Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:11

İdxal 'ceyran belində'


İdxal
İdxal

Novruz bayramının xalqın həyatında rolu, bəzi kənd təsərrüfatı məhsullarının idxalında kəskin artım, sərmayə qoyuluşunun azalmaqda davam etməsi və başqa məsələlər medianın aparıcı mövzularındandır...

Bəzi ərzaq məhsullarının idxalı faizlə yox, dəfələrlə artıb...

«Novoye Vremya» qəzetində «İdxal rekord qırır» sərlövhəli yazı dərc edilib.

Yazıda bildirilir ki, məmur hesabatlarına baxmayaraq, bir çox kənd təsərrüfatı məhsullarının idxalı artmaqdadır.

Müəllifin iddiasına görə, Azərbaycanda təbii bal tapmaq mümkün deyil. Amma rəsmi bəyanatlarda bal istehsalının artdığı vurğulanır.

Ekspert Vahid Məhərrəmov deyib ki, daxili istehsal ölkənin bal tələbatını ödəyə bilmir: ​«Təqribi hesablamalara görə, ölkədə illik bal istehsalı 250 ton (Dövlət Statistika Komitəsinin məlumatına görə, 2017-ci ildə 3043.1 ton bal istehsal olunub. 2016-cı ildə isə bundan az olub -AR) təşkil edir. Bu isə tələbatı qismən ödəməyə belə yetərli deyil. Elə bu da balçılıqda kütləvi möhtəkirliyin əsasını təşkil edir. Başqa sözlə, fermerlər yaranan boşluğu saxta məhsullarla doldurmaq yolu tuturlar».

Müəllif vurğulayıb ki, Türkiyə və Gürcüstanda daxili bal istehsalı ilə adambaşına 1.5-1.7 kiloqram məhsul düşürsə, Azərbaycanda bu, 266 qrama bərabərdir. Yazıda qeyd edildiyinə görə, daxili istehsal tələbatın ancaq 20 faizini ödəyə bilir.

Müəllif vurğulayıb ki, ölkədə kənd təsərrüfatı məhsulları bolluğu yaranması haqda bəyanatlar keçən il regionların sosial-iqtisadi inkişafı ilə bağlı hökumət iclasında da səslənib: ​«Amma idxalın artımı bu sahənin acınacaqlı halda olduğunu göstərir. Dövlət Gömrük Komitəsinin göstəriciləri ərzaq və xüsusilə buğda idxalının sürətlə artdığına şahidlik edir».

Yazıda bildirilir ki, 2002-ci ildə buğda idxalı 657.2 min ton səviyyəsində olub. Son 14 ildə isə bu rəqəm 2.4 dəfə artaraq 1 milyon 599.6 min tona çatıb.

Yazıda V.Məhərrəmova istinadən vurğulanır ki, son illər bir çox ərzaq məhsullarınin idxalı faizlə yox, dəfələrlə artıb.

Nemət Əliyev
Nemət Əliyev

«Tənəzzül ili»

Azadliq.info saytında «Ölkə iqtisadiyyatına yatırımlar 381 milyon manat azalıb» sərlövhəli yazı yer alır.

Ekspert Nemət Əliyev ölkə iqtisadiyyatına sərmayə qoyuluşundakı vəziyyəti təhlil edib

N.Əliyev iddia edib ki, bu sahədə geriləmə aradan qaldırılmayacaqsa, 2018-ci il ölkə tarixinə «tənəzzül ili» kimi düşəcək.

Ekspert deyib ki, ölkədə əlverişli investisiya mühitinin olması haqqında çox danışılsa da, faktlar tamam fərqli nəticələr ortaya çıxarıb: «Bu ilin yanvar-fevral aylarında iqtisadi vəziyyət daha da pisləşib. Dövlət Statistika Komitəsinin (DSK) açıqladığı məlumatlardan məlum olub ki, ölkə iqtisadiyyatına yönələn sərmayələr ötən ilə nəzərən bu il daha 18.2 faiz azalıb (müqayisəli qiymətlərlə). Kredit qoyuluşlarının səviyyəsi 30 faizdən çox enib».

N.Əliyev hesab edir ki, Azərbaycandan ötrü bu, çox böyük itkidir və, ən başlıcası, belə şəraitdə iqtisadi artım haqqında irəli sürülən iddiaların heç bir əsası yoxdur.

Ekspert vurğulayıb ki, iqtisadiyyata qoyulan sərmayələri müəssisə və təşkilatlar 28, banklar 22, büdcədənkənar fondlar isə 43 faiz azaldıb.

N.Əliyevin fikrincə, belə məlum olur ki, ölkədə əlverişli investisiya mühitinin yaradılması haqqında rəsmilərin danışdıqları yalnız söz-söhbətdir.

Ekspert hökuməti söz-söhbəti kənara atıb, əməli işlərə keçməyə dəvət edib.

Bakıda Novruz şənliyi
Bakıda Novruz şənliyi

Novruz bayramı

«Azərbaycan» qəzetində «Xalqın əziz bayramı» sərlövhəli yazıda Novruz bayramının Azərbaycan xalqının tarixində və çağdaş həyatındakı rolu dəyərləndirilir.

Müəllif yazıb ki, Azərbaycanda milli bayram kimi qeyd olunan Novruz xalqın mənəvi-əxlaqi duyğularını təcəssüm etdirir, özündə zəhmətsevərlik və xeyirxahlığı birləşdirir.

Müəllifin fikrincə, Novruz ənənələri Azərbaycanı qədim sivilizasiyanın mərkəzlərindən biri kimi tanıdan dəyərlər sırasındadır: «Müasir qloballaşma dövründə elmi-texniki tərəqqinin sürətli inkişafı real həyatda misilsiz nailiyyətlərə, mütərəqqi dəyişikliklərə yol açsa da, bu prosesin mədəni irsə, ənənələrə müəyyən təhlükə meylləri də özünü qabarıq şəkildə göstərir. Tarixdən məlumdur ki, hər hansı milləti asılı, məsum vəziyyətinə salmaq üçün ona keçmişini, milli ənənələrini unutdurmaq, yaxud da kökündən, soyundan uzaqlaşdırmaq yetərlidir».

Yazıda bildirilir ki, milli müstəqillik qazanıldıqdan sonra Novruz bayramı dövlət səviyyəsində qeyd olunmağa başlanıb. Daha sonra isə Novruzu UNESCO bəşəriyyətin mədəni irs nümunələri siyahısına daxil edib: «Azərbaycanın təşəbbüsü ilə 2010-cu ildə BMT-nin 21 martı Beynəlxalq Novruz Günü elan etməsi bu bayramın bəşəri miqyasda roluna yüksək önəm verildiyinə dəlalət edir. Sürətlə dəyişən dünyamızda qloballaşma proseslərinin geniş vüsət aldığı bir zamanda Novruz daşıdığı bütün məna və rəmzləri ilə yurdumuzun tarixi-mədəni irsə son dərəcə bağlı olduğunu parlaq nümayiş etdirir».

XS
SM
MD
LG