Bazar

«8 manata xiyar, 7 manata pomidor olar?»

«Yeni Müsavat» qəzetində «Bayramdan sonra bazarda qıtlıq yaşanır, bəzi məhsullar iki dəfə bahalaşdı» sərlövhəli yazı yer alır.

Yazıda bildirilir ki, Novruz bayramından sonra bazarlarda bəzi kənd təsərrüfatı məhsullarının qıtlığı yaranıb və kəskin qiymət bahalaşması müşahidə edilir.

Müəllif Bakının «8-ci kilometr bazarı»ndakı müşahidələrini bölüşür: «Bazarda xiyar-pomidorun da qiymətində kəskin bahalaşma müşahidə etdik. Bayramdan öncə 3-4 manata təklif olunan məhsullar bu gün 5-7 manata satılır. Hazırda xiyarın 1 kq-ı 8-12, bayramdan öncə 70 qəpiyə olan alma isə 1.50-2 manata qalxıb».

Yazıda vurğulandığına görə, satıcılar bunun səbəbini Novruz tətilləri ilə bağlı topdansatış obyektlərinin mal gətirməməsiylə izah edib: «Qıtlıq yarandığından qiymətlər də bahalaşıb. Alverçilərin başı bayrama qarışıb, istirahətə çəkiliblər. Gördüyünüz kimi, piştaxtaların çoxu boşdur. Bu səbəbdən də xiyar, pomidor, göyərti məhsulları kəskin bahalaşıb».

Yazıda satıcılara istinadən bildirilir ki, bazarda qıtlıq tətilin sonuna kimi davam edəcək. Yeni mallar bazara gətirildikdən sonra qiymətlərin stabilləşəcəyi gözlənir.

Yazıda vurğulanır ki, bazarda cəmi iki yerdə göyərti satışı həyata keçirilir. Əvvəllər 10 dəstəsi 1 manata təklif olunan göyərtinin indi dəfələrlə bahalaşdığı bildirilir. Alıcı Rəfiqə Məmmədova bazardakı bahalaşmadan belə gileylənib: «Novruz bayramı öncəsi bahalaşmanı başa düşdük, bəs indiki qiymət artımı nə deməkdir? İndi vəziyyət əksinədir, Novruzdan sonra qoz-fındıq ucuzlaşıb, meyvə-tərəvəz isə bahalaşıb. Sanki bütün satıcılar sözləşib, məhsullara standart qiymət qoyublar. 8 manata xiyar, 7 manata pomidor olar? Həmişə 70-80 qəpiyə aldığımız almalar 1.50-2 manat olub. Hansı satıcıdan bunun səbəbini soruşuramsa cavab verir ki, topdan baha satılır».

Bakıda bayram tonqalı
Bakıda bayram tonqalı

«Novruz coşqusu»

«Azərbaycan» qəzetində «Bakıda Novruz coşqusu» sərlövhəli yazı dərc edilib.

Müəllif yazır ki, bu il Azərbaycanda ilaxır çərşənbə Novruz bayramı ilə eyni günə təsadüf etdi. Sonuncu dəfə bu hal 17 il öncə, 2001-ci ildə baş vermişdi: «Novruz dünyanın ən qədim bayramlarından biridir. Hər il Azərbaycan xalqı bu bayrama böyük coşqu və sevinclə, həm də bir ay əvvəldən hazırlaşmağa başlayır. Belə ki, Novruzdan əvvəlki son dörd çərşənbəni Od, Su, Yel, Torpaq çərşənbələri adlandıran insanlar bu günləri bayrama çevirirlər».

Müəllif vurğulayır ki, Novruz bayramı bu il də Bakıda təntənə ilə qeyd olunub. Yazıda bildirilir ki, şənliklərdə xüsusilə də bədii və tarixi personajların iştirakı bayram ovqatını daha da artırıb.

Müəllif daha sonra da yazır ki, İrandan gələn turistlərlə söhbətləşib. Yazıda qeyd edildiyinə görə, İrandan gələn turistlər deyiblər ki, bu bayram Azərbaycanda daha coşqu ilə qarşılanır.

«Bakıya birinci dəfə, məhz Novruz bayramına görə gəlmişəm. Xalqınızın çox gözəl dəyərləri var. İnsanlar öz adət-ənənələrini, mədəniyyətlərini qoruyub saxlaya bilib, inkişaf etdirib. Gəldiyim gündən Azərbaycan mətbəxi ilə tanışam. Mətbəxinizin taamları çox dadlıdır. Bakı heyranedici və müasir şəhərdir. Onu da deyim ki, Azərbaycanda əsl Novruz bayramı keçirilir. Bu, çox maraqlı və yaddaqalandır», - turistlərdən biri vurğulayıb.

XS
SM
MD
LG