Rusiyanın guya seçkilərə təsir göstərməyi hədəfləyən fəaliyyətinin dərhal təhqiq olunması və açıqlanmasını tələb edən Facebook rəsmisi avqustda şirkəti tərk edir. Media bu haqda martın 19-da yazıb.
The New York Times, Reuters və digər media orqanlarının yazmasına görə, Facebook-un baş informasiya təhlükəsizliyi rəsmisi Alex Stamos, sosial şəbəkənin dezinformasiyanın yayılmasında rolunun tənzimlənməsiylə bağlı narazılıq üzündən şirkətdən gedir.
Media yazır ki, Facebook dekabrda Stamos-un səlahiyyətində dəyişiklik edib, onun hökumətin sponsorluğuyla dezinformasiyanın önlənməsi məsuliyyətini alıb. Sonucda o, istefa vermək qərarına gəlib.
Stamos martın 19-da yazdığı tvitdə işdən gedəcəyini, şirkətdəki rolunun dəyişdiyini təsdiqləyib. Ancaq onu da əlavə edib ki, seçki təhlükəsizliyi ilə bağlı yeni vəzifələriylə tam məşğuldur.
The New York Times Facebook-un keçmiş və indiki işçilərinə istinadla yazıb ki, Stamos Rusiyanın bu platformada fəaliyyətinin açıqlanmasının tərəfdarı olub. Bu isə aparıcı rəsmiləri, eləcə də şirkətin icraçı direktoru Sheryl Sandberg-i karıxdırıb.
Qəzetin yazdığına görə, şirkət rəsmiləri Stamos-un avqustda da şirkətdə qalmağa dilə tutub, çünki onun getməsinin pis görünəcəyini düşünüblər, həm də varisi üçün keçid prosesini rahatlaşdırmaq istəyiblər.
Konqres üzvləri Facebook-u dezinformasiya yayılmasında Rusiyanın alətinə çevrilməkdə suçlayıb. 2016-cı ilin prezident kampaniyası zamanı Rusiyaya bağlı hesablardan ABŞ-da seçicilər arasında ziddiyyətlər yaratmağa cəhdlər olunduğu vurğulanır.