Bakı Qlobal Forumunun mahiyyəti, elektrik enerjisi istehsalında mənfi göstəricilər, bayram tətilində vətəndaşların istirahət qayğıları və bu kimi məsələlər medianın aparıcı mövzularındandır...
Novruz tətili
«Exo» qəzetində «Bayramlar və Azərbaycan vətəndaşlarının kasıbyana istirahəti» sərlövhəli yazı oxumaq olar.
Yazıda bildirilir ki, Novruz tətillinə az qalıb. Müəllif bu səbəbdən «istirahətə hara gedək» sualı ilə ekspertlərlə üz tutub.
Yazıda vurğulanır ki, vətəndaşların büdcəsi turist səfərlərinə uyğun deyil. «Son illərin müşahidələri göstərir ki, Azərbaycan vətəndaşlarının Novruz tətillərində xaricə getmə statistikasında azalma var. Daha çox ölkənin regionlarında dincəlməyə üstünlük verirlər. Bu hal son illərdə manatın devalvasiyasından irəli gələrək səyahət xərclərinin azı iki dəfə bahalanması ilə bağlıdır. Ölkənin regionlarında istirahətə gəlincə, bu istiqamətdə təklif artıb. Amma qiymətlər həddən artıq bahadır və bir çox vətəndaşların cibinə uyğun deyil», - deyə Azərbaycan Turizm Universitetinin professoru Bahadur Bilalov qəzetə bildirib.
Başqa bir ekspert Nəriman Ağayev də deyib ki, Novruz tətillərində Bakı sakinlərinin 30 faizə qədəri ölkənin bölgələrinə üz tutur: «Kimin bağ evi varsa, bayramı orada keçirəcək, kim isə vəsaiti olmaması üzündən evdə olacaq. İstirahət hətta ölkənin içində belə bahadır. 3-4 nəfərlik ailənin ölkə daxilində bir neçə günlük istirahəti 2 min manata başa gələcək. Ümumiyyətlə isə, bir çox məşhur istirahət məkanlarının, beşulduzlu otellərin müəyyən etdikləri qiymətlər göstərdikləri xidmətə uyğun deyil».
Müəllif hesab edir ki, qiymətlərin ucuzlaşması və seçim imkanlarının artırılması baxımından Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanda turizmin inkişafı ilə bağlı infrastrukturların gücləndirilməsinə diqqəti artırmalıdır.
Artan sərfiyyat, azalan istehsal
Azadliq.info saytında «Yanacaq israfçılığı ölkəyə 24 milyon manat ziyan vurub» sərlövhəli yazı yer alır.
Müəllif iddia edir ki, ölkədə elektrik enerjisi istehsalında sərfiyyatın artmasına baxmayaraq, istehsal azalıb: «Elektrik istehsalı sektorunda yanacaq israfçılığı 24 milyon manatı üstələyib. Hər 1 kVts elektrik enerjisinin istehsalında yanacaq sərfiyyatı 10.4 qram (3.6 faiz) artsa da, ölkə üzrə elektrik enerjisinin istehsalı 500 milyon kVts (2 faiz) azalıb».
Müəllif bildirir ki, bu rəqəmlər Energetika Nazirliyinin hesabatından götürülüb.
Yazıda qeyd edildiyinə görə, hesabatda bildirilir, 2017-ci ildə elektrik enerjisinin istehsalına 4 milyard 779 milyon kubmetr təbii qaz, 312 min ton mazut sərf olunub. Halbuki, 2016-cı ildə buna 4 milyard 352 milyon kubmetr təbii qaz, 599 min ton mazut sərf olunduğu bildirilir.
Müəllif vurğulayır ki, 2017-ci ildə mazut sərfiyyatı 287 min ton azalsa da, təbii qaz sərfiyyatı 427 milyon kub metr artıb: «Bu səbəbdən 2017-ci ildə ümumi sərfiyyat göstəricisi şərti yanacaq hesabı ilə 103 min ton artıb və 1 kVts elektrik enerjisinin istehsalına 296.1 qram (2016-cı ildə 285.7 qram) yanacaq sərf olunub. Hər 1 kVts-a yanacaq sərfiyyatı 2016-ci illə müqayisədə 10.4 qram və ya 3.6 faiz çoxalıb».
Müəllif daha sonra öz hesablamalarına keçir: «2017-ci ildə təbii qazın hər kubmetri xaricə orta hesabla 16 sentə ixrac olunub. Bu hesabla, 90 milyon kubmetr təbii qaz 14.4 milyon ABŞ dolları və ya 24.5 milyon manat deməkdir. Odur ki, yanacaq israfçılığının əmələ gətirdiyi zərərin məbləği 24.5 milyon manatdir».
Yazıda iddia olunur ki, energetika sektorunda belə hallar davamlı xarakter alıb. Müəllif hesab edir ki, bu sahədə israfçılığın ört-basdır edilməsindən ötrü yenidən Tarif Şurasına qiymətin bahalaşması ilə bağlı təklif verilə bilər.
Qlobal məkan
«Azərbaycan» qəzetində «Dünya yenidən Bakıda toplaşır» sərlövhəli yazıda bu gün, martın 15-də işə başlayan Qlobal Bakı Forumundan bəhs edilir. Yazıda Azərbaycan qlobal dialoqun ən mükəmməl platforması kimi dəyərləndirilir.
Müəllif yazıb ki, Azərbaycan bu keyfiyyətə malik olmasını neçə illərdir beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməklə təsdiqləyir: «Dünya humanitar forumu, sivilizasiyalararası dialoq forumu, müxtəlif idman yarışları və digər qlobal əhəmiyyətli tədbirlər Bakını beynəlxalq əməkdaşlığın əsas mərkəzlərindən birinə çevirib».
Müəllif hesab edir ki, belə forumların keçirilməsindən ötrü Azərbaycanın seçilməsi təsadüf deyil. Yazıda vurğulandığına görə, fərqli sivilizasiya və konfessiyaların əsrlər boyu dinc yanaşı mövcud olduğu Azərbaycan bu formatda nümunəvi məkandır: «Digər tərəfdən, xalqımızın qədim tarixi, zəngin mədəniyyəti, tolerantlığı barədə vaxtilə yetərincə məlumatı olmayan dünya dinamik inkişafın nəticəsi olaraq, Azərbaycanı ildən-ilə daha yaxından tanıyır və onun artan nüfuzunun şahidinə çevrilir».
Müəllif qeyd edib ki, Azərbaycanın son illərdə uğurla ev sahibliyi etdiyi beynəlxalq tədbirlərdən biri də Qlobal Bakı Forumudur.
Yazıda xatırladılır ki, 2013-cü ildən bu yana 5 forum keçirilib.
Müəllif bildirir ki, forumda dünyanı narahat edən etnik və başqa zəmində baş verən münaqişələr, terror təhdidləri, demokratiyanın inkişafı, təhsil, ekologiya, enerji təhlükəsizliyi, dinlərarası dialoq kimi qlobal problemlər müzakirə edilir: «Bütün bunlar göstərir ki, Qlobal Bakı Forumu dünyanın demək olar ki, bütün dövlətlərindən siyasətçiləri, diplomatları birləşdirən diskussiya və dialoq məkanıdır».