Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Noyabr, bazar, Bakı vaxtı 03:23

Bakı polisinin məsul şəxsinin oğluna 6 il həbs verildi


Bakı Ağır Cinayətlər Məhkəməsi

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri, «Polis» qəzetinin baş redaktoru Qalib Rəhimovun (Qalib Arif) oğlu Arif Rəhimov 6 il azadlıqdan məhrum edilib. Martın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində bu haqda hökm çıxarılıb. 19-yaşlı A.Rəhimov atasının maşını ilə iki nəfərin ölümü, üç nəfərin xəsarət almasına səbəb olan yol qəzası törətməkdə təqsirli bilinib.

Qalib Rəhimov özü də oğlu barədə cinayət işində zərərçəkmiş qismində tanınıb. İstintaq belə nəticəyə gəlib ki, qəzanı oğlu törətsə də, ona məxsus avtomobil əzildiyinə görə o da zərərçəkəndir. Amma Q.Rəhimov özünü zərərçəkən hesab eləmir. Məhkəmədə oğluna hökm oxunmamışdan əvvəl zərərçəkmiş qismində ona söz veriləndə də belə deyib: «Bir işdir də olub... Təqsirləndirilən mənim oğlumdur. Ölən şəxslərə də Allah rəhmət eləsin. Qarşı tərəflə dəfələrlə razılığa gəlmək istəsək də, təəssüf ki, alınmadı. Sizdən də ədalətli hökm verməyinizi istəyirəm».

A.Rəhimovun vəkili isə müvəkkilinə mümkün qədər yüngül cəza verilməsini xahiş edib.

İttihama görə, 19-yaşlı A.Rəhimov Bakı-Ələt yolunda idarə etdiyi «Subaru» markalı maşını öncə yol kənarında dayan «Toyota Prado»ya vurub. Bundan sonra idarəetməni itirib və maşını hərəkətdə olan «Opel»ə çırpıb. Nəticədə «Opel»in sürücüsü Füzuli Məmiyev və həmin maşında olan üç sərnişindən biri – Kamal Məmmədov elə hadisə yerində dünyasını dəyişib. Digər sərnişinlər isə yaralanıb. Maşın elə vəziyyətə düşüb ki, meyitləri Fövqəladə Hallar Nazirliyinin işçiləri gəlib çıxarıblar.

Hadisə vaxtı BDU-nun Jurnalistika fakültəsinin birinci kurs tələbəsi olan A.Rəhimov özü də yaralanıb. O, məhkəmədə özünü qismən təqsirli bilib. Təqsirləndirilən şəxs atasının avtomobilini etibarnaməsiz idarə etməsi haqda ittihamla razılaşmayıb. Bildirib ki, etibarnamə olub, amma hadisə baş verdiyi dövrdə müddəti bitmişdi.

Multimedia

XS
SM
MD
LG