Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Noyabr, bazar, Bakı vaxtı 02:45

Londonda Berezovsky-nin dostunun ölümünü araşdırırlar


Nikolai Glushkov

Kremlin mərhum tənqidçisi ilə dostluq etmiş rusiyalı biznesmen Londonda dünyasını dəyişib. Vəkili Andrei Borovkov martın 13-də Rusiya mediasına deyib ki, Britaniyadan siyasi sığınacaq almış Nikolai Glushkov vəfat edib, ancaq ölümün nə zaman, hansı şəraitdə baş verməsindən xəbəri yoxdur.

Britaniya və Rusiya mediası 68 yaşlı Glushkov-un Londonun cənub-qərbindəki evində ölü tapıldığını yazır.

*** Buna da bax: Keçmiş casusu Rusiya 'zəhərləməyib'

London polisinin martın 13-də yaydığı bəyanata görə, bir gün öncə axşam Nyu Maldendəki evində tapılmış şəxsin ölümünün səbəbləri araşdırılır.

Glushkov 2013-cü ildə Londonda ölmüş rusiyalı oliqarx Boris Berezovsky-nin dostu idi. Polis Berezovsky-nin intihar etdiyini, yaxud öldürüldüyünü müəyyənləşdirə bilməyib. Glushkov 2013-cü ildə AzadlıqRadiosu-nun rus xidmətinə (Radio Svoboda) deyirdi ki, Berezovsky-nin intihar etməsinə inanmır.

London polisinin bildirməsinə görə, antiterror komandanlığı “ölən şəxsin əlaqələrini nəzərə alaraq” istintaqa rəhbərlik edir.

Bu ölümün martın 4-də Britaniyada keçmiş casus Sergei Skripal və qızının zəhərlənməsiylə bağlı olduğunu söyləməyə dəlil yoxdur, bəyanatda belə deyilir.

BRİTANİYADA ÖLƏN RUSİYALI MÜHACİRLƏR

Glushkov 1990-cı illərdə Aeroflot dövlət şirkəti və Berezovsky-nin LogoVAZ avtomobil şirkətində çalışıb. 1999-cu ildə ona çirkli pulyuma və dələduzluq ittihamları irəli sürülüb. Bundan öncə Berezovsky-nin Rusiya prezidenti Vladimir Putin-lə münasibətləri pozulmuş və o, Britaniyaya qaçmışdı. Glushkov beş il həbsdə yatır və 2004-cü ildə azad edilir.

Glushkov son illər Londonda yaşayırdı. O, Berezovsky-nin Kremlin dostu olan oliqarx Roman Abramovich-ə qarşı qaldırdığı məhkəmə iddiası üzrə 2011-ci ildə ifadə verib.

*** Buna da bax: Putinin keçmiş dostu indi Rusiyadan 6 milyard təzminat istəyir

Berezovsky və Glushkov-dan savayı son illər Britaniyada daha iki tanınmış rusiyalı mühacir – Aleksandr Litvinenko və Aleksandr Perepilichny də dünyasını dəyişib.

Britaniyada istintaq Litvinenko-nun ölümü arxasında Rusiya hökumətinin durması qənaətinə gəlib. Amma Rusiya bunu təkzib edib.

Rusiaylı oliqarx və Kremlin tənqidçisi Perepilichny 2009-cu ildə Britaniyadan sığınacaq istəyib və Rusiyada çirklik pulyuma sxemiylə bağlı İsveçrədə aparılan istintaqa kömək edib. O, 2012-ci ildə evinin yanında yıxılıb və dünyasını dəyişib. Britaniya polisi əvvəlcə onun ölümünün şübhəli olmadığını desə də, ötən il yenidən istintaqa başlayıb. Belə ki, yenidən aparılmış testlər onun qarnında yüksək zəhərli bitkinin izlərini aşkarlayıb.

XS
SM
MD
LG