Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 09:17

'Cümhuriyyətin baş naziri və indiki icra başçısı...'-Media icmalı


Tağı Nağıyev, Məmməd Əli Rəsulzadə, Məhəmməd Əmin Rəsulzadə, Mirzə Məmməd Axundov, Nəsib bəy Yusifbəyli, Kərbalayi Vəli Mikayılov, Abbasqulu Kazımzadə
Tağı Nağıyev, Məmməd Əli Rəsulzadə, Məhəmməd Əmin Rəsulzadə, Mirzə Məmməd Axundov, Nəsib bəy Yusifbəyli, Kərbalayi Vəli Mikayılov, Abbasqulu Kazımzadə

Ölkənin sosial-iqtisadi inkişafı, Azərbaycan Xalq Cümhuriyyətinin rəhbər simalarının indiki məmurlarla müqayisəsi, banka borcu olan vətəndaşların üzləşdiyi təzyiqlər və bu kimi məsələlər medianın aparıcı mövzularındandır...

«Nə yazıq ki...»

Azadliq.info saytında «Cümhuriyyət qurucuları ölkənin bugünkü inkişafını görsəydilər…» sərlövhəli yazı oxumaq olar.

Müəllif hesab edir ki, iqtidar bu il 100 illik yubileyi olacaq Azərbaycan Xalq Cümhuriyyətinə (AXC) və onun dəyərlərinə münasibətdə qeyri-səmimidir: «Nə yazıq ki, bu tarix YAP hakimiyyətinin vaxtına düşdü…».

Müəllif vurğulayıb ki, hakimiyyət yeri düşdükcə, cümhuriyyətçiləri torpaq güzəştə getməkdə ittiham edir, işlərinə yaradıqda isə onlarla qürur duymağı da unutmurlar.

Yazıda bu mənada martın 15-də Bakıda işə başlayan VI Bakı Qlobal Forumunda prezident İlham Əliyevin çıxışından sitat da gətirilir: «Onlar müsəlman aləmində ilk demokratik respublika qurdular, bununla fəxr edirik…».

Müəllifin qeyd etməsinə görə, prezident həmin çıxışında deyib ki, xalq Cümhuriyyəti bir çox Avropa ölkələrindən qabaq qadınların səsvermə hüququnu təmin edib. Yazıda prezidentin məlum çıxışından daha bir sitat gətirilib: «Azərbaycan bu gün, sözün əsl mənasında, tam müstəqil ölkədir. Gələcəklə bağlı qarşımızda çox aydın planlar var. Azərbaycan Demokratik Respublikasının qurucuları ölkənin bugünkü inkişafını görsəydilər, qürur hissi keçirərdilər…».

Müəllif yazır ki, bütün beynəlxalq hesabatlarda qadına bəzi Avropa ölkələrindən də qabaq seçib-seçilmək hüququ verən Azərbaycanın adı dal sıralarda gəlir: «Məmurlarımız, istisnasız olaraq, rüşvət, korrupsiya bataqlığındadır. Cümhuriyyətçi, qurucu babamız Nəsib bəy Yusifbəyli baş nazir ola-ola dolanmaq üçün atasından pul istəyirdi. İndi istənilən sıradan bir icra başçısının, məmurun haram yolla qazandığı topdağıtmaz imperiyası var».

Pul
Pul

Banka borcu olanlara təzyiqlər

«Novoye Vremya» qəzetində «Pullarımızı qaytarın!- Kollektorlar bütün hədd-hüdudları aşırlar» sərlövhəli yazı yer alır.

Yazıda banklara borcu olan vətəndaşların qanunsuz incidilməsi ilə bağlı iddialar yer alır.

Müəllif hesab edir ki, 2018-ci ildə faktiki kollektorların fəaliyyətinə son qoyulmalı idi. Yazıda qeyd edildiyinə görə, bankların müştərilər barədə kollektorlara məlumat vermələri qanunla qadağan edilib. Üstəlik, vəkillik haqqında qanunvericiliyə dəyişiklikdən sonra artıq kollektorlar nümayəndə olaraq bankları məhkəmələrdə təmsil edə bilməzlər.

Yazıda vurğulanır ki, məsələ heç də qanunda yazılan qədər asan deyil. Müəllifin bildirməsinə görə, indi bəzi kollektorlar özlərinə işçi cəlb edir.

Yazıda iddia edilir ki, bəzi hallarda kollektorlardan banklar birbaşa müştəriyə qanunsuz təzyiq mexanizmi kimi istifadə edirlər.

Müəllifin yazmasına görə, bu kollektorlarda çalışanların əksəriyyəti vaxtilə hüquq-mühafizə orqanlarında işləmiş şəxslərdir: «Kollektorlar borcları ən ağıla gəlməyən üsullarla almaq istəyirlər. Özlərini dövlət institutu kimi təqdim edirlər».

Ekspert Əkrəm Həsənov qəzetə deyib ki, belə hallarla bağlı faktlar Ədliyyə Nazirliyinə təqdim ediləcək. «Bankların kollektorlardan istifadə etməsi qanunsuzdur, çünki məhkəmələrdə nümayəndənin qurumu təmsil etməsi qanunla qadağan edilib. Amma banklar bunu «köhnə iş» kimi qələmə verərək, təzyiq mexanizmi kimi istifadə edirlər», - ekspert bildirib.

Məcburi köçkünlər üçün salınmış şəhərcik
Məcburi köçkünlər üçün salınmış şəhərcik

Şəhərlərə çevrilən qəsəbələr

«Azərbaycan» qəzetində «Kəndlərimiz qəsəbəyə, qəsəbələrimiz şəhərə çevrilir» sərlövhəli yazı dərc edilib.

Müəllif yazıb ki, Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı hər bir vətəndaşın, o cümlədən qaçqın və məcburi köçkünlərin maddi rifah halının günbəgün yaxşılaşmasına təkan verir.

Yazıda bildirilir ki, sosial müdafiəyə ən çox ehtiyacı olanlar qaçqın və məcburi köçkünlər olduğundan dövlət ilk növbədə onların sosial ehtiyaclarını ödəməkdən ötrü bütün imkanlardan istifadə edir. Müəllif xatırladır ki, bu məqsədlə 2003-2017-ci illərdə dövlət başçısı 55 fərman və sərəncam imzalayıb: «Məcburi köçkünlərin mənzil problemlərinin həlli ilə bağlı indiyədək 3.2 milyon kvadratmetr yaşayış sahəsi olan 97 qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri tikilib. 50 mindən çox ailə və ya 250 mindən çox qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb. Bütün bunlar üçün 2.3 milyard manat vəsaitdən istifadə olunub».

Yazıda bildirilir ki, 2018-ci ildə ən azı 20 min köçkün yeni evlərə, mənzillərə köçürülməlidir.

Müəllifin fikrincə, son illər məcburi köçkünlərin məşğulluq problemləri də diqqət mərkəzində saxlanıb. Yazıda vurğulanır ki, bu məqsədlə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu 24 min nəfərə 14.8 milyon manat mikrokredit verib. Üstəlik, daha 2 min köçkün Sahibkarlığa Kömək Milli Fondundan 40 milyon manat güzəştli kredit alıb.

XS
SM
MD
LG