Keçid linkləri

Təcili xəbərlər
2018, 23 İyul, Bazar ertəsi, Bakı vaxtı 12:13

'Əhalidə 6 milyard dollar var, banklara qoymur'-Media icmalı


Dollar

İqtisadiyyatın inkişafında yol infrastrukturunun rolu, banklara etimadsızlıq, hökumət-cəmiyyət münasibətləri və başqa məsələlər medianın aparıcı mövzularındandır...

«Banklara inam yoxdur»

«Exo» qəzetində «Azərbaycan vətəndaşlarının əmanətlərini banklara necə qaytaraq?» sualı gündəmə daşınır.

Müəllif banklara etimad məsələsini ekspert Natiq Cəfərli ilə müzakirəyə çıxarıb.

Yazıda bildirilir ki, son illər ölkənin bank sistemindəki təlatümlərin nəticəsi olaraq, əhali pulunu, əsasən, «balış altında» saxlamağa üstünlük verir. Müəllifin fikrincə, bu hal əhalinin hələ də bank sektoruna inamının bərpa edilməməsinin əsas göstəricisidir.

«Vəziyyəti dəyişmək üçün banklar, heç olmasa, uzunmüddətli depozitlərə görə faizləri yüksəltməlidir. Bütün ölkələrdə banklar depozitləri əhali üçün cəlbedici şəkilə salırlar. Bu banklara da, əhaliyə də əlverişlidir. Devalvasiyaya qədər Azərbaycanda depozitlər üzrə faizlər dünyada yüksək səviyyələrdən birində idi. Sonra böhran, bankların problemi yarandı və o zaman çoxları, o cümlədən xaricilər də depozitlərini banklardan çəkdilər», - deyə N.Cəfərli qəzetə bildirib.

Ekspert hesab edir ki, hazırda ölkə banklarında depozitlərə görə aşağı faiz saxlanması risklərdən sığortalanmaq və məzənnənin dəyişə biləcəyi ehtimalı ilə bağlıdır: «Banklar necə qazanır? Depozitləri qəbul edir, kreditlər verirlər, son iki ildə isə kreditləşmənin səviyyəsi güclü şəkildə zəifləyib. Beynəlxalq qurumların hesablamalarına görə, hazırda ölkə vətəndaşlarının əlində 6 milyard dollar pul var ki, banklara qoymaqdan imtina edirlər».

Ekspert vurğulayıb ki, əhalinin banklardan kənar gəzməsinin bir səbəbi də qoyulan xarici valyutaya çox aşağı faizlərin verilməsidir. Onun fikrincə, son illər 10-dan çox bankın bağlanması da əhalidə bu sektora inamsızlıq yaradıb.

Bakıda Heydər Əliyevin portreti
Bakıda Heydər Əliyevin portreti

«Belə gəlib, belə gedəcək»

Azadliq.info saytında «Biz növbədə neçənciyik?» sərlövhəli yazı oxumaq olar.

Müəllif yazır ki, Azərbaycanda hökumət insanların həyatını bir növ «qəlib»ə salıb: «Ölkədə uzun illərdir ki, milyonlarla insanın vahid qəlibi var. Bu qəlib «onsuz da düzələn deyil», «belə gəlib, belə gedəcək», «rüşvət bizim qanımızdadır», «mən etiraz etməklə nə dəyişəcək» formasındadır».

Müəllifin fikrincə, belə bir şəraitdə hakimiyyət istədiyini də edə bilir: «Bizim ölkədə «bütün yollar Romaya aparır» deyimi populyar olmasa da, «bütün yollar hökumət dəhlizlərinə aparır» deyimi populyardır».

Yazıda vurğulanır ki, ölkənin ağır duruma düşməsi təsadüfi deyil. Müəllifin fikrincə, xalq özü belə bir şəraitin yaradılmasına imkan verib: «Hətta arzularımızın üstündən də xətt çəkiblər...».

Müəllif qarşıdan gələn növbədənkənar prezident seçkilərinə toxunaraq vurğulayıb ki, ölkəni bundan sonra «növbədənkənar» sürprizlər gözləyir: «Bunun ardınca növbədənkənar qiymət artımları, işsizlik, saxtakarlıq, hüquqsuzluq bizi əhatə edəcək. Biz xalq olaraq 25 ildir ki, növbəmizi bir qrup adama veririk».

Müəllif iddia edir ki, hökumət xalqı bütün növbələrdən ədalətsiz şəkildə qovub, ancaq saxta uğurlara tamaşa etməyə yönəldib: «Biz bayraq dirəyinin 165 metr olmasıyla təsəlli tapmışıq, amma unutmuşuq ki, ədalətin dirəyinin 1 santimetr olmadığı ölkədə bayrağın dirəyinin 165 metr olması uğur sayılmaz».

Yazıda pensiya və maaşlarda baş verən artımlar da özünəməxsus şəkildə dəyərləndirilir: «150 milyard neft pulunun növbəsindən çıxdıq, ona görə də 10 manatla «mükafatlandırıldıq». Demokratiya, azadlıqlar, şəffaflıq növbəsində əziyyət çəkmək istəmədik. Odur ki, ölkədən qaçmaq, aza qane olmaq məcburiyyəti yaşadıq...».

Maştağa-Bilgəh yolunun açılışı
Maştağa-Bilgəh yolunun açılışı

İqtisadiyyatın inkişafı

«Azərbaycan» qəzetində «Azərbaycanın iqtisadi potensialı qarşıya qoyulan məqsədlərə çatmağa imkan verir» sərlövhəli yazı dərc edilib.

Müəllif hesab edir ki, Azərbaycan sürətli və dinamik sosial-iqtisadi inkişafa nail olaraq özünəməxsus yeni modelin əsasını qoyub.

Yazıda iddia olunur ki, bunu ölkədə ümumi daxili məhsulun (ÜDM) artım tempi də göstərir: «Belə ki, artıq 2005-ci ildən üzü bəri Azərbaycanda ÜDM sıçrayışla inkişaf edib. Qısa bir zaman kəsimində əsas makroiqtisadi göstəricilərlə dünya ölkələrinin reytinq cədvəllərində nüfuzlu yerlərə sahib olub. III minilliyin birinci 10 illiyində adambaşına düşən ümumi daxili məhsul 7.5 dəfə artıb. Azərbaycanın bu uğurunu təmin edən amillərin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və sonrakı illər davam etdirilən inkişaf strategiyasının nəticəsidir».

Müəllifə görə, iqtisadiyyatın inkişafı, güclü dövlət olmaq və insanların rifah halını yaxşılaşdırmaq abad yolların salınmasından keçir.

Yazıda vurğulanır ki, son 15 ildə Azərbaycanda salınan, yenidən qurulan yollar təkcə iqtisadi inkişafa təkan verməyib, həm də ölkənin müasir imicini yaradıb: «İndi ən ucqar dağ kəndində belə, müasir yollardan keçib bir neçə saata paytaxta çatmaq olar. Ölkədə hər il yüz kilometrlərlə yeni yollar salınır, onlarca körpü tikilir. Təkcə ötən il 1300 kilometr uzunluğunda avtomobil yolu salınıb. Bu, çox böyük göstəricidir».

Günün bütün mövzuları

XS
SM
MD
LG