Martın 21-də Kabildə şiə məscidi qarşısında intiharçı hücumu törədilib, azı 26 nəfər öldürülüb, 18 nəfər yaralanıb. Məlumatı Əfqanıstanın Daxili İşlər Nazirliyi yayıb. Nazirlikdən Azad Əfqanıstan Radiosuna bildirilib ki, ölənlərin çoxu dinc sakinlərdir.
Hücum Kabildə Novruz şənlikləri keçirildiyi bir vaxtda törədilib.
İntiharçı Kart-e Sakhi məscidinə girmək istərkən polis onu aşkarlayıb. Bu səbəbdən partlayıcını məscidə girməmişdən partladıb.
Partlayış vaxtı adamlar məsciddən çıxırmışlar.
Bu məsciddə daha öncə də yaraqlı hücumları törədilib.
Hücuma görə məsuliyyəti İslam Dövləti (İŞİD) qruplaşması götürüb. Taliban və İŞİD yaraqlıları son aylar Kabildə hücumların sayını artırıblar.